Azərbaycan prezidenti İlham Əliyev bugünlərdə Qırğızıstanda, İssık-Kul gölünün sahilində açılışına qatıldığı otel ilə bağlı qalmaqal yaşanır. "Baku Resort&Spa" otelinin tikintisində iştirak edən şirkətin iddiasına görə, işini yerinə yetirsə də, pulunu ödəmirlər.
Bu beşulduzlu otelin açılışında Əliyevlə yanaşı, qırğız həmkarı Sadır Japarov, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçıları və onların xanımları da iştirak etmişdilər.
Otel Azərbaycan hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub. Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.
Sazişə görə, otelin idarəçiliyi 49 illik Azərbaycana verilib. Otelin Azərbaycanın dövlət büdcəsi hesabına tikildiyi məlum olsa da, açıq mənbələrdə dəqiq rəqəm açıqlanmayıb.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, mehmanxana kompleksinin təkcə eskiz layihəsinin hazırlanması üçün 2023-cü ildə "FLAX" şirkəti ilə 228 min 684 manatlıq müqavilə bağlanıb. Müqaviləni bağlayan tərəf – sifarişçi isə Prezidentin İşlər İdarəsi olub.
"Azərbaycan tərəfdən bu otelin tikintisini Prezidentin İşlər İdarəsi həyata keçirib – həm maliyyə, həm də təşkilati məsələlər baxımından. Təsadüfi deyil ki, otelin açılış mərasimində qonaq olan dövlət başçıları və onların xanımlarına mehmanxana barədə məlumatı da məhz Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə təqdim etdi", – mənbə bildirib.
1 milyon 117 min manatdan 335 min manat ödənib
"FLAX" MMC iddia edir ki, müqavilədə nəzərdə tutulmuş işləri təhvil verib, hətta sifarişçi tərəfin istəyi ilə ümumi kompleks layihəsinin bir neçə hissəsini təkrar işləyib. Təhvil-təslim aktı, hesab-faktura da daxil olmaqla, bütün sənədlər təqdim olunub. Amma indiyədək qarşı tərəf – Prezidentin İşlər İdarəsi pulları ödəmir.
Əsasən memarlıq və şəhərsalma sahəsində fəaliyyət göstərən, yaşayış və biznes binalarının layihələndirilməsi ilə məşğul olan "FLAX" MMC uzun müddətdir ki, dövlət qurumları, iri holdinqlərlə işləyir. İndiyədək Ağdamda Cümə məscidinin bərpasından tutmuş, Ağ şəhərdə çoxmərtəbəli binaların, Laçında, Zəngilanda otel komplekslərinin tikintisinə qədər müxtəlif layihələr bu şirkətə həvalə edilib.
AzadlıqRadiosunun əldə etdiyi başqa bir məlumata görə, "Zəngilan ailəvi istirahət kompleksi"nin tikintisi ilə bağlı da tərəflər arasında fikir ayrılığı yaranıb. Nəticədə həm Qırğızıstandakı, həm də Zəngilandakı otel layihələri ilə bağlı mübahisələr məhkəmə müstəvisinə daşınıb.
Məlumatda bildirilir ki, Zəngilandakı komplekslə bağlı 2023-cü ildə Prezidentin İşlər İdarəsi ilə "FLAX" MMC arasında müqavilə bağlanıb. İşlərin smeta dəyəri 1 milyon 117 min olub. Şirkət iddia edir ki, sifarişçi tərəf ilkin mərhələdə müqavilənin 30 faizini – 335 min manat ödəyib. Onlar da işi görməyə başlayıb, bir çox işlər görülüb. Sonradan qarşı tərəf layihə sənədlərində tez-tez dəyişikliklər edib, bu üzdən işlər yubadılıb. Bir qədər sonra isə şifahi şəkildə, ümumiyyətlə, əməkdaşlığın dayandırıldığı deyilib.
İddia təmin olunmayıb
"FLAX" MMC əməkdaşlıq dayandırılanadək görülən işlərin dəyərini hesablayıb və ödənilməsini tələb edib.
"Şirkət həm Qırğızıstandakı "Baku Resort&Spa" otelinə görə 228 min manat, həm də Zəngilandakı otel kompleksinə görə 382 min manat ödənilməsi tələbi ilə məhkəmədə Prezidentin İşlər İdarəsinə və Prezident Administrasiyasına qarşı iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib", – AzadlıqRadiosunun məlumatında bildirilir.
Məhkəmənin bu ilin iyununda çıxardığı qərarda bildirir ki, şirkət qarşı tərəfin həmin müqavilələr üzrə hər hansı öhdəliyinin yaranmasını sübut edə bilməyib.
"FLAX" MMC-nin təsisçi və direktoru Gülər Əmirahovadır. O, vaxtilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baş memar vəzifəsində çalışıb. G.Əmirahovanın iştirak etdiyi layihələr arasında Heydər Əliyev Mərkəzi, "Alov Qüllələri", "Sea Breeze" və başqa böyük layihələr də var.
Azərbaycanın Qırğızıstanda gerçəkləşdirdiyi layihələrlə bağlı ilk dəfə deyil ki, məhkəmə qalmaqalı yaşanır. Ötən ilin dekabrında AzadlıqRadiosu Qırğızıstan şirkətinin Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) qarşı məhkəmə iddiasından yazmışdı. "Meadi" MMC Bişkekdə Heydər Əliyev adına məktəbin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının tikintilərinə görə pulunu tam ala bilmədiyini bildirirdi. Həmin obyektlərin açılışında da prezident İ.Əliyev iştirak etmişdi.