Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:22

Nigar Həzi: 'Onsuz da ilyarımı qalıb. Nə vaxt buraxarlar-buraxarlar'


Seymur və Nigar Həzi
Seymur və Nigar Həzi

Milli Məclisin sədri Oqtay Əsədov bu yaxınlarda “böyük” əfv sərəncamının imzalanacağının anonsunu verib. Fevralın 23-də parlamentin iclasında bununla bağlı ciddi iş getdiyini bildirib.

Bəs “böyük” əfv deyəndə hakimiyyət nəyi nəzərdə tutur? Söhbət kimlərdən gedir?

Əliməmməd Nuriyev: “...ümumi işə ziyan vura bilər”

Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev yada salır ki, prezident ötən il də Novruz bayramı ərəfəsində “genişmiqyaslı” əfv sərəncamı imzalamışdı və bu zaman 423 məhbus azadlığa çıxmışdı. O ki qaldı builki sərəncama, o, say haqda dəqiq fikir söyləyə bilmir, amma bu sənədlə “dövlətin mərhəmət hissinin təsbit ediləcəyini” düşünür:

Buna da bax: Oqtay Əsədov: 'Böyük əfv sərəncamı gözlənilir'

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

“Əfv sərəncamının bir il öncə imzalandığını, üstəlik də, bu il Cümhuriyyətin yüzillik yubileyini nəzərə alanda düşünürəm ki, yeni sərəncam ötənilki qədər geniş olacaq. Amma əfv sərəncamı müraciətlər əsasında imzalanır. Bu il də xeyli müraciət var. Onların hər biri diqqətlə araşdırılır. Artıq komissiyada yüzlərlə müraciətə baxılıb. Amma nəticədə kimlərin adının sərəncama düşüb-düşməyəcəyi, onların sayı haqda fikir söyləmək imkanım yoxdur. Bunu sonda cənab prezident müəyyənləşdirir”.

Əliməmməd Nuriyev komissiyaya daxil olan məlumatlar “şəxsi olduğundan” açıqlanmasının etik baxımdan məqbul saymır: “İkincisi də, hər hansı şəxslə bağlı məlumatın açıqlanması ümumi işə ziyan vura bilər”.

“Böyük” əfv sərəncamı haqda daha öncə hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov da danışmışdı. O, “Amerikanın səsi”nə müsahibəsində Azərbaycanda siyasi məhbus olmadığını demişdi. Ancaq deputat ad çəkməsə də, beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı şəxslərin azadlığa çıxma ehtimalına üstüörtülü şəkildə toxunmuşdu. Bu problemi “vəba xəstəliyi” adlandıran deputat demişdi ki, Azərbaycanı bu xəstəlikdən “birdəfəlik qurtarmaqdan, Avropa Şurasının, Avropa Parlamentinin, erməni lobbisi tərəfindən öyrədilmiş deputatların əlindən o silahı almaqdan ötrü o cür adamların hamısını bir qərarla azad edib, bundan da qurtaraq. Görək, bundan sonra nə istəyəcəklər”.

Buna da bax: Əfv siyahısına salınmaq vədi ilə aldadılanlar

Əfv komissiyasının üzvü olan Əliməmməd Nuriyev səlahiyyəti olmadığı üçün bu haqda danışmaq istəmir.

Məhbus ailələrinin gözləntiləri

Məhbus ailələrinin gözləntilərinə gəlincə, çoxu “boş yerə” ümidlənmək istəmədiyini söyləyir.

Gənc fəal, əfv müraciəti yazmadığına görə bəzən “dönməz məhbus” kimi təqdim edilən İlkin Rüstəmzadənin anası əvvəlki illərin acı təcrübəsindən sonra bu dəfə aldanmaq istəmir: “O qədər ki aldanmalar olub. Ona görə, hələlik, inanmıram. Əvvəlcədən ümidlənib, sonra peşman olmaq istəmirəm”.

“Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanova da oğlunun adının əfv sərəncamına düşəcəyini gözləmir: “Biz müraciət etməmişik. Amma hüquq müdafiəçiləri onların da adını veriblər. Adları ilk beşlikdədir. Ancaq Qiyasın əfv sərəncamından yararlanacağına inanmıram”.

“Deyəsən, Aysel builki Novruzu da atasız keçirməli olacaq”

REAL-ın sədri, hakimiyyətlə beynəlxalq qurumların münasibətlərinin gərginləşməsinə səbəb olan İlqar Məmmədovun ailəsinin də “böyük” əfvdən “böyük” gözləntiləri yoxdur.

Buna da bax: OMON-çular: 'Güllələnmə bundan daha yaxşı idi'

İlqar Məmmədovun qızı Aysel
İlqar Məmmədovun qızı Aysel

“Əfsuslar olsun ki, deyəsən, builki Novruzu da Aysel atasız keçirməli olacaq. Elə düşünürəm. Düzdür, “ümid sonda ölür” deyirlər. Bizim də nəyəsə ümidimiz var. Amma necə deyərlər, böyük ümidlər bağlamırıq”, – həbsdəki siyasətçinin həyat yoldaşı Vəfa Məmmədova deyir. Ümidsizliyinin səbəbi isə başqalarınkından fərqlənmir:

“Onu biz 5 ildir eşidirik, elə hər il deyirlər ki, İlqar Məmmədovu buraxacaqlar. Əfv siyahısına salınmaq üçün prezidentə müraciət etmək lazımdır. İlqar da əfv müraciəti yazmır. Yazmasa da buraxmırlar. Son üç-dörd ildə hüquq müdafiəçiləri adını siyahıya salıblar, amma baxılmır. Ona görə əfv sərəncamına ümidimiz yoxdur. Bəlkə amnistiya olsa, ora düşə bilər”.

“Onsuz da ilyarımı qalıb”

“Keçən il də bu məsələ çox aktual idi, amma nəticə sıfır oldu. Seymur özünü belə şeylərə kökləmir. Yəni ‘bu bayram buraxacaqlar, o bayram buraxacaqlar’ deyə gözləmir”, – jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi söyləyir: “Onsuz da ilyarımı qalıb. Nə vaxt buraxarlar-buraxarlar”.

“Yarımçıq əfv”

“Siyasi məhbuslar azadlığa layiq olduqları bəraətlə qovuşmalıdırlar, hər hansı əfv sərəncamı ilə çıxmamalıdırlar”, – “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oktay Gülalıyev əfv sərəncamı barədə gözləntilərdən danışarkən deyir. Onun sözlərinə görə, siyasi motivlərlə həbs edilənlər qeyd-şərtsiz azadlığa buraxılmalıdırlar.

Buna da bax: Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’

Oktay Gülalıyev
Oktay Gülalıyev

Oktay Gülalıyev prezidentin imzaladığı əfv sərəncamlarının “yarımçıq” olduğunu, beynəlxalq qurumlarla hakimiyyət arasında mübahisələrə və gərginliyə səbəb olan “siyasi məhbus problemini” həll etmədiyini düşünür:

“Bu ölkədə siyasi məhbusların mövcudluğu hakimiyyətin mövcudluğu ilə bağlıdır. Nə qədər bu hakimiyyət var, repressiya da olacaq. İnsanlar şərlənib həbs ediləcəklər, deməli, ölkədə siyasi məhbuslar da olacaq. Bu problemin həlli üçün hakimiyyətin mahiyyəti dəyişməlidir. İndi danışılanlar isə bir az da blefə bənzəyir. Ona görə böyük əfv sərəncamına köklənə bilmirəm”.

Hərçənd Oktay Gülalıyev də bu il ölkədə seçkilər keçiriləcəyindən ölkə başçısının cəmiyyətin və beynəlxalq qurumların “rəğbətini qazanmaqdan” ötrü bir qədər geniş əfv sərəncamı imzalayacağını istisna etmir.

Prezident sonuncu dəfə əfv sərəncamını ötən ilin Novruz bayramı ərəfəsində martın 16-da imzalayıb. Həmin vaxt 423 məhbus azadlığa çıxıb.

Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Onların arasında beynəlxalq və yerli qurumların siyası məhbus kimi tanıdığı şəxslər də vardı.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 160 yaxın siyasi məhbusun olduğunu bildirirlər. Hakimiyyət isə siyasi məhbus anlayışını qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG