Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Deputat və hakimlərin maaşları artdı


Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Azərbaycanda Milli Məclis spikerinin, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə sədrinin maaşları artırlıb. Bununla yanaşı Milli Məclisin sədrinin müavinlərinin, deputatların, bütün məhkəmə hakimlərinin maaşları da yüksəldilib.

Prezident İlham Əliyev mayın 12-də bir neçə sərəncam verib və qanunlara dəyişiklikləri imzalayıb. Maaşlara edilmiş artımlar mayın 1-dən hesablanacaq.

Ali Məhkəmənin sədrinin maaşı artdı

Ölkə başçısı “Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsinə edilen deyişikliyi təsdiq edib.​

Həmin maddə “Hakimlərin maddi təminatı” adlanır. Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinin maaşı 2070 manatdan 2280 manatadək artırılıb.

Qanunun 106-cı maddəsinə görə, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrləri Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi, ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati-iqtisadi məhkəmələrin sədrləri isə 80 faizi həcmində əməkhaqqı alır. Başqa məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi, bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində əməkhaqqı nəzərdə tutulur. Qanun Ali Məhkəmənin, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə məhkəmə sədrinin vəzifə maaşının 85, bütün məhkəmələrin hakimlərinə isə 80 faizi həcmində əməkhaqqı müəyyən edir.

Ali Məhkəmənin sədrinin maaşı artdığından müvafiq olaraq, başqa hakimlərin maaşları da artacaq.

Buna da bax:Gömrük, həbsxana işçilərin də maaşları artdı.

Konstitusiya Məhkəməsi sədrinin də ...

Ölkə başçısı “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişikliyi də təsdiq edib.

Həmin qanunun “Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı” adlanan 71-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2120 manatdan 2335 manata qaldırılıb.

Ilham Əliyev
Ilham Əliyev

​Həmin qanuna görə, Konstitusiya Məhkəməsi (KM) sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90, KM-nin hakiminin aylıq vəzifə maaşı isə sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir. Beləcə onların da əməkhaqqısı artıb.

Deputatlar da unudulmayıb

Ölkə başçısı həmçinin, deputatların əməkhaqqsının artımını da təsdiq edib. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun “Deputatın maddi təminatı” adlanan 21-ci maddəsinə dəyişiklik edilib.

Dəyişiklik Milli Məclisin (MM) sədrinin 2250 manat miqdarında olan aylıq vəzifə maaşının 2475 manata artırılmasını nəzərdə tutur.

MM sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 90, müavin isə 85 faizi həcmində maaş alır. Komitə və komissiya sədrlərinin, onların müavinlərinin maaşı da müvafiq olaraq 80 və 75 faizlə hesablanır. Deputatlar isə, sədrin maaşının 70 faizi miqdarında aylıq əməkhaqqı alırlar.Onların da maaşı da beləcə artmış olub.

Ölkə başçısı qanunlara edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı sərəncamlar da verib.

Ötən həftə Milli Məclis bütün bunlarla bağlı qanunvericiliyə edilən dəyişiklikləri qəbul etmişdi. Prezidentin sərəncamları ilə həmin dəyişikliklər qüvvəyə minmiş oldu.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG