Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 13:50

'Elina işi'. Yeniyetmənin ölümü necə araşdırılır (Xronologiya)

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

20:17 18.9.2019

Polislər və Elina Hacıyevanın yaxınları ifadə veriblər

Bu gün, sentyabrın 18-də, günün ikinci yarısında Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam edib. Zala yenə də bəzi jurnalistlər buraxılsa da, bir sıra ictimaiyyət nümayəndələri kənarda qalıblar.

Şahid qismində ifadə verən Səbail Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə İdarəsinin rəisi Əsəd Umumbayov bildirib ki, aprelin 4-də ona idarənin rəisi zəng vuraraq 162 nömrəli məktəbdə bədbəxt hadisə baş verdiyini və onun ora getməli olduğunu söyləyib.

Onun deməsinə görə, gələndə görüb ki, uşaq direktorun otağında divanda uzanıb, yanında 3-4 müəllim var. Əsəd Umumbayovun qeyd etməsinə görə, ona deyiblər ki, qız dərman içib:

“Məktəbin tibb bacısı da orda idi. Sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və valideynlər gəldi. Mən biləndə ki, uşağın yanında həkim yox, tibb bacısıdır, dedim ki təcili tibbi yardıma zəng vurulsun”.

Onun vurğulamasına görə, Xalidə Bayramova deyib ki, özü zəng vuracaq, çünki baş həkimi tanışıdır və belə daha tez olacaq.

Səbail Rayonun 8-ci Polis Bölməsindən Pərvanə Səfərova isə deyib ki, 162 saylı məktəbdə vaxtaşırı tədbirlərdə iştirak edib və Sevinc Abbasovanı (məktəbin direktoru) yaxşı tanıyır.

Onun da dediyinə görə, hadisə zamanı tədbirdə olub, lakin rəisin tapşırığı ilə məktəbə gedib:

“Çatanda gördük ki, qız divanda uzanıb, başı üstündə həkim var. Soruşanda dedilər ki, məktəbin tibb bacısıdır, uşağı müayinə etdi və ciddi xəsarət aşkar etmədi. Amma qızın təzyiqi düşdü. Biz təcili tibbi yardımı çağırmaq istəyəndə Xalidə xanım (icra başçısının müavini) dedi ki, artıq çağırıb”.

Onun vurğulamasına görə, direktor isə deyib ki, məktəb həkimi qızı artıq müayinə edib, başqa həkimə ehtiyac yoxdur:

“Mən Elinanın anasına və atasına hadisə barədə xəbər verdim...”

Pərvanə Səfərova həmçinin bildirib ki, məktəbdə əvvəllər də problemlər yaranıb və şikayətlər çox olub. “Şikayətləri valideynlər və məktəb direktoru edirdi”, deyə o qeyd edib.

Onun qeyd etməsinə görə, ötən ilin dekabrında Elina Hacıyevanın anası qızının hədələndiyini, şantaj edildiyini söyləyib, lakin o ifadə almağa başlarkən ərizəsini geri götürüb.

Elina Hacıyevanın xalası qızı Diana Hacıyeva isə ifadəsində deyib ki, onlar birgə 162 saylı məktəbə köçürülüblər. Onun deməsinə görə, bundan sonra uşaqlar onları incitməyə başlayıblar.

O ifadəsində bir neçə şəxsin adını da çəkib. Əlavə edib ki, buna görə, Elina Hacıyeva bir dəfə də intihara cəhd edib.

Diana Hacıyevanın sözlərinə görə, bütün bunlarla bağlı şikayətlərinin də təsiri olmayıb.

Digər xalası qızı Dinara Hacıyeva da uşaqların Elina Hacıyevanı incidib, təhqir etməsindən danışıb.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

13:33 19.9.2019

Elinadan sonrakı həyat...

14:31 19.9.2019

Məhkəmənin qapısına Elinanın şəkilləri vurulub

İntihar etdiyi bildirilən məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə istintaqı bugün, sentyabrın 19-da da Səbail rayon Məhkəməsində davam etməlidir.

Prosesin saat 14-00-da başlayacağı gözlənirdi. Hadisə yerində olan jurnalistlərin bildirməsinə görə, məhkəmə binasının qapısına etiraz əlaməti olaraq mərhum Elina Hacıyevanın şəkilləri vurulub.

19:50 19.9.2019

Psixoloq: ‘Elinanın vəziyyəti barədə direktora dəfələrlə demişdim’

Sentyabrın 19-da Səbail Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə şahidlər dindirilib.

Məktəb direktorunun təlim-tərbiyyə işləri üzrə müavini Tünzalə Mikayılova bildirib ki, hadisə günü (aprelin 4-də) işdə olub:

"Gördüm ki, üç oğlan Elinanı qucağına alıb məktəbin içinə apardı. Direktorun otağına girəndə gördüm ki, divanda uzanıb, sonra direktor mənə məktəbdə uşaqları sakitləşdirməyi tapşırdı".

O əvvəlcə hadisəni birinci müəllimlərdən, sonra isə uşaqlardan eşitdiyini söyləyib.

Hadisə zamanı məktəbdə psixoloq işləyən, sonra isə işdən çıxarılan Könül Ağayeva isə deyib ki, orada cəmi 5 ay işləyib və ondan əvvəl psixoloq vəzifəsi bir il yarım boş olub:

"Əvvəlki psixoloq rəhmətə getdi və mən işə başlayanda gördüm ki, uşaqların psixoloji vəziyyəti ilə bağlı heç bir sənəd yoxdu, halbuki, olmalı idi. Mənim heç otağım yox idi. Hər dəfə bu barədə direktora deyəndə, mənə "məndən otaq istəmə" cavab verirdi. Məcbur idim gah bufetdə, gah kitabxanada, ya da digər otaqlarda uşaqlarla danışam, onların problemləri ilə məşğul olam”.

O əlavə edib ki, bir neçə dəfə Elina Hacıyeva ilə söhbət edib:

"O saçlarına rəng qoymuşdu...O bir dəfə boğazını kəsməyə cəhd edəndən sonra mənə dedi ki, əvvəl oxuduğu 203 saylı məktəbə qayıtmaq istəyir, ordakı uşaqlar üçün darıxır. Mən onun vəziyyətini görürdüm və direktora demişdim ki, onun tələbi yerinə yetirilməlidir. Çünki, yenə intihara cəhd edə bilər”.

Psixoloqun dediyinə görə, lakin Elina Hacıyevanı 203 saylı məktəbdə qəbul etməkdən imtina ediblər:

“Bizim məktəbdə oxuduğu dövrdə bilikləri aşağı düşmüşdü. Boğazını kəsməyini mən təsadüfən eşitdim və direktorun otağında polis çağırılmasının vacibliyini dedim. Təraddüd etdilər...”

Psixoloqun sözlərinə görə, problemlər barədə direktora deyib, amma heç bir tədbir görülməyib:

“Direktora deyirdim Elinaya psixoloq yox psixiatr lazımdır".

Psixoloqun sözlərinə görə, məktəbin rəhbərliyi ona valideynlərlə birbaşa əlaqə saxlamağa da icazə verməyib.

Məktəbin şagirdlərindən isə bəziləri deyiblər ki, Elina Hacıyeva kənardan gələn uşaqların da təzyiqləri ilə üzləşib.

"Digər uşaqlar şikayət edəndə onları araşdırırdılar, Elinanın şikayətlərinə baxılmırdı. Çünki Elinanın anası polis çağırırdı. Məktəbə isə bu lazım deyildi" - deyə ifadələrin birində də qeyd edilib.

Kliniki Tibb Mərkəzinin psixoloq həkimi Aytən Namazova isə bildirib ki, xəstə Mərkəzə gətiriləndən sonra reanimasiyaya yerləşdirilib.

Onun deməsinə görə, intihar etməsinin səbəbini isə o, uşaqlarla probleminin olması ilə izah edib.

Məktəbin müəllimlərində biri isə deyib ki, Elina Hacıyeva onun dərsində həb qəbul edib, lakin o, bunu görməyib:

"Yalnız kameraya baxandan sonra bunu gördüm ..."

Proses sentyabrın 25-də davam edəcək.

Davamı

XS
SM
MD
LG