Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:14

Ekspert: “180 manat yaşayış minimumu ilə güclü dövlət olmur”


2019-da hansı şəhər və rayonlara dövlət pul ayırmayacaq?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

2019-da hansı şəhər və rayonlara dövlət pul ayırmayacaq?

“Büdcə haqqında” qanuna əsasən hər il oktyabrın 25-də növbəti ilin büdcə layihəsi ictimaiyyətə tam açıqlanmalıdır. Amma hələlik 2019-cu ilin dövlət büdcəsi mediaya tam verilməyib, jurnalistlər yalnız onun bir çox detallarını deputatlardan əldə ediblər.

İqtisadçı Zöhrab İsmayıl yeni büdcənin məlum olan məhdud detallarını analiz edib. O, gələn ilin büdcəsinə əsasən 2019-cu ildə əhalinin həyatında ciddi dəyişikliklər olacağını gözləmir. Büdcənin analizlərinə keçmədən öncə, ümumi məlumatlara qısa nəzər salaq.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 23 milyard manat, xərcləri isə 24.7 milyard manat planlaşdırılır.

Gəlirlərin yarısı 11.3 milyard manatı Neft Fondununun hesabına formalışır. Hardasa 32 faizi, yəni, 7.3 milyard manatı isə vergilərin payına düşür. Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 3.4 miyard manatın daxil olması gözlənir. Layihədə digər gəlirlər 1 milyard manatdan azdır.

2019-cu ilin büdcəsində bir çox sahələrdə xərclər artırılıb. Ən böyük artım müdafiə xərclərində nəzərə çarpır.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, gələn ilin büdcəsində səhiyyə xərclərində də ciddi artım var. Onun fikrincə, ola bilər ki, 2019-cu ildə bütün ölkə üzrə və ya qismən ibcari tibbi sığortanın tətbiqinə başlanılsın:

“Ümumilikdə yeni büdcədə ciddi bir dəyişiklik yoxdur. Yenə də əsas gəlirlər neft fondu hesabına formalışır. Pensiyaların baza hissəsi növbəti ildə də 10 faiz artırıla bilər. Eləcə də həkimlərin və müəllimlərin də maaşlarında bu qədər artım ola bilər. Səhiyyə xərclərinin artırılması görünür icbari tibbi sığortanın tətbiqinə görə ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu qədər artımla belə səhiyyə xərcləri 1 milyard manatdan bir qədər artıqdır. Bu isə o deməkdir ki, Azərbaycanda adambaşına düşən səhiyyə xərci cəmi 100 manat təşkil edir”.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Zöhrab İsmayıl düşünür ki, adambaşına illik 100 manat səhiyyə xərci olduqca aşağı göstəricidir. Hələlik büdcənin digər xərcləri, özəlliklə, infrastruktur, tikintiyə ayrılan xərclərlə bağlı məlumat olmadığından o ətraflı informasiya verə bilmir. Yada salır ki, ümumiyyətlə, büdcənin həm parlamentə, həm də ictimaiyyətə gec təqdim olunması qanun pozuntusudur.

Gəncə, Lənkəran, Mingəçevir...

Gələn ilin büdcəsində diqqətçəkən məqamlardan biri də Azərbaycanın 34 rayon və şəhərinin özünümaliyyələşdirməsi ilə bağlıdır.

Gəncə, Lənkəran, Mingəçəvir də daxil 34 şəhər və rayon 2019-cu ildən özü özünü maliyyələşdirəcək. Bəs, bu rayonlar özləri özlərini saxlaya biləcəkmi? İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu dəyişiklik texniki xarakter daşıyır:

“Əvvəllər bütün şəhər və rayonların gəliri bir mərkəzə daxil olurdu və ordan bölüşdürülürdü. Amma indi həmin şəhərin gəliri elə özlərinin büdcəsinə daxil olacaq. Bu sahədə real dəyişiklikdən o vaxt danışmaq olardı ki, icra hakimiyyəti orqanları ləğv olunsun və idarəetmə bələdiyyələrə ötürülsün”.

Amma Zöhrab İsmayıl hesab edir ki, prezidentin ehtiyat fondundan və digər mənbələrdən rayonlara hər hansı formada dəstəklər davam edəcək.

2019-cu ilin büdcəsində Gəncə şəhərinin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.

Report.az saytının xəbərinə görə, gələn ilin büdcəsində 2 milyard 335 milyon manat dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edir. Bu 2018-ci ildəkindən 72 milyon manat daha çoxdur.

Ümumilikdə 24 milyard manat xərcləri nəzərdə tutulan büdcədə bütün xərc istiqamətləri haqda məlumat hələki ictimaiyyətə bəlli deyil.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizdən olsaydı, büdcədə hansı sahələrə daha çox pul ayırardınız?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Yaşayış minimumu cəmi 7 manat qalxacaq

Vətəndaşların gözləntiləri daha çox sosial xərclərin artırılmasıdır. Millət vəkili Aydın Hüseynov oxu.az saytına açıqlamasında deyib ki, büdcə zərfinin ən önəmli məqamlarından biri də onun həm də sosialyönümlü olmasıdır. Millət vəkili vurğulayıb ki, 2019-cu ilin büdcəsinin gəlirlərinin artırılması Azərbaycan dövlətinin gücünün göstəricisidir.

Zöhrab İsmayılsa hesab edir ki, Azərbaycan dövlətinin gücü həm də onun vətəndaşlarının yaşayışında özünü göstərməlidir. Gələn ilin büdcəsində Azərbaycanda yaşayış minimumu 7 manat artılıraq, 180 manat nəzərdə tulub. Onun fikrincə, 180 manat yaşayış minimumu ilə güclü dövlətdən danışmağa dəyməz.

Azərbaycan hökuməti tez-tez infrastruktur, tikinti xərclərinə daha çox vəsait ayırdığına görə tənqidlərlə üzləşir.

Müstəqil eskpertlər, hökumətin tənqidçiləri hesab edirlər ki, büdcədə infrastruktur xərclərindən başqa, prezidentin ehtiyat fonduna ayrılan vəsaitlərin də bir çox hissəsi məhz tikintiyə sərf edilir. Onların fikrincə, tikitni quruculuq işləri adı altında vəsaitlər korrupsiya yolu ilə büdcədən silinir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG