Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:04

E-Təbib-in məqsədi: 'Təhlükəli olan odur ki…'


E-Təbib
E-Təbib

Bir həftədən yuxarıdır ki, səhiyyə rəsmiləri vətəndaşlardan E-Təbib applikasiyasını (mobil tətbiqini) telefonlarına yükləmək üçün müraciətlər göndərirlər. Rəsmilərin izahatına görə, məqsəd vətəndaşları ictimai yerlərdə potensial COVID-19 daşıyıcısı olub-olmamasından xəbərdar etməkdir.

Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin – TƏBİB-in təşviq etdiyi E-Təbib applikasiyasının tətbiqi birmənalı qarşılanmır. Bəzi mütəxəssislər burda başqa məqsəd olduğunu, istifadəçilərin şəxsi məlumatlarının toplandığını və həmin informasiyaların gələcəkdə başqa əllərə keçmək ehtimalını gündəmə gətirirlər.

İnternet texnologiyaları mütəxəssisi Vahid Qasımov deyir ki, bu tətbiqdə ən uyğun olmayan cəhət şəxsi məlumatların E-Təbib tərəfindən üçüncü tərəfə, hətta daha çox şəxsə ötürülə bilməsidir. Onun sözlərinə görə, insanın telefon danışıqları, hansı saytlardan və səhifələrdən istifadə etməsi kimi məlumatlar məxfi sayılır, şəxsi həyata aid məsələdir və bu məlumatlar üçüncü tərəfə ötürülə bilməz.

Ə.Məmmədli
Ə.Məmmədli

Hüquqşünas: "Təhlükəli olan odur ki…"

Hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, e-tətbiq şəxsi məlumatları əldə etmək, daha sonra müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur: "Mobil tətbiqi qəbul etdikdə şəxsi məlumatların üçüncü şəxsin əlinə düşməsi şəraiti yaranır. Bu isə nəticə etibarilə fərdi məlumatların yol verilən həddən artıq və qanunsuz istifadə olunmasıdır".

Hüquqşünasa görə, təhlükəli olan odur ki, fərdi məlumatlar kənar şəxslərin əllərinə düşərək qeyri-hüquqi məqsədlərlə istifadə oluna, şəxslərə maddi-mənəvi zərər vura bilər.

Layihə rəhbəri: "Bu, virusla bağlı xəbərdarlıq proqramıdır"

E-Təbib tətbiqi layihəsinin proqram rəhbəri Fuad Niftəliyev "Turan"a deyir ki, proqram şəxslər arası əlaqələr formatında qurulub, əsas məqsəd də mobil tətbiqə qoşulan, bir-birilə əlaqədə, təmasda olan insanları proqram vasitəsilə koronavirus infeksiyasına yoluxa bilməkdən xəbərdar etməkdir.

Proqram rəhbəri mobil tətbiq vasitəsilə izlənmə aparılması haqda səslənən fikirləri qəbul etmir:

"Sabah mən xəstələndikdə sizin telefona bildiriş gələcək ki, yoluxmuş şəxslə görüşmüsünüz"
"Sabah mən xəstələndikdə sizin telefona bildiriş gələcək ki, yoluxmuş şəxslə görüşmüsünüz"


"Proqramın təyinatı tamam fərqlidir. Orada izlənmə məsələsi yoxdur. İzlənmə məsələsini qoyanda Apple, Google sistemləri avtomatik proqramı inkar edir. Buna görə hansısa izləmənin aparılması haqda deyilənlərin məntiqi belə yoxdur. Bizə əlaqələndirmə lazımdır. Hər ikimiz bluetooth-u açırıq, harada olmağımız haqda məlumat hər kəsin telefonuna gəlir. Tutaq ki, sabah mən xəstələndikdə sizin telefona bildiriş gələcək ki, yoluxmuş şəxslə görüşmüsünüz. Son günlərdə kimlərlə görüşmüşüksə, təmasda olmuşuqsa, onlarla bağlı COVID-19-a yoluxma ilə bağlı məlumatlar gəlir. Məqsəd budur".

F.Niftəliyev hesab edir ki, şəxsi məlumatların ötürülməsi haqda iddialar əsassızdır və bu, izlənmə fobiyasından qaynaqlana bilər.

Proqram rəhbəri deyir ki, bluetooth-un işləməsi üçün sosial məsafə kimi iki metr müəyyən edilib, "yoluxub-yoluxmamanı da GPS ölçür, bütün məsələ budur".

O, bu cür anlaşılmazlıqların aradan qalxması, proqramın mahiyyəti barədə maarifləndirmə işi getdiyini və bu məqsədlə "E-Təbib necə işləyir?" videoçarxı hazırlandığını söyləyir.

Amma, hələlik, bəziləri sözügedən mobil tətbiqə şübhəylə yanaşmaqdadır və ona qoşulmaqdan imtina edir. Bəzi sosial media istifadəçiləri isə E-Təbib-ə qoşula bilmədiklərini yazırlar.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyondan çox şəxsin yoluxduğu, 500 minə yaxın insanın həyatını itirdiyi bildirilir.

Azərbaycanda isə ölkədə ümumilikdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 12 min 635 nəfərin sağaldığı, 265 nəfərin vəfat etdiyi, 8 min 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilir.

Martın 24-dən ölkədə xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Karantin dövrü bir neçə dəfə uzadılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG