Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:15

'Trump Qarabağ məsələsini həll edə, Nobel ala bilər'


V.Putin və D.Trump. Kollaj.
V.Putin və D.Trump. Kollaj.

«The Washington Times» qəzeti yazır ki, ABŞ prezidenti D.Trump istəsə, Qarabağ məsələsini həll edib Nobel mükafatını qazana bilər. Məqalədə münaqişənin həlli yolları da təklif edilir.

Yazının müəllifi hökumətlərə yardımı özünün əsas prinsiplərindən biri elan edən «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Sohrab Rob Sobhani-dir.

Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyonadək adamın didərgin düşdüyünü xatırladan S.R.Sobhani-nin fikrincə, Qarabağ münaqişəsinin həlli həm D.Trump, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trump-ın Qarabağa yanaşması Rusiya prezidenti Vladimir Putin-in Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər.

PUTİN-İN MƏQSƏDİ

Müəllif Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu deyir və bunu Rusiyanın Ermənistanda malik olduğu çox böyük idarə vasitələriylə izah edir, Moskvanın Ermənistanı regionda əsas gəmisi hesab etdiyini yazır. «Azərbaycan və Ermənistanı «donmuş münaqişə» vəziyyətində saxlamaq V.Putin-in Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək məqsədinə xidmət edir… ABŞ-ın etibarlı müttəfiqi Azərbaycanla, Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, prezident D.Trump V.Putin-in sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan qüvvə olduğunu çox tezliklə müəyyənləşdirə bilər».

Buna da bax-Dağlıq Qarabağ 'prezidenti' də ömürlük olmaq istəyir

Birləşmiş Ştatlar və Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlliylə məşğul olan Minsk qrupunun üzvləridir. S.R.Sobhani yazır ki, məhz bu qrup vasitəsilə Rusiya nəinki xeyli həll cəhdlərinin qarşısını alıb, üstəlik, Ermənistanı silahlandırmaqla münaqişənin uzanmasına yardım edib.

Qarabağda ermənilərin artilleriyası
Qarabağda ermənilərin artilleriyası

«Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, Yerevanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb», – deyən müəllif həm Azərbaycan, həm də Ermənistanın sülhə layiq olduğunu və Trump-ın hər iki ölkənin xalqına arzuladığı yeni başlanğıcı verə biləcəyini yazır. Onun fikrincə, Trump Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər. Üstəlik, Azərbaycan kimi etibarlı müttəfiqinin yanında dayanmaqla, İran kimi oyunçulara ismarış göndərmiş olar.

HƏLLİN ŞƏRTLƏRİ

Müəllif Qarabağ münaqişəsinin həlli yollarını – şərtlərini də təklif edir. Onun fikrincə, hər şeydən öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycan Avropaya gedəcək qaz kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsiylə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır.

Buna da bax-Tofiq Zülfüqarov Lavrov-un ermənipərəst danışdığını deyir

Müəllif sülhün təmin olunması üçün Qarabağa ABŞ, Rusiya və Fransa qoşunlarının yerləşdirilməsini və bunun haqqını zəngin Azərbaycanın ödəməsini təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan Barışıq və Yenidənqurma Fondunun yaradılmasını, bu fondun bəzi layihələri, məsələn, Bakıdan Ermənistan ərazisinə, oradan da Naxçıvana uzanan dəmiryolun tikintisini gerçəkləşdirməsi fikrini irəli sürür. Və nəhayət, Ermənistanda Sovet dönəmindən qalma Metsamor atom stansiyası əvəzinə ABŞ-Rusiya-Fransanın əməkdaşlığıyla yeni və təhlükəsiz nüvə zavodunun inşasını təklif edir.

Qəzet yazır ki, uzunmüddətli sülhdən ötrü D.Trump Rusiya prezidenti V.Putin-i yola gətirməli, o da öz növbəsində Ermənistan prezidenti S.Sarkisian-ı dilə tutmalıdır. «Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ermənistan xalqını əmin etməli, Yerevana heç vaxt arxa çevirməyəcəklərinə inandırmalıdırlar», – deyən müəllifin fikrincə, Trump Putin-in qarşısına aydın, yığcam və tam maliyyələşdiriləcək iqtisadi yenidənqurma planı qoymalıdır, onu münaqişənin həllinin bütün tərəflərin xeyrinə olacağına inandırmalıdır.

XS
SM
MD
LG