Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Trump aborta qadağanı bərpa etdi


D.Trump
D.Trump

ABŞ prezidenti Donald Trump-ın iş başına keçən kimi imzaladığı sənədlərdən biri abortla bağlı olub. Yeni prezident abortu gerçəkləşdirən, yaxud abortla bağlı məsləhətlər verən beynəlxalq qurumların maliyyələşdirilməsini yasaqlayıb.

Bu qaydanı hər dəfə respublikaçılar təzələyir, demokratlar ləğv edir. Qadağanı ilk dəfə 1984-cü ildə Ronald Reagan tətbiq edib, axırıncı dəfə 2009-cu ildə Barack Obama ləğv etmişdi.

QADAĞANIN TƏSİR DAİRƏSİ GENİŞLƏNİR

D.Trump-ın seçki kampaniyası zamanı vəd etdiyi kimi, qadağa ABŞ-ın maliyyələşdirdiyi təşkilatların abortun qanuniləşməsi uğrunda təbliğatına imkan verməyəcək.

Buna da bax-'Trump Qarabağ məsələsini həll edə, Nobel ala bilər'

«The New York Times» yazır ki, əslində, ABŞ qanunları amerikalıların vergiyə ödədiyi pulların aborta xərclənməsinə dünyanın istənilən ölkəsində, hətta abortun qanuni olduğu ölkələrdə icazə vermir. D.Trump-ın qərarı isə qadağanın dairəsini genişləndirir, kasıb ölkələrdə də abortu təbliğ edən QHT-lərin maliyyələşməsini dayandırır.

İnsan haqları fəalları qərara etiraz edirlər. İnauqurasiya mərasimindən bir gün sonra dünyanın müxtəlif ölkələrində minlərlə qadın D.Trump-a etiraz aksiyası keçirib. Ancaq D.Trump-ın müdafiəçiləri də var.

«Biz prezident Trump-ın inkişaf etməkdə olan ölkələrdə doğulmamış uşaqların qətlini təbliğ edən qruplara pul ayrılmasına son qoymasını alqışlayırıq». Bunu Birləşmiş Ştatlarda aborta etiraz edən ən böyük təşkilatın – Milli Yaşamaq Hüququ Komitəsinin prezidenti Carol Tobias deyib.

Polşada abort tərəfdarlarının mitinqi.
Polşada abort tərəfdarlarının mitinqi.

HƏYAT TƏRƏFDARI PREZİDENT

Ağ evin sözçüsü Sean Spicer isə D.Trump-ın bu qərarının onun «həyat tərəfdarı prezident» olduğunu göstərdiyini deyib: «O, bütün amerikalıları, hətta doğulmamış vətəndaşları qorumaq niyyətindədir. Və məncə, bu qərar təkcə həmin dəyərlərə deyil, həm də vergi ödəyicilərinin pullarına ehtiramın nümayişidir».

Tənqidçilərsə prezidentin qərarının qadının reproduktiv sağlamlıq haqqını əlindən aldığını deyirlər. Onların fikrincə, qadağa kasıb ölkələrdə qadınların tibbi xidmətdən, o cümlədən ailə planlanmasıyla bağlı xidmətlərdən məhrum olmasıyla sonuclanacaq.

Buna da bax-Qadınlar Trump-a etiraz edirlər

Sağlamlıq və Gender Bərabərliyi Mərkəzinin prezidenti Serra Sippel «Reuters» xəbər agentliyinə müsahibəsində deyib ki, bu qayda təhlükəli abortların artmasına səbəb olacaq, qadınların həyatı bahasına başa gələcək.

ŞƏXSİ SEÇİMƏ ZİDDİR

Müxtəlif ölkələrdə ailə planlaması və abortlarla məşğul olan beynəlxalq təşkilat «Marie Stopes International» yeni qaydayla razılaşmadığını söyləyib. «The Washington Post» qəzetinin yazdığına görə, qurum həmin qaydanın şəxsi seçimlə bağlı inanca zidd olduğunu bildirib. Təşkilat keçən il ABŞ-dan 30 milyon dollarlıq yardım alıbmış. Bu isə onun donor gəlirlərinin 17%-i deməkdir. «Marie Stopes International» D.Trump-ın qərarının planlanmamış hamiləlikləri və abortları artıracağını bildirir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, inkişaf etməkdə olan ölkələrdə təxminən 225 milyon qadın hamiləliyini önləməyə çalışsa da, kontraseptiv vasitələrdən yararlana bilmir, səbəblərdən biri bu vasitələri əldə etmək imkanının olmamasıdır.

D.Trump-ın BMT-yə səfir seçdiyi Nikki R.Haley onun təyinatıyla bağlı dinləmələrdə abortun əleyhinə, amma kontraseptiv xidmətlərin maliyyələşdirilməsinə tərəfdar olduğunu vurğulayıb.

XS
SM
MD
LG