Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 09:03

Əfv ADR-in yüzilliyinə qaldı


Sonuncu dəfə əfv sərəncamı ötən il Novruz bayramı ərəfəsində verilib.

«Novruz bayramında əfv sərəncamının imzalanması az ehtimal olunandır». Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna açıqlamasında bildirir. Onun sözlərinə görə, əfv maya qalır, sərəncamın Demokratik Cümhuriyyətin qurulmasının yüzilliyinin şərəfinə imzalanacağı istisna olunmur.

Komissiya üzvü bunu müraciətlərin sayının çox olması ilə izah edir. Ə.Nuriyev qeyd edir ki, komissiyanın toplantıları davam etməkdədir. O, eyni zamanda, Əfv Komissiyası üzvlərinin bir qisminin məmur olduqlarını – dövlət funksiyalarını yerinə yetirdiyini yada salır.

***Buna da bax-Bayram Məmmədovun anası: 'O ab-havaya düşüb özümü aldatmaq istəmirəm'

«İndiki şəraitdə mühüm tədbirlərin keçirildiyini, habelə, müraciətlərin hərtərəfli araşdırılması üçün müvafiq sənədlərin prosedurlara uyğun toplanmasına daha çox zaman tələb edildiyini nəzərə almaq lazımdır», – Ə.Nuriyev söyləyir.

O, bununla belə, Komissiya katibliyi və əfv sektorunun fasiləsiz işlədiyini, indiyədək yüzlərlə müraciətin araşdırıldığını bildirir.

«Bir də, «hər il mütləq Yeni il və ya Novruz bayramı ərəfəsində əfv olacaq» deyə imperativ bir qayda yoxdur. Əfv sərəncamı imzalamaq, ora kimlərin adlarının salınması prezidentin səlahiyyətindədir», – Nuriyev deyir.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Bu arada əfv sərəncamının prezident seçkilərindən sonraya saxlanılmasının səbəbləri müzakirə edilərkən, azadlığa çıxacaq bəzi məhbusların təbliğat təşviqat kampaniyası dövründə «baş ağrısı yaratması» ehtimalı haqda danışanlar da tapıldı. Hərçənd Ə.Nuriyev bu ehtimalı «gülünc» adlandırır. Onun sözlərinə görə, bunun həqiqətlə əlaqəsi yoxdur.

Bir qədər öncə parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin iclasında «böyük əfv sərəncamı»nın imzalanacağının gözlənildiyini demişdi.

***Buna da bax-Nigar Həzi: 'Onsuz da ilyarımı qalıb. Nə vaxt buraxarlar-buraxarlar'

Ayri-ayrı hüquq müdafiəçiləri isə yerli mətbuata müsahibələrində beynəlxalq qurumların siyasi və ya vicdan məhbusu elan etdiyi şəxslərin də azadlığa buraxılması və bu müzakirənin birdəfəlik bitməsi ilə bağlı istəklərini dilə gətirmişdilər. Ə.Nuriyevsə deyir ki, daha çox məhbusun əfv edilməsi hər bir hüquq müdafiəçisinin arzusudur, ancaq əfv sərəncamı ilə bağlı qərar prezidentə aiddir və bu haqda o, heç nə deyə bilməz.

Sonuncu dəfə əfv sərəncamı ötən il Novruz bayramı ərəfəsində verilib. O zaman 423 nəfər azadlığa çıxıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbusların olmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiklərini bildirirlər.

XS
SM
MD
LG