Polislər və Elina Hacıyevanın yaxınları ifadə veriblər
Bu gün, sentyabrın 18-də, günün ikinci yarısında Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi davam edib. Zala yenə də bəzi jurnalistlər buraxılsa da, bir sıra ictimaiyyət nümayəndələri kənarda qalıblar.
Şahid qismində ifadə verən Səbail Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə İdarəsinin rəisi Əsəd Umumbayov bildirib ki, aprelin 4-də ona idarənin rəisi zəng vuraraq 162 nömrəli məktəbdə bədbəxt hadisə baş verdiyini və onun ora getməli olduğunu söyləyib.
Onun deməsinə görə, gələndə görüb ki, uşaq direktorun otağında divanda uzanıb, yanında 3-4 müəllim var. Əsəd Umumbayovun qeyd etməsinə görə, ona deyiblər ki, qız dərman içib:
“Məktəbin tibb bacısı da orda idi. Sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və valideynlər gəldi. Mən biləndə ki, uşağın yanında həkim yox, tibb bacısıdır, dedim ki təcili tibbi yardıma zəng vurulsun”.
Onun vurğulamasına görə, Xalidə Bayramova deyib ki, özü zəng vuracaq, çünki baş həkimi tanışıdır və belə daha tez olacaq.
Səbail Rayonun 8-ci Polis Bölməsindən Pərvanə Səfərova isə deyib ki, 162 saylı məktəbdə vaxtaşırı tədbirlərdə iştirak edib və Sevinc Abbasovanı (məktəbin direktoru) yaxşı tanıyır.
Onun da dediyinə görə, hadisə zamanı tədbirdə olub, lakin rəisin tapşırığı ilə məktəbə gedib:
“Çatanda gördük ki, qız divanda uzanıb, başı üstündə həkim var. Soruşanda dedilər ki, məktəbin tibb bacısıdır, uşağı müayinə etdi və ciddi xəsarət aşkar etmədi. Amma qızın təzyiqi düşdü. Biz təcili tibbi yardımı çağırmaq istəyəndə Xalidə xanım (icra başçısının müavini) dedi ki, artıq çağırıb”.
Onun vurğulamasına görə, direktor isə deyib ki, məktəb həkimi qızı artıq müayinə edib, başqa həkimə ehtiyac yoxdur:
“Mən Elinanın anasına və atasına hadisə barədə xəbər verdim...”
Pərvanə Səfərova həmçinin bildirib ki, məktəbdə əvvəllər də problemlər yaranıb və şikayətlər çox olub. “Şikayətləri valideynlər və məktəb direktoru edirdi”, deyə o qeyd edib.
Onun qeyd etməsinə görə, ötən ilin dekabrında Elina Hacıyevanın anası qızının hədələndiyini, şantaj edildiyini söyləyib, lakin o ifadə almağa başlarkən ərizəsini geri götürüb.
Elina Hacıyevanın xalası qızı Diana Hacıyeva isə ifadəsində deyib ki, onlar birgə 162 saylı məktəbə köçürülüblər. Onun deməsinə görə, bundan sonra uşaqlar onları incitməyə başlayıblar.
O ifadəsində bir neçə şəxsin adını da çəkib. Əlavə edib ki, buna görə, Elina Hacıyeva bir dəfə də intihara cəhd edib.
Diana Hacıyevanın sözlərinə görə, bütün bunlarla bağlı şikayətlərinin də təsiri olmayıb.
Digər xalası qızı Dinara Hacıyeva da uşaqların Elina Hacıyevanı incidib, təhqir etməsindən danışıb.
Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.
Məhkəmənin önündə aksiya
İntihar etdiyi bildirilən məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı proses gedən vaxtı Səbail rayon Məhkəməsi önündə bir qrup jurnalistin aksiyası da olub. Onlar prosesə buraxılmamalarına etiraz ediblər.
Prosesin özündə zərərçəkənin yaxınları da bununla bağlı vəsatət veriblər və Ədliyyə Nazirliyinə məsələ ilə bağlı müraciət etdiklərini söyləyiblər. Onların da deməsinə görə, bu işə ictimaiyyətin marağı böyükdür, bütün jurnalistlər prosesə buraxılmalıdır. Hakim isə qeyd edib ki, məhkəmə zalının imkan verdiyi qədər prosesi izləməyə şərait yaradılıb.
İcra başçısı müavininin dedikləri
Prosesdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq Komissiyasının keçmiş sədri Xalidə Bayramova da ifadə verib.
O isə deyib ki, məktəb direktoru Sevinc Abbasova ilə münasibətləri yaxşı olub. Keçmiş müavinin vurğulamasına görə, aprelin 4-də S.Abbasovadan ona zəng gəlib, hadisə barədə danışıb. X.Bayramovanın sözlərinə görə, direktora deyib ki, dərhal polisə, təcili yardıma xəbər et.
O qeyd edib ki, özü də məktəbə gedib. Söyləməsinə görə, o zaman Elina, hələ, otaqda olub. Müavinin sözlərinə görə, ona deyiblər ki, Elina Hacıyeva məktəbin ikinci mərtəbəsindəki pəncərədən yıxılıb: «...Zəng etdim, təcili yardım gəldi, xəstəxanaya aparıldı».
X.Bayramovanın iddiasına görə, Elina onunla danışanda deyib ki, 30-a qədər həb qəbul edib, daha yaşamaq istəmir. Müavinin sözlərinə görə, bu üzdən Elina Hacıyevanı toksikoloji müayinəyə göndərmək istəyiblər, amma ağrılarına görə bu, mümkün olmayıb. Onun əlavə etməsinə görə, xəstəxanada həkimlər deyib ki, xəsarəti ağır deyil, ağciyərində yüngül xəsarət var.
Sonra da E.Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadə verib. Onun da ifadəsi Elina Hacıyevanın anasının ifadəsinə yaxın olub.
Daha sonra da Elinanın atalığı Seymur Hüseynov və atası Ədalət Hacıyev ifadə verərək bildiriblər ki, onlara uşağın xəsarətlərinin ağır olmadığı bildirilib.
Məhkəmə davam edir.
Elina Hacıyevanın anasının dedikləri
Daha sonra prosesdə Elina Hacıyevanın anası Sevil Hüseynova ifadə verib. O deyib ki, qızının problemləri həmin məktəbə gəldikdən sonra başlayıb, məktəb yoldaşlarının təzyiqlərinə, şantajlarına məruz qalıb: «Bu barədə 3-4 dəfə məktəbə gedərək məktəb direktoru Sevinc Abbasovaya bildirdim. Mənə dedi ki, bununla bağlı tədbir görəcək, amma hər hansı təsirli tədbir olmadı. Bunu ondan bilirəm ki, qızıma olan təzyiqlər davam edib».
S.Hüseynovanın sözlərinə görə, növbəti dəfə şikayətə gedəndə direktor əsəbilik göstərib: «Şikayətimizə cavab olaraq bizə «bir də mənim məktəbimə gəlməyin» dedi».
S.Hüseynovanın vurğulamasına görə, məktəbin bəzi şagirdləri Elina və rəfiqəsi barədə xoş olmayan şayiələr yayıblar.
S.Hüseynova da qeyd edib ki, bir dəfə məktəbdən gəldikdə Elinanın boğazında kəsik izi görüb və bunun səbəbini qızından soruşub: «Elina mənə dedi ki, dostu ilə zarafat edərkən boğazı cızılıb. Amma sonra həmin dostu mənə anlatdı ki, Elina «lezva» ilə boğazını kəsmək istəyib».
Anasının qeyd etməsinə görə, bir dəfə də bir məktəbli Elinanın başına soyuq su töküb.
S.Hüseynovanın vurğulamasına görə, qızını məktəbin bəzi şagirdləri və onların kənardan gələn yaxınları bəzi hallarda şantaj da ediblər. Onun deməsinə görə, bu barədə məktəb rəhbərliyinə şikayət edib, amma nəticəsi olmayıb.
S.Hüseynova deyib ki, aprelin 4-də saat 11-12 radələrində ona məktəbdən zəng gəlib, Elinanın pəncərədən yıxılmağı barədə deyilib, məktəbə gedib, orada polis əməkdaşlarını görüb: «Mənə dedilər ki, Elina pəncərədən yıxılıb, yüngül xəsarət alıb, amma məni aprelin 4-də xəstəxanada onun yanına buraxmadılar. Aprelin 6-da hay-küy salandan sonra məni içəri buraxıblar, onda da artıq Elina keçinmişdi».