Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:55

Ekspertlər donuz qripinin Azərbaycana keçə biləcəyini deyirlər


Virus «donuz qripi» (SIV) adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb

«Donuz qripi? Gürcüstanda olan virusu deyirsiz? 150 adam yoluxub, deyəsən, axırıncı dəfə də 5 adamın öldüyünü eşitmişdim. Qorxuram? Elə də yox, fikirləşirəm, qorxan gözə çöp düşər. Adam gərək hər şeyi ürəyinə salmasın», – Bakıda yaşayan, üç uşaq anası, evdar qadın Roza İbadova yarızarafat, yarıciddi danışır.

Roza xanımdan fərqli olaraq restoranda xadimə işləyən Bəyaz Hümbətova narahatdır: «Balaca qızım qrip olmuşdu. Sümüklərinə qədər ağrıyırdı, temperaturu vardı, 2-3 gün sudan başqa boğazından nəsə keçmədi. Bərk qorxdum, dedim birdən donuz qripi olar. Şükür, indi babatdır. İştahası da düzəlib, qızdırması da yoxdur. Bircə burnu axır. Ancaq yenə də qorxuram. Nə gizlədim, əlacım olsa, nə özüm evdən çıxaram, nə də uşaqlar».

Bakı sakini İlqar Vəliyev«Gürcüstan budu buradır. Əvvəl-axır bura da gələ bilər», – deyə əndişəsini gizlətmir.

AzadlıqRadiosuna danışan sakinlər donuz qripindən necə qorunmalı olduqlarını bilmədiklərini də söyləyirlər.

«Virus sərhəd tanımır ki...»

Donuz qripi Azərbaycanın iki addımlığındadır. Gürcüstanda artıq virusun 10-a yaxın insanın həyatına son qoyduğu bildirilir. Onun bu qədər yaxınlaşması «Donuz qripi Azərbaycanda da yayıla bilərmi» sualını gündəmə gətirir.

Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev vəziyyətin təhlükəli olduğunu deyir: «Virus sərhəd tanımır ki... Buna görə də əhaliyə xəstəliklə bağlı normal məlumat verməlidir. Vətəndaş bilməlidir ki, donuz qripinə yoluxmanın yolları nədir, özünü necə qorumalıdır. İkincisi də sərhəddə karantin tədbirləri görülməlidir, sanitar xidmət normal işləməlidir».

A.Qeybulla
A.Qeybulla

«Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin?»

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, donuz qripi hava damcı yolu ilə yayılır və buna görə Gürcüstandan Azərbaycana da keçəcək: «Düzdür, bizdə statistika bəzən gizlədilir, amma hesab edirəm ki, buna ciddi yanaşılmalıdır. Yəni, statistikaya, formal şeylərə yox, real nəticələrə baxılmalıdır».

Azərbaycanda donuz qripinə yoluxma şübhəsi varmı? Professor cavab verir ki, rəsmi statistikaya görə, yoxdur, amma o, şübhələndiyini gizləmir: «Necə ola bilər ki, Gürcüstanla bu qədər miqrasiya olsun, bura bir xəstə keçməsin? Ona görə də istisna etmirəm. Yəqin ki, burda da olacaq. O ki qaldı rəsmi statistikanın bunu deyib-deməyəcəyinə, bəli, bu sual altındadır».

Professor bir məqamı - Azərbaycanda əhalinin immun sisteminin zəif olduğunu da xüsusi vurğulayır. O, bunu ərzağın aşağı keyfiyyətli olması, əhalinin stress altında yaşaması ilə izah edir.

Səhiyyə Nazirliyi təkzib edir

Azərbaycanın Səhiyyə Nazirliyi isə yanvarın 7-də ölkədə donuz qripinə yoluxma halının qeydə alınmadığını bəyan edib. Bununla belə, sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi üzündən ölkə üçün real təhlükə kəsb etdiyini bildirir. Bu məqsədlə profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirildiyi deyilir.

Donuz qripinə qarşı vaksin
Donuz qripinə qarşı vaksin

Nazirliyin açıqlamasında sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorların quraşdırıldığı qeyd olunur.

Dövlət qurumu ağır formalı qrip xəstələrinin hospitallaşdırılmasından ötrü Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrıldığını deyir.

«Tək hərarəti olanların yox...»

Həkimlər Assosiasiyasının rəhbəri Q.Əliyev isə hesab edir ki, sərhəddə kompleks şəkildə karantin tədbirləri görülməlidir: «Hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlara gəlincə, hərarətin qalxması təkcə donuz qripi ilə bağlı deyil, adi qriplə də, başqa xəstəliklərlə də əlaqədar olur. Bu gün nazirlik tək hərarəti olanların yox, hərarəti olmayanların da təhlükəsizliyini təmin etməlidir».

Professor A.Qeybulla hesab edir ki, hökumət ilk növbədə profilaktik tədbirlərin görülməsi məqsədilə dövlət proqramı hazırlamalıdır, eləcə də xəstəliyə ciddi yanaşmalı, əhalini maarifləndirməlidir, lazımi dərman preparatları tədarük etməlidir.

A.Qeybulla bir məqama da diqqət çəkir – vaksinasiya. O deyir ki, indi qeydə alınan donuz qripi əvvəlkindən fərqlidir və qrip əleyhinə vaksinlər təsirsizdir.

Professor təəssüflənir ki, çox vaxt xəstələr özbaşına antibiotik qəbul edir, xəstəliyi ayaq üstündə keçirirlər, bu da ağırlaşmalara səbəb olur: «Bu ağırlaşmalar çox vaxt təəssüf ki, qeydə alınmır. Belə bir məlumat var ki, hər il dünyada 250-500 min arası insan qripdən ölür. Rəsmi statistika belədirsə, reallıq ondan iki dəfə çoxdur. Çünki əksər hallarda belə xəstələr qeydə alınmır və ya onların soyuqdəymədən, pnevmoniyadan öldüyü deyilir. Rəsmi statistika reallığı ört-basdır edir».

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus «donuz qripi» (SIV) adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Həmin viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

Donuz qripinə ilk dəfə 2008-ci ilin aprelində yoluxma baş verib.

İlkin əlamətlər və nə etməli

Həkimlər deyir ki, donuz qripinə yoluxmanın əsas əlamətləri bir-iki gün sonra başlayan asqırma, boğaz ağrısı, qızdırma (38-39 °C-yə qədər), öskürək, titrəmə, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, ümumi halsızlıq, zəiflik, gözlərin yaşarması, gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması, ürəkbulanma və iştahasızlıqdır.

Həkimlərdən tövsiyə: insanların kütləvi toplandığı yerlərdə tibbi maskalardan istifadə etmək, əlləri mütəmadi olaraq sabunla yumaq vacibdir. Virus günəş şüası, dezinfeksiyaedici maddələrin və təmizləyici vasitələrin təsiri altında fəallığını itirir ya məhv olur.

Qripə yoluxma zamanı xəstə yataq rejiminə keçməlidir, çoxlu maye, vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Zərərli vərdişləri (alkoqol, siqaret, qəlyan və s.) dayandırmalı, əlavə soyuqdəymədən qorunmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG