Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:34

Əfqan Muxtarlı: 'Gözümü açanda gördüm ki...'


Məhkəmə Əfqan Muxtarlının yaxınlarının ölümünü nəzərə almadı
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Məhkəmə Əfqan Muxtarlının yaxınlarının ölümünü nəzərə almadı

Həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəmə qarşısında məsələ qaldırılıb. Yanvarın 5-də jurnalistin vəkilləri məhkəmədə bu haqda vəsatət qaldırarkən əsaslardan biri kimi, dekabrın 31-də Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı, onun 2-yaşlı övladı və 12-yaşlı qardaşı qızının ölümünü göstəriblər.

Ə.Muxtarlının işinə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov baxır.

«Ailəsindəki faciə nəzərə alınıb, hökmə qədər buraxılsın»

Yanvarın 5-də keçirilən məhkəmədə Ə.Muxtarlının vəkili Nemət Kərimli bildirib ki, jurnalistin ailəsindəki faciə ilə əlaqədar onun yas mərasimində iştirakına icazə verilməsi üçün elə hadisə günü Penitensiar Xidmətə rəsmi məktubla müraciət olunub. Amma bu günə qədər müraciətə cavab verilməyib. Müdafiəçi bu faciə ilə əlaqədar humanizm prinsiplərinin nəzərə alınmasını istəyib. Həmçinin xatırladıb ki, Ə.Muxtarlı barəsində həbs-qətimkan tədbiri seçilərkən və uzadılarkən istintaq orqanının göstərdiyi əsaslar aradan qalxıb. N.Kərimli söyləyib ki, artıq araşdırmalar başa çatıb, şahidlər də dindirilib, Əfqanın kiməsə, nəyəsə təsir göstərmək imkanı yoxdur. Vəkil bütün bunların nəzərə alınıb, məhkəmənin hökmü çıxarılana qədər Ə.Muxtarlının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb.

***Buna da bax- Əfqan Muxtarlı yaxınlarının dəfnində iştirak edə bilmədi

Jurnalist özü də vəsatətin təmin olunmasını istəyib, amma hakim «yox» cavabı verib.

«Mənim müraciətimə ehtiyac yoxdur»

Məhkəmədə Ə.Muxtarlı ailəsindəki faciə haqda danışarkən ağır günlərdə ona və yaxınlarına dəstək olanlara minnətdarlığını bildirib. Deyib ki, yas mərasimində iştirakı üçün artıq vəkilləri müraciət edib və bu kifayətdir. Yenidən özünün də müraciət etməsinə ehtiyac yoxdur.

Ardından vəkillər məhkəməyə Ə.Muxtarlının həbsinin ilk günlərində Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun bu hadisə ilə bağlı rəsmi açıqlamalarının Azərbaycan dilinə tərcüməsini təqdim ediblər. Həmin sənədlər tərcümə olunduqdan sonra notarial qaydada təsdiqlənib. Sözügedən açıqlamalarda həm də Ə.Muxtarlının Gürcüstandan oğurlanması ilə əlaqədar qonşu ölkədə cinayət işi başlanmasından bəhs olunur.

***Buna da bax-Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

İttihamda iddia olunur ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisindən qanunsuz keçərkən onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurub. Ona görə də Məmmədov iş üzrə zərərçəkmiş qismində tanınıb. Ötən məhkəmə iclasında o, ifadə vermişdi. Yanvarın 5-də onun dindirməsi davam etdirilib. Ə.Muxtarlı bildirib ki, bu adamın danışdıqları yalandır, o, nə sərhədi keçməyə cəhd göstərib, nə də bu adamı vurub. Jurnalist bir daha təkrarlayıb ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında mülkigeyimlilər tutub maşına mindirərək, Azərbaycana gətiriblər.

«Gözlərim də, əllərim də bağlı idi, ciblərimə nəzarət edə bilmirdim»

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlanıb. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və s. haqda protokollar elan olunarkən Ə.Muxtarlı deyib ki, bu sənədlərin heç biri onun yanında hazırlanmayıb. Jurnalist bugünkü məhkəməsində də deyib ki, onun Gürcüstandan oğurlanıb gətirilməsi, şərlənməsində iki nəfərin xüsusi rolu olub. Ə.Muxtarlının sözlərinə görə, bunlardan biri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisi Azər Şirinov, digəri də Sərhəd Qoşunlarının komandanının Ceyhun adlı köməkçisidir.

***Buna da bax-Əfqan Muxtarlı: 'Dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə öldürün'

«Məni Gürcüstandan oğurlayıb gətirəndə Azərbaycan tərəfdən təhvil alanlar bu adamlar idi. Mənim gözlərimi də bunlar açdılar. Gözümü açanda üzərimdən çıxdığı iddia olunan o pulları stolun üstündə gördüm. Yolboyu gözlərim də, əllərim də bağlı olduğuna görə ciblərimə nəzarət eləmək imkanım yox idi», – Ə.Muxtarlı bildirib.

Cinayət işinin materiallarındakı bəzi sənədlərin elanı yanvarın 12-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG