Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

127 manat müavinət alan əlilin əməliyyat xülyaları


Azərbaycanda əlillərin ən ağrılı yeri
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Azərbaycanda əlillərin ən ağrılı yeri. Arxiv video

«Ayağa qalxmaq, ailəmin dərdi-səriylə məşğul olmaq, övladımı böyütmək istəyirəm. Hələ nə yaşım var ki... 30 yaşından yataqdayam».

38 yaşlı Rasim Şahməmmədov 2010-cu ildə avtomobil qəzası keçirib. Ağır yaralanıb, dəfələrlə əməliyyat masasına çıxarılıb. Həyatı xilas olsa da, sınmış onurğa sütunu bərpa olunmayıb. 7 ildir ki, ayağa qalxmaqdan ötrü mücadilə edir. Ancaq deyir, dövlət əlini uzatmasa, bu mücadilə mənasızdır.

«İCRA BAŞÇISI ACIQLANDI Kİ...»

Rasim Şahməmmədov İsmayıllının Aşağıbaş kəndində yaşayır. Həm sağlamlığının bərpası, həm də mənzil şəraitinin yaxşılaşdırılmasından ötrü vaxtaşırı Aşağıbaşdan rayon mərkəzinə – icra hakimiyyətinə yol ölçür: «Qoyurlar «nasılka»ya, aparırlar ora... Başçını cəmi bir dəfə görmüşəm, onda da üstümə acıqlandı. Dedi, «xəstəsən, get xəstəxanaya, mən cərraham?». İşçilərinə də acıqlandı ki, «bura xəstəxanadır? Belələrini niyə yanıma buraxırsız?». Bir dəfə gecə evimizə gəldilər, dedilər, «başçı deyir, şikayət yazmağı yığışdırsın, onsuz da yazdıqları axırda mənim üstümə gəlir». Səhiyyə nazirinə, prezidentə, Mehriban xanıma 7 ildə vurduğum teleqramlarınsa pulunu toplasaydım, bir koma tikmək olardı. Heç bircəciyinə də cavab almamışam».

***Buna da bax-'Hərbi xidmətdə əlil edib buraxıblar, sığortamı ödəmirlər'

Deyir, evdə gözə dəyər-dəyməz nə varsa, ailəsi satıb onu bir neçə ölkəyə müayinəyə aparıb. Türkiyədə ona əməliyyatın müsbət nəticə verəcəyi bildirilib. Ancaq əməliyyata 66 min dollara yaxın vəsait tələb olunur: «Pulsuzluqdan gedə bilmirəm. Çarpayıya yapışıb qalmışam. Səsimizi eşidən, öldümüzdən, qaldımızdan xəbər tutan hökumətimiz yox... Özləri, yaxın qohumları bir burun əməliyyatına görə dünyanın o başına gedib gəlirlər. Ancaq vətəndaşın beli sındısa, canı çıxsın, ölənə qədər yataqda qalsın».

«ONLARA DA ƏZAB VERİRƏM»

İki il əvvəl səhiyyə naziri Oktay Şirəliyev İsmayıllıda vətəndaşların qəbulunu keçirəndə Rasim də əlil arabasında qəbula gəlib. Türkiyə xəstəxanalarından birindən ona verilmiş və əməliyyata tələb olunan xərclərin qeyd edildiyi vərəqəni nazirə uzadanda sonuncu bildirib ki, bu məbləğ boş şeydir, belə əməliyyata görə kənara çıxmağa dəyməz, elə ölkə daxilində də mümkündür. Nazir məsələni diqqətdə saxlayacağını bildirsə də, bir müddət sonra qurumdan səs-səmir çıxmadığını görən Rasimin müraciətləri yenə cavabsız qalıb.

7 ildir ki, Rasim nəinki gəzə, heç otura da bilmir. Ona həyat yoldaşı qulluq edir. Valideynləri, öz ailəsi və bacısı ilə birlikdə birotaqlı şəraitsiz mənzildə yaşayır. Deyir, əlilliyi ilə özünü bircə otağa sığınan iki ailəyə yük hesab edir:

***Buna da bax-Qarabağ əlilinin dişləri tökülüb, düzəltdirməyə pulu yoxdur

«Mənim kimi əlilin öz «kapriz»ləri olur, mənim kimi əlillə dolanmaq asan məsələ deyil. Depressiyalarım, yaşayış şəraitim, əsəb pozğunluğum, hərdən özümü öldürmək dərəcəsinə çatmağım... Ailəmizə yazığım gəlir. İcra hakimiyyətinə saysız-hesabsız yazıb göndərmişəm ki, bircə otaqlı da olsa, mənə sığınacaq versin. Valideynlərimin təsərrüfatından ayrılım. Onlara da əzab verirəm».

RƏSMİLƏR NƏ DEYİR?

İsmayıllı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Rasim Şahməmmədova müəyyən köməkliklər olunub. Ancaq onun müalicəsi ilə ölkənin səhiyyə qurumları məşğul olmalıdır: «Mənzil şəraitinin yaxşılaşdırılması üçün də müraciət edib, mənzil fondunda mənzil yoxdur ki, onları yerləşdirək. Belə bir imkan olan kimi bu ailəni nəzərə alacağıq».

Səhiyyə Nazirliyindən bildirilib ki, Rasim Şahməmmədov xaricdə müalicə üçün xüsusi komissiyaya müraciət etməlidir. «İlk növbədə komissiyadan keçirlər və rəy verdikdən sonra onlar xaricdə müalicəyə göndərilirlər. Şəxs o zaman xaricə göndərilir ki, onun xəstəliyinin ölkədə müalicəsi olmasın. Eyni zamanda, müalicə üçün göndərilən ölkələrlə Azərbaycan arasında müqavilə olmalıdır», – qurumdan bildirilib.

Səhiyyə Nazirliyində 2005-ci ildə Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya yaradılıb. İqtisadçı ekspert Əli Əsgərov deyir, dövlət büdcəsindən ayrılmış vəsaitin hansı hissəsinin xaricdə müalicəyə xərclənməsinə və necə xərclənməsinə nazirlik yetkililəri qərar verir. Lakin müraciət edənlərin sayının çoxluğuna baxmayaraq, nazirlik nümayəndələri az bir qismi müalicəyə göndərir: «Formal olaraq, bəlkə də haqlıdırlar. Əsas gətirirlər ki, həmin xəstəlikləri Azərbaycanda müalicə etmək mümkündür. Yəni, formal olaraq Azərbaycanda o xəstəliklərlə məşğul olan mərkəzlər, xəstəxanalar mövcuddur. Ancaq orada müalicənin keyfiyyəti və effekti çox aşağı olduğundan, insanlar xaricə üz tutmağa üstünlük verirlər».

XS
SM
MD
LG