Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:24

Dağlıq Qarabağ 'prezidenti' də ömürlük olmaq istəyir


Dağlıq Qarabağ. Xankəndi.

Fevralın 20-də Dağlıq Qarabağda “konstitusiyaya dəyişikliyə dair referendum” keçirilə bilər.

Yanvarın 18-də separatçı rejimin “parlamenti” yeni konstitusiya layihəsini təsdiqləyib. 20 nəfər layihənin "lehinə", 7-si "əleyhinə" səs verib, 1 nəfərsə bitərəf qalıb.

“Bir şəxsin hakimiyyətinin yenilənməsi baş verir”

Sənədin əleyhinə səs vermiş müxalif "Dirçəliş" fraksiyasının rəhbəri Hayk Khanumian AzadlıqRadiosu-nun erməni xidmətinə bildirib ki, layihənin yalnız bir məqsədi var - Qarabağ "prezidenti" Bako Sahakian-ı hakimiyyətdə saxlamaq: “Bir şəxsin hakimiyyətinin yenilənməsi baş verir”.

Buna da bax:​ Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Bako Sahakian-ın 2-ci prezidentlik müddəti bir neçə aydan sonra bitir. O, mövcud “konstitusiya”ya görə, prezident vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürə bilməz. Yeni layihəyə əsasən, bu il yeni prezidenti parlament seçəcək. "Dirçəliş" fraksiyasının rəhbəri Bako Sahakian-ın üçüncü dəfə də hakimiyyətdə qalacağına əmindir:

“Bu milli məclis yalnız mənim irəli sürdüyüm qanun layihələrinin əleyhinə səs verib, prezident və ya hökumətin irəli sürdüyü qanun layihələrinin heç birini rədd edə bilməyib və prezidentin əmrlərini tam yerinə yetirib”.

“Qadağa Sahakian-a şamil edilməyəcək”

Məlum olur ki, indiki keçid dövrü sona çatandan sonra - 2020-ci ildə eyni zamanda həm prezident, həm də parlament seçkiləri keçiriləndə, artıq iki dəfədən çox namizədlik verməmək qadağası Sahakian-a şamil edilməyəcək. «Bako Sahakian nəzəri cəhətdən həm 2020, həm də 2025-ci ildə namizədliyini verərək 2030-cu ilədək prezident vəzifəsində qala bilər», - Khanumian-ın sözləridir.

Buna da bax:​ Bako Saakyan ATƏT sədrinin şəxsi nümayəndəsi Kasprzyklə görüşüb

Hayk Khanumian Qarabağ rəsmilərinin bu proqramı Yerevanla razılaşdırdığına əmindir. “Dirçəliş” lideri bu “konstitusiya dəyişikliyi”nin arxasında şəxsən Serzh Sarkisian-ın durduğunu deyir: “Serzh Sarkisian özünə daha loyal qrupun, yəni

Bako Sahakian və onun qeyri-siyasi ətrafının hakimiyyətdə qalmasını təmin etmək qərarına gəlib”.

Hakim “Demokratiya” fraksiyasının lideri Vardges Bagrian bu fikirlə razılaşmır. Onun sözlərinə görə, Bako Sahakian hələ prezident kürsüsündə qalmaq istədiyini bildirməyib: “Düşünmürəm ki, kimsə hansısa vəzifəni xalqın maraqlarından və ölkənin təhlükəsizliyindən üstün tutsun. Artsax kürsü davası aparılası vəziyyətdə deyil” (“Artsax” deyərkən, Dağlıq Qarabağ nəzərdə tutulur – red.).

Buna da bax: Bahar Muradova: 'Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir'

“Yaşayarıq, görərik”

Bagrian deyir ki, bu keçid dönəmində şəxslər öz namizədliklərini verməyəcəklər: “Namizədliyi siyasi qüvvələr irəli sürəcək. Qərəz, yaşayarıq, görərik. Mən indi partiyanın onun namizədliyini irəli sürüb-sürməyəcəyini deyə bilmərəm. Bu, qanun pozuntusu deyilsə, deməli, demokratiyaya da zərbə deyil. Heç bir qanun pozuntusu yoxdur”.

Layihənin əleyhinə səs verənlərdən biri də "Daşnaktsutyun" fraksiyasıdır. Ancaq fraksiyanın rəhbəri David İshkhanian deyir ki, onlar hakimiyyətin eyni şəxsdə qalmasını təhlükəli saymırlar. Onun sözlərinə görə, fraksiya seçilən idarəçilik modelini bəyənmir. Başqa sözlə, hökumətin prezidentin rəhbərliyi altında və onun proqramı ilə fəaliyyət göstərməsi, yəni ölkə başçısının həm də baş nazir səlahiyyətlərini icra etməsi daşnakları qane etmir:

“Bu məqam bizdə müəyyən qədər şübhə və narahatlıq doğurur. Bu, yoxlanılmamış idarəçilik sistemidir. Bu model iqtisadi və siyasi inkişafı, eləcə də demokratik prinsiplərin dərinə işləməsini effektiv təmin edə bilməz”.

Buna da bax:​ KTMT: "Brdyuja Qarabağla bağlı bəyanata görə işdən getməyib"

Layihənin əleyhinə səs vermiş "Dirçəliş" və "Daşnaktsutyun" fraksiyaları üzvlərinin fikrincə, “yeni konstitusiyanın qəbul olunacağı halda” Dağlıq Qarabağ əlindəki kiçicik beynəlxalq dəstəyi də itirə bilər.

“Maraqlı tərəflər, o cümlədən çalışıb bizə fayda verməyə çalışan təşkilatlar üçün bütün bunlar müəyyən mənada qəbuledilməz və ya anlaşılmazdır. Digər tərəfdən, Qarabağın beynəlxalq səviyyədə tanınması prosesində biz daim Qarabağda demokratik prinsiplərin möhkəmlənməsinin vacibliyini vurğulamışıq”, - Dağlıq Qarabağ daşnaklarının fraksiya lideri belə deyib.

Buna da bax: 'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'

“Biz Azərbaycanın tətbiq etdiyi dəyişiklikləri gerçəkləşdiririk”

“Müxtəlif parlamentlərdə Artsaxla dostluq qrupları yaradılıb. Əsas kozır da o olub ki, Azərbaycanın avtoritar rejimindən fərqli olaraq, Artsax demokratiyaya bağlıdır. İndi biz Azərbaycanın tətbiq etdiyi dəyişiklikləri gerçəkləşdiririk. Orada da hakimiyyətin bir şəxs və ya ailənin əlində qalmasından ötrü konstitusiya dəyişdirilir. Bunu istər xalqımız, istərsə dostlarımız anlamaya bilər”, - bu isə mümkün dəyişikliklərə Hayk Khanumian-ın reaksiyasıdır. “Dirçəliş” fraksiyasının və eyniadlı partiyanın rəhbəri “Yox” adlı qərargah yaratmaq istədiyini də sözlərinə artırıb. Daşnaklar hələ belə bir məsələni müzakirə etmədiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG