Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:52

Əfqan Muxtarlının məhkəməsi təxirə düşdü [video]


Jurnalist Əfqan Muxtarlının tutulmasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxış təxirə salınıb.

Şikayətə bu gün, saat 17:30-da Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaqdı. Məhkəmə iclasında Əfqan Muxtarlı da iştirak edəcəkdi.

Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarından verilmişdi.

Buna da bax:​ Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'

Jurnalistin vəkillərindən Elçin Sadıqov AzadlıqRadiosu-na deyib ki, məhkəmənin təxirə salınmasının səbəbləri barədə onlara hər hansı bilgi verilməyib.

"Əfqan Muxtarlının Balakən rayonunda tutulmasından verdiyimiz şikayət üzrə məhkəmə prosesi bu günə təyin edilmişdi. Bununla bağlı həm mənə, həm də prokurorluğa bildiriş verilmişdi. Buna baxmayaraq prokurorluq təmsilçiləri səbəb bildirmədən məhkəməyə gəlməyib. Habelə jurnalistin həm Balakən, həm də Bakıda tutulması ilə bağlı sənədləri məhkəməyə təqdim etməyiblər. Buna görə məhkəmə təxirə salındı", – vəkil bildirib.

Şikayətə iyunun 6-sı saat 11:00-da baxılacaq.

Buna da bax: Əfqan Muxtarlının işi Avropa Parlamentində

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Buna da bax:​ Əfqan Muxtarlı Gürcüstan prezidentinə təşəkkür etdi

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG