Ən böyük rus yazıçı və ziyalılarından biri sayılan Fyodor Dostoevski əsərlərinin dərinliyi və mürəkkəbliyinə görə bütün dünyada sevilir. Onu “xaos içindəki sənətkar” adlandıran “Taste of Cinema” saytı yazıçının əsərlərinin təsiri ilə çəkilmiş filmlər haqda yazıb.
Dostoyevskinin qaranlıq dünyasında şər, demək olar, tam hakimdir. Burada yaxşı insan da qeyri-ixtiyari olaraq cəmiyyətin ziddiyyətlərini təkrarlayan idiota çevrilir və yeni Məsih kimi cəmiyyət tərəfindən məhv edilir. Ancaq yenə də insanların qəlbində müəyyən qədər ümid qalır (“Gözəllik dünyanı xilas edəcək”).
Bilavasitə Dostoyevskinin əsərləri əsasında çəkilən filmlər də az deyil. Bunlardan Lukino Viskontinin “Le Notti Bianche” (“Bəyaz gecələr”), Riçard Ayoadinin “The Double” (“Əkiz”) və Rober Bressonun “Quatre Nuits d’un Reveur” (“Xəyalpərəstin dörd gecəsi”) filmlərini göstərmək olar. Ancaq bu yazıda sayt yalnız Dostoyevskinin nəhəng, heyrətamiz və ölməz yaradıcılığından ilham alınaraq çəkilmiş filmlərdən söz açır. Bu, filmin atmosferi də ola bilər, teması da, müəyyən bir qəhrəmanı da.
“Enemy” (“Düşmən”) (Deni Vilnöv, 2013)
Kino tarixində kölgənin qoşalaşması ideyasından çox istifadə edilib. Hətta adama elə gəlir ki, daha bu mövzunun bütün aspektləri işlənib. Ancaq kanadalı rejissor Deni Vilnövün Nobel mükafatı laureatı Xose Saramaqonun romanı əsasında çəkdiyi “Enemy” filmi bu mövzunu eyni zamanda həm yeni, həm də klassik tərzdə işləyir və bu zaman Dostoyevskinin ədəbi töhfəsini də unutmur.
Kinematoqrafik baxımdan uğurlu və cazibədar olan bu film ssenaridən çox vəziyyətdən doğan hisslərə və görüntülərə fokuslanır. Personajlar bir kimlikdən digərinə keçir və yekunda bu iki kimlik birlikdə yaşamağa başlayır.
Xatırladaq ki, Dostoyevskinin “Əkiz”i şizofreniya haqda ilk psixiatrik nəzəriyyələrin yayılaraq qəbul edilməyə başladığı dövrdə çap olunub.
Bu nəzəriyyələrin artıq demək olar köhnəlmiş sayıldığı günümüzdə iki kimlik arasında körpü kimi nə az, nə çox, kinonun özündən istifadə etmək çox maraqlı ideyadır. Filmdə aktyor Ceyk Gillenhaal özünü kinoya çəkilən adam kimi görən insanı canlandırır.
“The Departed” (“Dönüklər”) (Martin Scorsese, 2006)
Bu film ilk baxışdan Dostoyevski yaradıcılığı ilə bağlı görünmür. “Infernal Affairs” (“Cəhənnəm işləri”) Honq Konq filmi əsasında çəkilən “The Departed” gözəl kriminal dram filmi olmaqla yanaşı, xeyirlə şər və onları ayıran mücərrəd sərhəd barədə son dərəcə qaranlıq refleksiyadır.
Xeyir harada bitir? Yaxşı məqsədlə çox pis işlər görülə bilərmi? Film bu suallara yalnız qismən cavab verir. Ancaq bunu da ikili oyunlar, zorakılıq, tamah və yanlışlıq içində üzən dünyada həyatda qalmağa çalışan sevgi olan ağır hekayəni nəql etməklə edir. Əslində filmin ən maraqlı məqamı da Mett Deymon (şər) və Leonardo DiKaprio (xeyir) arasında münasibət və onların Vera Farmiqaya qarşı ortaq məhəbbətidir. Bütün bunlar Dostoyevskinin “İdiot”unu xatırladır.
Di Kaprio və Deymonun qəhrəmanları bir-birini təqib etsə də son nəticədə bir-biri olmadan həyatda qala bilmirlər. Onlar sanki bir bütöv adamdırlar. Onlar bizim hər birimizin iki tərəfidir.
“Pickpocket” (“Cibgir”) (Rober Bresson, 1959)
Rober Bresson bu filmində cibgirliyi sənədli film çəkirmiş kimi göstərir. Heç bir saundtrek yoxdur, sadəcə ətrafın səsi və uğultusu eşidilir.
Cibgir Mişel insanların pullarını oğurlamaqdan böyük, az qala erotik həzz alır. Onun normal həyatı ola bilərdi. Yeganə dostu ona normal iş axtarışındadır. Ancaq o bu yolda davam etməyi və demək olar ki, özünü məhv etməyi seçir. Mişel bir növ Dostoyevskinin iki personajı – Raskolnikov və “Yer altından məktublar” əsərinin qəhrəmanının calağıdır.
Mişel hesab edir ki, oğurluq düzgün adamlar tərəfindən edildikdə cəmiyyət üçün faydalıdır və demək olar əsl vəzifə borcudur. Dostoyevski də qəhrəmanının dili ilə belə demiş və bununla Nitsşenin fövqəlinsanını qabaqlamışdı.