Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:46

Qazaxıstanda dindarları nə gözləyir


Qazaxıstan məscidində bayram namazı
Qazaxıstan məscidində bayram namazı

Qazaxıstanda «Dini fəaliyyət haqqında» yeni qanun layihəsi irəli sürülüb. Sənəd ölkənin Dini İşlər və Vətəndaş Cəmiyyəti Nazirliyinin internet səhifəsində yerləşdirilib. Hazırda qızğın müzakirə olunan bu qanun layihəsində müxtəlif sahələrə aid 16 mövcud qanuna 60 düzəliş nəzərdə tutulub. Sənədin payızda Qazaxıstan parlamentinin müzakirəsinə çıxarılacağı gözlənilir. Qəbul edilərsə, Yeni ilədək prezident onu imzalaya bilər.

Qanun layihəsində istər dövlət qurumları və dövlət qulluqçularının işinə, istərsə də ölkənin adi vətəndaşlarının gündəlik həyat tərzinə toxunan müddəalar var.

DƏYİŞİKLİKLƏR

Bəs bu yeni qanunun qəbulu ilə bağlı Qazaxıstan sakinlərini nə gözləyir?

Dini sahədə qanun pozuntularına görə məsuliyyət sərtləşdiriləcək: cərimələr daha yüksək olacaq, qanunsuz təbliğata görə indikindən daha ciddi məsuliyyət nəzərdə tutulacaq.

***Buna da bax-Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər

İctimai yerlərdə üzü bağlayan, «üzün tanınmasına mane olan» dini geyimlərin geyilməsi yasaqlanacaq. Qeyd edək ki, bu müddəada vəzifə xidmətlərinin icrası, tibbi fəaliyyət, vətəndaşların müdafiəsi, idman və tamaşa xarakterli kütləvi tədbirlərdə iştirakla bağlı üzünü örtməli olan şəxslər istisna edilir.

Ancaq bununla yanaşı, qanunda İslamın qeyri-ənənəvi dini cərəyanlarının təmsilçilərinin qısa şalvarlar geyinməsi və uzun saqqal saxlamasını qadağan edən hər hansı norma yoxdur. Halbuki, daha öncə ölkə prezidenti Nursultan Nazarbaev belə bir qadağanın tətbiqini təklif edirdi.

Qanunda dövlət qulluqçularının iş vaxtı dini müəssisələrə getməsini qadağan etmək təklif olunur.

Uşaqlarını peyvəndlərdən yayındırmağa cəhd edən valideynlər 68 dollar cərimə ödəməli olacaqlar.

Dini birlik rəhbərlərinin hər iki valideynin yazılı icazəsi olmadan yetkinlik yaşına çatmamış şəxslərin birliyə cəlb edilməsinə görə ödəməli olduğu cərimənin həcmi artırılır. Bundan sonra bu məbləğ təqribən 680 dollar olacaq.

***Buna da bax-Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz

Yalnız öncə ölkə daxilində və yalnız müəyyən təhsil müəssisələrində dini təhsil almış şəxslərin xarici dini ali məktəblərdə oxumasına icazə veriləcək.

Qazaxıstanda ilk dəfə ateistlərin hüquqları dindarların hüquqları ilə eyni tutulacaq: hər ikisinin hisslərini təhqir etməyə görə 680 dollardan 2000 dollara qədər cərimə nəzərdə tutulub.

DİNDARLAR NARAZIDIR

Qanun layihəsində Avropanın bir çox ölkələrinə aid presedentlərdən nümunələr gətirilir. Belçika, Niderland, Fransa və Bolqarıstanda belə qadağaların olduğu vurğulanır. Qeyd edilir ki, hətta Özbəkistanda 1998-ci ildə qəbul edilmiş qanuna görə, ölkə vətəndaşlarının ictimai yerlərdə dini geyimlərdə görünməsi qadağandır.

Sənədin daha bir maraqlı cəhəti burada «destruktiv ideoloji cərəyanlar» ifadəsinin işlədilməsidir. Qanun layihəsində «destruktiv ideoloji cərəyanlar»a mənsubiyyət sərgiləyən xarici atributların ictimaiyyət arasında geyilməsi və yayılması qadağan edilir.

Qeyd edək ki, bu kəskin dəyişikliklər Qazaxıstanda heç də hər kəsin ürəyincə deyil. Narazı olanlarsa çox zaman məhz dindarlardır.

«Bu düzgün deyil. İnsan dindardırsa, o, ilk öncə insandır və onun öz hüquqları var», – deyə Almatı küçələrində rəyi soruşulanlar gileylənirlər.

«Hamı bilir ki, sovet vaxtı Qazaxıstanı Dinmukhamed Kunaev ayağa qaldırıb. Özü də onun qeyri-iş vaxtı Kremldə namaz qılmasına dair faktlar var. Ona görə də mənə elə gəlir ki, qeyri-iş vaxtı namaz qılmaq olar», – məmurların iş vaxtı dini ayinlər icra etməsinin yasaqlanmasına dair müddəalara qarşı olanlar deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG