Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 06:46

Əfqan yeniyetmə zəlzələdə bütün ailəsini itirib


Əfqanıstanda ölümcül zəlzələnin nəticələri
Əfqanıstanda ölümcül zəlzələnin nəticələri

Həmidulla ötənhəftəki dağıdıcı zəlzələdə viran qalmış evinin dağıntıları içində ağlayır... O, avqustun 31-i gecəyarı Əfqanıstanın şərqindəki Kunar vilayətini silkələmiş zəlzələdə ailəsini itirib, başlı-başına qalıb...

Yeniyetmə Çavkay rayonundakı qonşuları ilə birlikdə valideynlərinin, beş bacısının, iki qardaşının meyitlərini xarabalıqlar altından çıxarıb.

"Qapqara qaralmışdılar. Zəlzələ vaxtı çarpayıda yatırmışlar, orada da ölüblər", – Həmidulla AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə danışır.

Həmidulla faciədə 26 qohumunu da itirib – dayıları, xalaları, onların uşaqları, hamısı ölüblər.

2 min 200-dən çox insan 6 bal gücündə zəlzələnin qurbanına çevrilib, azı 3 min 600 nəfər yaralanıb. Vilayətdə bütöv kəndlər yerlə yeksan olub.

Həmidullanın əmilərindən biri sağ qalıb. O da Çavkay rayonunda yaşayır.

"Bu ərazi tamamilə dağılıb. Burada çoxlu mal-qara, evlər vardı, hər şey yoxa çıxıb", – o danışır.

Afghan Teen Returns To Village To Find His Family Killed Afghan Teen Returns To Village To Find His Family Killed
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Qonşu Nəngərhar vilayətində işləyən Həmidulla zəlzələ vaxtı evdə olmayıb.

Güclü zəlzələ Əfqanıstanda humanitar və iqtisadi böhranları daha da dərinləşdirib. Axı 2021-ci ildə hakimiyyəti "Taliban"ın ələ keçirməsindən sonra ölkəyə beynəlxalq yardım da, əsasən, kəsilib.

Sentyabrın 8-də "Taliban" axtarış-xilasetmə işlərini dayandırıb. Yerlilər isə itkinləri axtaracaqlarını deyiblər.

Əldən-ayaqdan uzaq kəndlərə fövqəladə xidmətlərin getməsi çox çətindir. Hazırda minlərlə insan açıq havada qalıb, yemək, içməli su, sığınacaq tapmağa çalışır.

Son vaxtların daşqınları, relyef də xilasetmə işlərini çətinləşdirib. Bəzi yerlərdə kənd sakinləri sağ qalanları tapmaq üçün torpağı yalın əl ilə təmizləyiblər.

XS
SM
MD
LG