'Elina işi'ndə direktorun həbsi tələb olundu
162 saylı orta məktəbin şagirdi, 13-yaşlı Elina Hacıyevanın intiharına görə məsuliyyətə cəlb edilən məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi sentyabrın 25-də davam etdirilib. Səbail Rayon Məhkəməsində keçirilən iclasa hakim Azər Tağıyev sədrlik edir.
Məhkəmədə zərərçəkmişin vəkili Emin İsayev təqsirləndirilən direktor haqqında ev dustaqlığı qərarının ləğvi, onun həbs olunması barədə vəsatət qaldırıb. Vəsatətini belə əsaslandırıb ki, S.Abbasova şahidlərlə məhkəmədən öncə danışıb, onların verəcəyi ifadələri yönləndirir: «Bu adam hələ məhkəmədə ifadə verməyib, amma çıxıb jurnalistlərə açıqlama verir, Elinanın ailəsini günahkar çıxarır. Bu da cəmiyyətdə narazılıq yaradır. İctimaiyyət onun həbs olunmasını istəyir. Məhkəmədə dindiriləcək müəllim və şagirdlərlə söhbətlər aparır. Sosial şəbəkələrdə bunu təsdiqləyən görüntülər də var».
Hakim vəsatəti təmin etməyib.
Zərərçəkmişin digər vəkili Sevinc Əliyevanın istəyi isə məhkəmə prosesinin audioyazısının aparılması olub: «Həkimlər dindiriləndə terminlərdən çox istifadə edəcəklər. Audioyazı olsa, gələcəkdə həm məhkəmə iclas katibi üçün daha rahat olar, həm də çıxışa hazırlaşanda bizim üçün...».
Bu vəsatət də təmin edilməyib.
Ardınca şahidlər dindirilib. Elinanın üçüncü mərtəbədən düşməsinin şahidi olan 14-yaşlı Oqtay Hacıyev deyib ki, özü ikinci mərtəbədə olub. Görüb ki, yuxarı mərtəbədən nəsə düşdü: «Pəncərənin qarşısında idim. Əvvəl elə bildim gödəkcədir, əyilib baxanda gördüm ki, qızdır. Tez həyətə qaçdım, məktəb yoldaşım Hüseynlə onu qaldırıb direktorun otağına apardıq».
«Mən kiməm ki...»
Direktorun katibəsi olmuş Nigar Məmmədova da dindirilib. Deyib ki, hadisə günü kimya müəllimi direktorun otağına gələrək, şagirdlərdən birinin məktəbdə pəncərədən yıxıldığını deyib: «Mənim övladlarım da o məktəbdə oxuyur, dərhal qaçdım ki, görüm nə məsələdir. Gördüm iki şagird Elinanı qucağında gətirir. Əvvəlcə onu tibb bacısının otağına apardıq, onun qapısı bağlı olduğuna görə direktorun kabinetinə gətirdik. Çünki məktəbdə ancaq bu iki otaqda divan vardı, orada uzatmaq olardı. Məktəb direktorunun müavini Elinadan soruşdu ki, «niyə belə elədin?». Elina «yuxuluyam, yadımda deyil, başa düşmürəm, dərman atmışam» kimi əlaqəsiz cümlələr deyirdi».
N.Məmmədovanın sözlərinə görə, az sonra məktəbə polis əməkdaşı, ardınca da Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova gəlib. Şahid təcili yardımın vaxtında çağrılmamasının səbəbi barədə zərərçəkən tərəfin ünvanladığı suala belə cavab verib: «Mən kiməm ki…».
Elinanı müayinə etmiş Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov da ifadə verib. Həmin gün işdə növbətçi olduğunu deyən həkimin sözlərinə görə, Elinanı qəbul şöbəsində daha iki həkimlə birlikdə müayinə ediblər. Ardınca o, ultrasəs müayinəsindən keçirilib, sistem köçürülüb: «İlkin rəyimiz belə oldu ki, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Amma ağciyərində ödəm vardı. Ona görə reanimasiyaya, konservatik müayinəyə aparılmalıydı».
Şahid həkimin sözlərinə görə, Elinanı reanimasiyada X.Bayramova görüb: «Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası ordaydı, yuxarı qalxanda içkili olduğuna görə dindirmə olmadı. Rəhbərlik məni çağırdı, dedilər ki, Xalidə xanımı yuxarı qaldırım. Mən də Xalidə xanımla reanimasiyaya getdik, orada Elinanı gördü».
Məhkəmə davam edir.
Məktəb yoldaşları nə deyir
Elinanın məktəb yoldaşı Aysel Murtuzayeva deyir ki, o, əsəbiləşəndə boğazını, əlini kəsirdi. Deməsinə görə, bir dəfə biologiya dərsində də boğazını kəsibmiş, həmin vaxt müəllimin başı jurnal yazmağa qarışdığına görə bunu görməyib:
"Deyirdi ki, özümü kəsəndə xoşuma gəlir. Bilirdim ki, mütəmadi dərman içir. Deyirdi ki, boy və əsəblərə görədi, amma təfərrüatlarını danışmırdı".
Ayselin sözlərinə görə, başqa sinfin şagirdləri onu geyiminə görə incidirdilər.
Başqa bir şagird Xədicə Mədətova da sinif yoldaşlarının Elinanın xətrinə dəydiyini söyləyib. Onun sözlərinə görə, Elina heç kimin ondan xoşu gəlmədiyini deyir, əvvəl təhsil aldığı məktəbə qayıtmaq istəyirdi.
"Məlumat verilməliydi"
Bakı Təhsil İdarəsinin daxili nəzarət sektorunun əməkdaşı Sərxan Rzayev də məhkəmədə dindirilib.
O deyib ki, hadisədən sonra məktəbin direktoru Sevinc Abbasova ona zəng eləyib, şagirdlərdən birinin yıxıldığını deyib:
"Dedi ki, görünən xəsarət yoxdur, tibb bacısı yardım göstərir. Sonra məlum oldu ki, yıxılmayıb, özünü üçüncü mərtəbədən atıb, dərman içib. Ona dedim ki, Təcili Yardıma xəbər verilsin. Mən özüm də Təhsil Nazirliyinə xəbər verdim. Sonra direktor mənə məlumat verdi ki, xəstəxanaya aparılıb, dərman zəhərlənməsi və çanaq sümüyü sınması diaqnozu qoyulub".
Elinanın bundan öncə də intihara cəhd etməsi barədə onlara heç bir məlumat verilmədiyini deyən şahid vurğulayıb ki, əslində isə verilməliydi:
"Təkcə bizə yox, həm də icra hakimiyyətinin yetkinlik yaşına çatmayanlarla iş komissiyasına..."
Ardınca məhkəmədə Kliniki Tibbi Mərkəzin həkimləri - Kompüter-Tomoqrafiya bölməsinin işçisi Məhəmməd Əmrahov, toksikoloq Faiq Süleymanov, reanimasiya şöbəsinin həkimi Vaqif Rəhimov, reanimotoloq Fazil Alıyev, uşaq cərrahiyyə şöbəsinin müdiri İlqar Haqverdiyev, həmçinin Təcili Tibbi Yardım stansiyasının həkimi Vaqif Mursaqulov şahid kimi dindirilib.
"Dedi ki, məni nə evdə istəyən var, nə məktəbdə"
"Çağırış gəldi, dedilər ki, məktəbdə uşağın vəziyyəti pisdi. Biz gedəndə divanda uzanmışdı. Dedi ki, axşam və səhər çoxlu ketatfen içib. Soruşdum ki, niyə belə elədin? Dedi ki, məni nə evdə istəyən var, nə də məktəbdə. Bildirdi ki, bundan əvvəl də intihara cəhd edib, ikinci dəfə on beş gündür intihar barədə düşünür. Dərman içdiyini dediyinə görə toksikologiyaya aparılmasını istədim", - Təcili Tibbi Yardım stansiyasının həkimi Vaqif Mursaqulov belə deyib.
Toksikoloq Faiq Süleymanov bildirib ki, Elina xəstəxanada ona axşam 30, səhər də 30 həb içdiyini desə də, inanmayıb. Çünki bu halda o, dərin yuxuda olmalıydı:
"Amma onda yüngül zəhərlənmə var idi. Mən müalicəni yazıb çıxdım. Qalan müalicə reanimasiyada aparılmalıydı".
Digər həkimlərin sözlərinə görə, xəstəxanada Elinanın daxili orqanlarının ilkin müayinəsi zamanı ağciyərdə ödəm (maye yığıntısı) aşkarlanıb.
Vaqif Rəhimov deyir ki, ağciyər ödəmi diaqnozu qoyulan xəstələrin təxminən 46 faizini xilas etmək mümkün olmur.
Ancaq reanimotoloq Fazil Alıyev deyir ki, həmin gecə onun növbəsində reanimasiyada saxlanılarkən Elinanın vəziyyəti stabil olub:
"Təzyiqi düşmüşdü 70-40-a. Daxili qanaxmadan şübhələnib UZİ-yə göndərdim. Heç nə göstərmədi, qarın boşluğu təmiz idi. Mənim növbəmdə prokurorluğa ifadə verib. Ertəsi gün səhər saat 9-da başqa həkimə təhvil vermişəm. Reanimasiya xəstəsi üçün vəziyyəti stabil idi. Əkrəm həkim səhər baxış keçirəndə dedi ki, bu dinamika ilə getsə, bir gün sonra palataya köçürülə bilər".
Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.
"Elina işi": Tibbi bacısı deyir ki, direktor onu təcili yardım çağırmağa qoymayıb
162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru Sevinc Abbasovanın mühakiməsi sentyabrın 27-də davam etdirilib.
Məhkəmədə iki şahid dindirilib - məktəbin tibb bacısı Ləman Nuriyeva və Elinanın dostu olmuş Ramin Rəhimov.
L.Nuriyeva ifadəsində deyib ki, hadisə günü dərhal təcili tibbi yardım çağrılmasını istəyib, amma onun dediklərinə əhəmiyyət verilməyib. Əksinə, direktor ondan kabinetindən çıxmağı tələb edib: «Həmin gün poliklinikaya gedirdim. Mənə zəng vurub yoldan qaytardılar, dedilər ki, belə hadisə baş verib. Mən direktorun otağına daxil olanda Elina divanda uzanmışdı. Açıq yara görmədim, təzyiqini ölçdüm, 70-60 idi. Dedim ki, təcili tibbi yardım çağırmaq lazımdır. Hamı susdu, əhəmiyyət verən olmadı. 15-20 dəqiqədən sonda təzyiq 60-50-yə düşmüşdü, 40-a doğru gedirdi, bədəni soyumağa başlamışdı. Bunun daxili qanaxma ilə bağlı olmasından şübhələndim. Yenə təcili tibbi yardım çağrılmasının lazım olduğunu dedim. Lakin direktor Sevinc Abbasova mənə dedi ki, «çıx otaqdan, get, öz kabinetinə, çölə də çıxma, təcili tibbi yardımı özüm çağıracağam».
Tibb bacısının sözlərinə görə, onu sonradan direktorun otağına çağıranda orada polisləri və Xalidə Bayramovanı görüb. Yenə Elinanın təzyiqini ölçüb, təxminən 10 dəqiqədən sonra təcili yardım gəlib.
L.Nuriyeva həmin vaxt Elina ilə aralarındakı söhbətdən də danışıb: «Elina dedi ki, heç nə hiss eləmir, huşu başında idi. Mənə dedilər ki, Elina dərman içib. Özü də dedi ki, «...» içmişəm, amma qədərini bilmirdi».
Şahid sualları cavablandıranda bir daha açıq şəkildə deyib ki, direktor ona təcili yardım çağırmağa icazə verməmişdi.
Digər şahid Ramin Rəhimov deyir ki, Elina ilə iki ay idi tanış idilər. Elina ona məktəbdəki münasibətdən şikayətlənib: «Elina deyirdi ki, onu məktəbdə incidirlər. Direktor və müavininə bu barədə məlumat verib, amma heç bir tədbir görülməyib».
Məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.
Keçmiş direktor Elinaya təcili yardımı gec çağırmasından danışır
162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova deyir ki, rəhbərlik etdiyi təhsil ocağında 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə əvvəl öِzünü qismən təqsirli bilirdi. Amma istintaqın sonunda cinayət işinin materiallarıyla tanış olandan sonra, ümumiyyətlə, özünü təqsirli bilmir.
«İstintaqın sonunda cinayət işinin materiallarıyla tanış olana qədər özümü qismən təqsirli bilirdim. Fikirləşirdim ki, necə ola bilər, necə olub, məktəbdə onu incidiblər, ona qarşı «bullinq» deyirlər, nə deyirlər (bullying - kollektiv üzvlərindən birinin, özəlliklə məktəbli və ya tələbəyə qarşı aqressiv təqib-red.), ondan olub, amma mənim xəbərim olmayıb? İş materiallarıyla tanış olanda gördüm ki, ona qarşı bu cür davrananların biri elə öz xalası qızı olub... Təcili yardımın gec çağrılması isə məndən asılı olmayan səbəblərdən baş verib - affekt vəziyyətdə olmuşam. Sırf sağlamlığıma görə gecikib, özümə gələn kimi çağırmışam. Mənə təsəlli verən də odur ki, məktəbdə ölməyib. Mənim onu gizlətmək, öldürmək niyyətim olmayıb», – S.Abbasova oktyabrın 2-də məhkəmədə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə bildirib. Davamı