Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Əfqan Muxtarlının həbsinə reaksiyalar


Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

«Mən Mehman Əliyev olaraq Əfqan Muxtarlının həbsini, ona 6 il hökm oxunmasını pisləyirəm. Onu oğurlayıb gətirmişdilər ölkəyə. Bu, real hadisədir, bunu hamımız da bilirik. Gürcüstanda buna görə yüksəkvəzifəli xüsusi xidmət orqanlarının nümayəndələri, nazir istefaya göndərilib. Gürcüstan prezidenti bəyanat verib ki, bu rüsvayçılıqdır, ölkədən adam oğurlanıb. Bu, Azərbaycan dövlətinə, xalqına yaxşı heç nə vəd etmir. Bunun pis fəsadları olacaq», – «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalist Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsindən danışarkən belə söyləyir.

***Buna da bax-Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi

M.Əliyev jurnalistin azadlığa çıxması üçün bir həmkar olaraq əlindən gələni edəcəyini bildirir.

Amaşov hökmü şərh etmədi

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə bu hökmü şərh etmir. O, AzadlıqRadiosunun əməkdaşına ölkəyə yenicə qayıtdığından hökmdən xəbərsiz olduğunu, işin mahiyyəti ilə tanış olduqdan sonra danışacağını bildirir.

Zahid Oruc
Zahid Oruc

Deputat: «O adam ... müxalif şəbəkənin səngərini qazıb»

Deputat Zahid Oruc hesab edir ki, Ə.Muxtarlının ölkəyə gətirilməsi, həbs edilməsi haqda fərqli fikir varsa və ya bu hökmlə bağlı qərardan narazılıq mövcuddursa, qarşı tərəf məhkəməyə müraciət edə bilər. Amma ümumən o, Ə.Muxtarlını ictimai mübarizənin tərəflərindən biri və ya jurnalist kimi tanımadığını qeyd edir.

Deputat hesab edir ki, «Ə. Muxtarlının həbsiylə bağlı aparılan kampaniya müxtəlif layihələrə xidmət edir və məqsəd hakimiyyət əleyhinə mübarizənin şiddətini artırmaqdır».

***Buna da bax-Əfqan Muxtarlı: 'Gözümü açanda gördüm ki...'

«Sözügedən şəxsin mətbuat azadlığının simvolu kimi təqdim edilməsində məqsəd Gürcüstandakı casus şəbəkəsinin üzvü kimi fəaliyyətini pərdələməkdir. Bu hakimiyyətə loyal yanaşan, obyektiv, müxalifdüşüncəli adamlar belə etiraflar edirlər ki, onun nə internet resurslarında, nə də indiyədək görünən fəaliyyətində mətbuat, informasiya adına genişmiqyaslı işi, zəhməti, fədakarlığı olub. O adam Gürcüstanda lövbər salıb, oradan ötürücü, paylayıcı müxalif şəbəkənin səngərini qazıb. Onun həmfikirləri, çox yaxın silahdaşlarıyla çox ciddi konfliktlərinin olduğu da bəllidir. Əfqan Muxtarlı bu ölkənin hakimiyyəti, təhlükəsizlik orqanları üçün xüsusi təhlükə, güc sayılacaq qüvvə olmayıb. Onu indi Qərb dairələri, ölkə üzərindən böyük qrant maxinasiyaları gerçəkləşdirən, Kapitan Qrantın uşaqları kimi pul qazanan adamlar birdən-birə azadlıq simvoluna çeviriblər», - deputat bildirir.

Arif Hacılı
Arif Hacılı

«Əfqan Muxtarlı siyasi məhbusdur»

«Əslində, burada çox böyük cinayət hadisəsi var. Azərbaycan hakimiyyəti bir jurnalistə qarşı cinayət törədib. Bu cinayətin tərkibində adam oğurluğu da var, qanunsuz olaraq sərhəddən keçirilməsi də, qanunsuz həbsdə saxlanması da, sifarişli məhkəmə hökmü də», – Müsavat Partiyası başqanı Arif Hacılı belə söyləyir.

O, Azərbaycan hakimiyyətinin Muxtarlıya qarşı rəftarının beynəlxalq miqyasda geniş müzakirə edildiyini, ancaq bununla belə rəsmi dairələrin bu məsələdə «amansız, acımasız, qanunsuz» davranaraq ciddi cinayət əməllərinə imza atdığını bildirir. «Əfqan Muxtarlı siyasi məhbusdur, cinayət törətməyib, hakimiyyəti sərt tənqid etdiyi, dəhşətli korrupsiya faktlarını araşdırdığı üçün həbs edilib. Onun həbsi yalnız siyasi motivlərlə bağlıdır», – deyə partiya başqanı əlavə edir.

***Buna da bax-Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

Onun fikrincə, hakimiyyət demokratik cəmiyyət qurmaq istəyənləri müxtəlif yollarla cəmiyyətdən təcrid etməyə çalışır, Ə.Muxtarlı da onlardan biridir:

«Bir jurnalisti başqa ölkədən oğurlayaraq Azərbaycana gətirib sərhəd pozuntusunda günahlandıraraq həbs etmək hakimiyyətin avtoritar mahiyyətini ortaya qoymaq baxımından fərqli addım olsa da, 1993-cü ildə hərbi qiyam nəticəsində hakimiyyətə gələn Əliyevlər iqtidarının apardığı siyasətin davamıdır».

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG