Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Dünya reytinqində adı olmayan universitet niyə dünya qiyməti ilə haqq alır?


Nazirlik tələbələrə kredit vəd edir - kimlər ala biləcək?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Nazirlik tələbələrə kredit vəd edir - kimlər ala biləcək?

Yeni tədris ilində tələbələrə təhsil haqqını ödəmək üçün kredit almaq imkanı vəd edilir. Təhsil nazirinin müavini İdris İsayev bugünlərdə yerli mediaya müsahibəsində belə deyib. Trend İnformasiya Agentliyinin xəbərinə görə, nazir müavini hazırda tətbiq olunacaq yeni tələbə krediti sistemi ilə bağlı son müzakirələr getdiyini deyib:

“Kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq”.

Amma İdris İsayev hələlik kreditlərin hansı şərtlərlə, hansı formada verilməsi haqda detallı məlumat verməyib.

Təhsil Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə bu məsələ hazırda müzakirə mərhələsindədir. Təhsil və Maliyyə Nazirliklərinin mütəxəssisləri yekun qərar qəbul etdikdən sonra məsələnin mahiyyəti ilə bağlı daha detallı məlumat veriləcək.

Təhsil haqqı azaldılmalıdır

Təhsil Araşdırmaları Mərkəzinin hesablamasına görə, son 5 ildə 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universiteti yarımçıq qoymalı olub.

Belə tələbələrdən biri də 23 yaşlı Semral Müzəffərlidir. O, özəl universitetlərdən birində tarix fakültəsinə qəbul olub. Amma imkansızlıq ucbatından ikinci kursdan təhsilini yarıda saxlayıb:

“İmkan zəif idi, ödəyə bilmədik. İldə 3 min 500 manat təhsil haqqı çox idi. Universitet də heç bir köməklik etmədi. Məcbur qalıb ikinci kursdan universitetdən çıxdım”.

Hökumət bəyan edir ki, Azərbaycanda ali təhsil hər kəs üçün əlçatımlı olmalıdır. Bu məqsədlə 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi Təhsil Fondu” yaradılıb. Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, fond gözləntiləri doğrultmayıb. O, bidirir ki, bu fond kreditləri illik gəliri 10 min manat olanlara, yüksək qiymətlə oxuyanlara verir. Üstəlik cəmi bir neçə ali məktəblə müqaviləsi var.

İsa Həbibbəyli
İsa Həbibbəyli

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli də razılaşır ki, Fond məhdud imkanları çərçivəsində əldə etdiyi maliyyə vəsaitləri hesabına tələbələrə kredit verir. Bu isə çox geniş miqyası əhatə etmir.

Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov bunun yalnız vəd olaraq qalmayacağına ümid edir. O bildirir ki, Azərbaycanda təhsil kreditlərinə olduqca böyük ehtiyac var:

“Azərbaycan ali məktəblərində təhsil haqları əhalinin real vəziyyətinə uyğun deyil. Kifayət qədər yüksəkdir. Azərbaycandakı ali məktəblərin bir çoxu dünya universitetlərinin reytinqlərində yoxdur. Amma illik təhsil haqqı reytinqlərə düşən universtitlərin bəzisindən daha çoxdur. Azərbaycanın ali təhsil müəssisələri bazarın tələblərinə uyğun kadrlar da hazırlamır. Ona görə də hesab edirəm ki, ilk növbədə təhsil haqları aşağı salınmalıdır, ikincisi isə tələbələrə mütləq mənada təhsil kreditləri verilməlidir”.

AzadlıqRadiosu bu barədə tələbələrin də fikirlərini öyrənib:

Sizcə tələbə kreditləti hansı şərtlərlə verilməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Hələlik yalnız vəd var

Kamran Əsədov deyir ki, Azərbaycanda əhalinin cəmi 17 faizi ali təhsillidir. Onun fikrincə, təkcə bu rəqəm hökuməti bu məsələyə ciddi yanaşmağa, ali təhsilin qarşısındakı əngəlləri aradan qaldırmağa vadar etməlidir.

Tələbələrə güzəştli şərtlərlə kreditlərin verilməsi tez-tez parlament tirubunasından da səslənib. Hətta millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli də "Təhsil kreditləri haqqında" alternativ qanun hazırlayıblar.

Amma 2018-ci ildə maliyyə naziri Samir Şərifov demişdi ki, kreditlərin qaytarılması ciddi suallar doğurur. Banklar da bu riski öz üzərlərinə götürüb, təhsil krediti vermək istəmir. O hələlik mexanizm tapılmadığını bildirmişdi.

Bu günlərdə isə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli də 525-ci qəzetə deyib ki, tələbə kreditlərinin verilməsi ilkin kapital qoyuluşu tələb edir. Ona görə də maliyyə-bank sektoru, ya da özəl sektorun nümayəndələri, iş adamları bu prosesdə iştirak etməlidirlər.

Hələlik, səslənən problemlərin həlli yollarının necə tapıldığı, təhsil krediti almağın şərtləri bəlli deyil. Bəlli olan yalnız təhsil nazirinin müavini İdris İsayevin vədidir.

Təhsil Araşdırmaları Mərkəzinin məlumatına görə, Azərbaycanda 164 min tələbənin 70 faizi ödənişli əsaslarla təhsil alır. Buna görə də tələbə kreditlərinə ehtiyac kəskindir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG