Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 17:39

Baş nazir 'iqtisadi inkişaf' deyir, iqtisadçı 'böhran'dan  narahatdır

Əli Əsədov
Əli Əsədov

"2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. İllik inflyasiya 5.2 faiz, orta illik inflyasiya isə 5.6 faiz təşkil edib". AZƏRTAC-ın xəbərinə görə, bunu baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Vurğulayıb ki, hesabat ilində ölkədə ümumi daxili məhsulun (ÜDM) real həcmi əvvəlki il ilə müqayisədə 1.4 faiz artaraq 129.1 milyard manat olub: "Qeyri-neft sektoru real ifadədə 2.7 faiz artaraq 92.3 milyard manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesi 5.5 faiz artıb. Neft-qaz sektorunda 1.6 faiz azalma olub".

Əsədovun açıqlamasına görə, hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən 14.1 milyard ABŞ dolları və ya 20 faiz artaraq 85 milyard dolları keçib: "Hazırda bu rəqəm 91 milyard dollardır".

Baş nazir əlavə edib ki, regionda son hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir.

Azərbaycanın quru sərhədləri 2020-ci ilin yazından koronavirus pandemiyası ilə əlaqəli bağlanıb. 2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını açıqlasa da, Azərbaycan quru sərhədlərində məhdudiyyətləri aradan qaldırmayıb.

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Nazirlər Kabineti formalıdır"

"Azərbaycanda Nazirlər Kabineti formaldır". Bunu iqtisadçı Zöhrab İsmayıl baş nazir Ə.Əsədovun məruzəsini dəyərləndirərkən deyir.

Hətta onun sözlərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun real səlahiyyətləri baş nazirin səlahiyyətindən çoxdur: "Onun fikrinə daha çox önəm verən var... Amma bu, Azərbaycan hökumətinin mahiyyətini dəyişmir".

Z.İsmayıl deyir ki, hər il Azərbaycanda neft hasilatı orta hesabla 5 faiz azalır, qaz hasilatında artım cüzidir və bunu kompensasiya edə bilmir: "3.6 faiz iqtisadi arım gözlənirdi. Amma bunun yarısından da az oldu (1.4 faiz)".

O xatırladır ki, Azərbaycan hökuməti 2026-cı ilə minimum əməkhaqqını, minimum pensiyanı artıra bilməməklə qədəm qoyub: "Təbii ki, hökumətin ümumi dəyərləndirməsi pozitiv ola bilməz. Bu idarəetmə sistemi, bu formada məsələlərə yanaşma Azərbaycanı böyük iqtisadi böhrana aparır".

İqtisadçı düşünür ki, İran müharibəsi səbəbi ilə neftin bahalaşması müvəqqəti olaraq böhranı ört-basdır edə bilər, amma uzun perspektivdə iqtisadi böhran qaçılmazdır.

XS
SM
MD
LG