Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:56

Elçin Şıxlı dindirildi


E.Şıxlı
E.Şıxlı

Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, Qarabağ müharibəsinin iştirakçısı, «Bozqurd» batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) işi üzrə şahid qismində ifadə verib.

Ötən ilin iyulunda Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra mətbuatda bu haqda yazılar dərc edən bir necə saytın rəhbəri cinayət məsuliyyətinə cəlb olundu. Onlardan biri də teref.info-dakı yazılara görə saytın baş redaktoru N.Xoca idi.

E.Şıxlı məhkəmədə deyib ki, istintaqa verdiyi ifadəsini təsdiqləyir. İstintaqda isə ondan N.Xocanın rəhbərlik etdiyi saytın «Ayna»-«Zerkalo» qəzetlərinin redaksiyasında yerləşib, oradan idarə olunması haqda soruşublar. E.Şıxlı deyib ki, N.Xocanın işləməyə yeri olmadığı üçün ona öz redaksiyasında yer ayırıb. Ona görə də teref.info saytı həmin redaksiyadan idarə olunub. Özünün isə bu sayta heç bir aidiyyəti yoxdur.

Ekspert kimdir?

Vəkil Elçin Sadıqov saytda Gəncə olayları barədə yazılara ekspert qismində rəy vermiş, orada dövlət əleyhinə çağırışlar olduğunu iddia edən Bəxtiyar Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

N.Xoca
N.Xoca

Gəncə hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunan daha bir jurnalistin – criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun işində də rəyi B.Əliyev verib. Həmin işdə vəkil bu ekspertin təhsili ilə bağlı məlumat almaq üçün Təhsil Nazirliyinə sorğu göndərilməsini istəmişdi. Müdafiəçi deyir ki, B.Əliyev yazılara linqvistik-politoloji rəy verib, amma onun bu istiqamət üzrə təhsili, biliyi yoxdur, ona görə də verdiyi rəy mötəbər sayıla bilməz, onun sözü ilə adamı məsuliyyətə cəlb etmək olmaz. Amma o işdə məhkəmə vəkilin bu vəsatətini təmin etməmişdi.

N.Xocanın işində isə məhkəmənin ekspertin dindirilməsi ilə bağlı qərarı martın 18-də keçiriləcək növbəti prosesdə məlum olacaq.

N.Xocaya qarşı CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, həbs olunmayıb, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

N.Xoca özünü təqsirli bilmir. Deyir ki, onun saytında dərc edilən və ittihamda bəhs olunan iki yazının heç birində dövlətə qarşı çağırış yoxdur: «İkincisi də, o yazılar başqa saytlardan götürülüb, istinadla yayılıb. İlkin mənbə olan saytların heç biri isə məsuliyyətə cəlb edilməyib. Nə də həmin saytlarda təkzib verilməyib».

İttihamlar təsdiqlənərsə, N.Xoca 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırlatma

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Fevralın 21-də eyni ittihamlarla mühakimə olunan bastainfo.com saytının rəhbəri Mustafa Hacılıya 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Martın 12-də isə criminalaz.com saytının baş redaktoru Anar Məmmədova 5 il 6 aylıq şərti cəza istənilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG