Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

Rəsmi açıqlama: 'O. Gülalıyevin güdülməsi, izlənməsi halları müəyyən edilməyib'


Oktay Gulalıyev xəstəxanada, Bakı, 30 oktyabr 2019
Oktay Gulalıyev xəstəxanada, Bakı, 30 oktyabr 2019

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri bu gün, dekabrın 28-də iki ay öncə hüquq müdafiəçisi Oqtay Gülaliyevin avtomobillə vurulması ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsində Bakı şəhər sakini Oqtay Gülalıyev-in avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir:

“...Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib”

Oktay Gülalıyevin son durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Məlumatda qeyd edilir ki, istintaqın gəldiyi ilkin nəticələrə əsasən hadisənin qəsdən törədilməməsi barədə oktyabrın 31-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri ictimaiyyətə ətraflı məlumatlar veriblər. Açıqlamada vurğulanmasına görə, buna baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli olaraq hadisənin guya qəsdən törədilməsi ilə bağlı cəmiyyətdə yanlış fikirin formalaşdırılmasına xidmət edən əsassız məlumatlar yayılblar:

“Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur. Belə ki, istintaq zamanı müəyyən edilib ki, O.Gülalıyev hadisə yerindən tamamilə kənarda Xətai rayonu ərazisində yaşayır və həmin gün hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə ilə gəlmiş, həmin marşrutdan gündəlik və ya daimi olaraq istifadə etməyib. Həmçinin müəyyən edilib ki, sürücü K.Abdullayev sentyabr ayından etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət edib”

Mətbuat xidmətlərinin bildirməsinə görə, hadisədən əvvəl 2 saat ərzində sürücü K.Abdullayevin və O. Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücünün zərərçəkəni 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilib:

“Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olub, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməyib, sürücü tərəfindən O.Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib”

Açıqlamada habelə yazılıb ki, Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü K.Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıb:

“İstintaq zamanı sürücü K.Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanıb. Müəyyən edilib ki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olub, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlib, 2019-cu ilin iyun ayından etibarən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. Ailəlidir, bir övladı var. Əvvəllər məhkum olunmayıb”

Mətbuat xidmətləri qeyd ediblər ki, K.Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs O. Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması da müəyyən edilib:

“ Eləcə də sonuncunun hadisədən əvvəl izlənilməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə O. Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü K.Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb”

Xatırlatma

Bu il oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakıda avtomobil vurub.Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.Məlumatlara görə, qəza baş verəndən sonra onu vuran avtomobilin sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.O.Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital” xəstəxanasına köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan Türkiyəyə aparılıb , noyabrın 20-də də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Hələ də komada olan hüquq müdafiəçisinin Türkiyədə müalicəsi davam etdirilir.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 31-də də Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin birgə açıqlamasında hadisənin qəsdən törədilməsinə dair fikirlərin əsassız olduğu iddia edilib.

Hadisəni törədən sürücü də Azadlıq Radiosuna bunun təsadüf olduğunu söyləyib.

Amma bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı deyilənlərə şübhə ilə yanaşırlar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri əsassız sayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG