Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:18

Deputat: 'O zaman o pulun – 50 min manatın öz gücü, öz çəkisi vardı'


E.Nəsirov
E.Nəsirov

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya itkin düşən hərbi qulluqçuların vərəsələrinin bəziləri onlara çatacaq 11 min manatı ala bilmirlər. Onların sözlərinə görə, həlak olan yaxınlarının soyadını, adını, atasının adını uyğun sayta daxil edəndə ödənişin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bunun yoluna qoyulması məqsədilə dəfələrlə rəsmi qurumlarda, o cümlədən Prezident Administrasiyasında qəbulda olublar. Sonuncu dəfə onlara məhkəmələrə müraciət etmələri tövsiyə edilib.

AzadlıqRadiosu bununla bağlı YAP-çı deputat Elman Nəsirovdan müsahibə alıb.

- Bütünlükdə şəhid ailələrinə ödəniş edilir. Sadəcə, müəyyən adamlarla bağlı anlaşılmazlıqlar olub. Bizim qurumlar, nazirliklər insanları qəbul edib dinləyiblər, bununla bağlı televiziyada izahat da verilib. İndi araşdırma aparılır ki, hər şey qanun çərçivəsində olsun.

- Problemlə üzləşən bir çox ailələrə məhkəməyə müraciət etmələri deyilib. Sizcə, niyə rəsmi qurumlar problemi özləri həll etməyə çalışmır, həmin şəxsləri məhkəməyə yönləndirirlər?

- Səbəb odur ki, şəhid ailələrinin tələbləri lazımi səviyyədə, yerində olmur. Tutalım, ailənin üzvü şəhid olub, onun həyat yoldaşı, qardaşı və ya bacısı bununla bağlı suallara cavab verə bilmirlər, bunu sübut edən, təsdiqləyici sənədlər olmur və ya bu sənədlərdə problem yaranır. Bununla bağlı indi arxivdə araşdırma gedir. Bəzən ayrı-ayrı hallarla bağlı razılıq əldə edilsə də, bəzən də ortaq məxrəcə gəlmək mümkün olmur. Tərəflərin hər biri özünün haqlı olduğunu sübut etmək istəyir. Amma burada dəyişməz həqiqət odur ki, bu, cənab prezidentin təşəbbüsüdür və 11 min manat şəhid ailəsinə verilir. Mütləq əksəriyyət həmin pulu problemsiz ala bilir. Ancaq bəzən də müvafiq qurumlar sənədlə sübut edirlər ki, həmin pul alınıb, şəhidin vərəsəsi isə almadığını bildirir. Bu halda hüquqi dövlətdə necə olmalıdır? Təbii ki, bu işə məhkəmədə baxılmalıdır, başqa variant qalmır. Tərəflərin hər biri özünün haqlı olduğunu sübut etmək istədiyindən məsələni məhkəmə ayırd edə bilər.

Əsgər ailələri prezidentlə görüş tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

- Vətəndaşların bəzisi məhkəməyə etimadla yanaşmır, üstəlik də, məhkəmə aylarla vaxt apara bilər deyə, problemin yerindəcə, müvafiq qurum tərəfindən həllini istəyirlər. Sizcə, niyə ölkə vətəndaşlarının bir çoxu məhkəməyə etimad göstərmir, onun qərarlarına şübhəylə yanaşır?

- Doğrudur, ölkə vətəndaşının bəziləri məhkəməyə inanmır. «Bütün vətəndaşlar məhkəmədən narazıdır» söyləmək doğru olmazdı. Bu, inamsızlıq ola bilər. Ancaq bir şeyi vətəndaş bilməlidir ki, bu məsələylə bağlı cənab prezidentin siyasi iradəsi var, onun təşəbbüsü ilə bu həyata keçirilir. Hətta ayrı-ayrı məhkəmələrdə bu və ya digər xoşagəlməz hal olsa belə. Hətta məhkəmədə biləndə ki, cənab prezidentin siyasi iradəsi ortadadır, qanunazidd addım ata bilməzlər. Ona görə də hesab edirəm ki, vətəndaşlar bu məsələdə məhkəməyə inamsızlıq fonunda addım atmasınlar, məhkəməyə inansınlar. Vəkil xidmətindən istifadə edərək axıra qədər haqlı tələblərini həyata keçirməyə çalışsınlar. Hesab edirəm ki, ciddi problem olmamalıdır.

- Yaxını döyüşdə həlak olmuş Əli Mustafayev AzadlıqRadiosuna deyib ki, onlara 1981-ci ildə vəfat etmiş şəxsin adından 1994-cü ildə ərizə yazılaraq sığorta pulunun alınması haqqında sənəd verilib. Sənəddəki imzalar da fərqlidir. Bunun özü rəsmi quruma şübhə yaratmırmı?

- Hesab edirəm ki, elə ayrı-ayrı hallar, epizodlar olsa belə, bu, bütünlükdə Azərbaycan məhkəmə sisteminin və ya icra qurumlarının obyektiv olmaması anlamına gəlməməlidir. Siz konkret epizoddan danışırsınız. Bəli, ona görə də həmin şəxslər məhkəməyə yönləndirilir, vətəndaşın haqlı tələbi orda araşdırılır.

- Doğmaları döyüşdə həlak olanların yaxınları o zaman vərəsə kimi 50 min manat və ya belə deyək 5 «şirvan» alsalar da, bunun çox az olduğunu bildirirlər. Hamı kimi onlara da 11 min manat ödənilməsini istəyirlər. Hətta ekspertlər də onlara haqq verir. Sizcə, vətəndaş bu tələbində haqlıdırmı? Bu məbləğ ödənilə bilərmi?

- O zaman o pulun – 50 min manatın öz gücü, öz çəkisi vardı. Bugünkü reallıqda həmin 50 min manat dəyərə malik deyil. Hər bir hadisəyə öz zamanı kontekstində qiymət vermək lazımdır. Hesab edirəm, məsələyə bu baxımdan yanaşmaq daha düzgün olardı. Amma istənilən halda mən də millət vəkili olaraq düşünürəm ki, problem həllini tapmalıdır. Məhkəmə orqanı lazım gələrsə, bu prosesdə fəal iştirak etməlidir, təki haqq-ədalət yerini tapsın, təki şəhid ailələrinin haqqı pozulmasın. Bizim dövlətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı durur.

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG