Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:43

Toxun acdan xəbəri olmaz: Təhsil krediti qanunu niyə ləngidilir?


Təhsil haqqını ödəyə bilməyənlər danışır. Kimdən kömək umsunlar?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Təhsil haqqını ödəyə bilməyənlər danışır. Kimdən kömək umsunlar?

Ali məktəbə qəbul olanların son qeydiyyat tarixi avqustun 28-dir. Bu vaxta qədər onlar müvafiq sənədlərlə yanaşı, illik təhsil haqqını da ali məktəbə köçürməlidirlər.

17 yaşlı Dalida Usova deyir ki, vaxt daraldıqca həyəcanı daha da artır. Bakıdakı “Təmiz Dünya” Təşkilatının sığınacağında yaşayan Dalida Mədəniyyət və İncəsənət Universitetinin təsviri və incəsənət ixtisasına - ödənişli qəbul olub. İndi ayın 28-nə qədər 1800 manat ödəməlidir:

“Ümumiyyətlə, ən böyük azrum universitetə qəbul olunmaq idi. Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Biz Təhsil Nazirliyinə illik təhsil haqqından azad olunmağımızla bağlı müraciət etmişik. Amma hələ ki bir xəbər yoxdur”.

Dalida deyir ki, ali məktəbə qəbul olunduğunu ilk dəfə eşidəndə hədsiz sevinib. Amma bu sevinci uzun çəkməyib. Ödənişliyə düşdüyünü eşidəndə məyus olub.

Təhsil haqları durmadan artır

Təhsil Araşdırmaları Mərkəzinin eksperti Kamran Əsədov deyir ki, indi bir çox ailələr təhsil haqqını ödəməkdə çətinliklə üzləşir. Onun hesablamalarına görə, 2018-2019-cu tədris ilində təhsil haqları bir il öncə ilə müqayisədə 300-500 manat, tibb ixtisaslarında isə 1500 manat artıb:

“Hazırda bəzi ailələr illik təhsil haqqının ödənilməsi ilə bağlı ciddi problemlər yaşayırlar. 2018-2019-cu tədris ili üzrə Azərbaycanın ali məktəblərində 45 min plan yeri ayrılıb, bunların 71 faizi ödənişli əsaslarladır. Ödənişli təhsil haqları da kifayət qədər yüksəkdir. Bu gün Azərbaycanda maksimum təhsil haqqı 6500 manat, minimum Bakıda Dillər Universitetində 1000 manat, regionlarda 1300-1700 manat arasında dəyişir”.

Kamran Əsədov
Kamran Əsədov

Kamran Əsədov ali məktəblərin son 5 il ərzindəki illik hesabatlarını analiz edib. Onun sözlərinə görə, bu müddətdə 7 min tələbə məhz illik təshil haqqını ödəyə bilmədiyindən təhsilini yarımçıq saxlayıb.

Bakıdakı xarici dil kurslarından birinin rəhbəri Bəxtiyar Hacıyev deyir ki, xarici ölkələrdə belə hallarda tələbələrin köməyinə təhsil kreditləri çatır:

“Birincisi təhsil kreditləri tələbənin ancaq bir illik təhsil haqqını qarşılamır, kredit tələbənin ümumilikdə, təhsilini başa vurana qədər xərclərini, o cümlədən ev kirəyasi xərclərini də əhatə edir. Digər tərəfdən, təhsil kreditinin faizləri çox aşağı olur. Hətta bəzi ölkələrdə illik 1 faiz. Üstəlik də təhsil kreditləri uzun müddətli verilir. Tələbənin universiteti bitirib, iş tapması və sonradan krediti qaytara bilməsi nəzərə alınır”.

Bəs, Azərbaycanda təhsil haqlarını ödəməkdə çətinliklərlə üzləşən ailələr üçün hansı imkanlar var? Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz Facebook hesabında yazır ki, qanunvericiliyə görə, aşağıdakı kateqoriyalara aid edilən tələbələr təhsil haqqından azaddılar:

məcburi köçkün və şəhid ailəsi statusunu alan ailənin üzvləri;

dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olanlar;

2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycanın müdafiəsi zamanı əlil olmuş və ya həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.

Bəs qalan imkansızlar nə etsinlər?

Bəs, bu kateqoriyaya aid olmayan ailələr necə? Bu ilin yanvarında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli parlamentdəki çıxışında demişdi ki, “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanır:

“Bu qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib. Bununla bağlı dünya təcrübəsini öyrənirik. Amma ötən il təhsil haqqları ilə bağlı şikayətlər azalıb. Buna da təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması səbəb olub”.

Təhsil haqları ilə bağlı problemləri qismən həll edə bilmək üçün “Maarifçi Kredit Fondu” 2 il öncə yaradılıb. Bu Fond birinci kursu başa vuran, yüksək nəticələr göstərən, lakin təhsil haqqını ödəyə bilməyən tələbələrə illik 8 faizlə və güzəştli şərtlərlə hətta 4 faizlə kredit ayırlmasına razılıq verir. Tələbə universiteti bitirdikdən sonra krediti qaytarmağa başlayır.

Lakin Kamran Əsədov deyir ki, bu fond 13 ali məktəblə müqavilə bağlayıb, ötən iki ildə 200 nəfərin müraciətinə müsbət rəy verilib. Onun fikrincə, bu olduqca azdır və problem həll olunmamış qalır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizcə, dövlət övladı ödənişli fakültəyə düşən ailələrə necə kömək edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Eksertlər çıxış yolunu Azərbaycanda tələbə kreditlərinin tətbiqində görürlər. Bəs, illərdir masa üstündə qalan “Tələbə krediti” haqda qanun layihəsi nəhayət ki, müzakirəyə çıxırılacaqmı? Bunu zaman göstərər.

Amma ekspertlər düşünürlər ki, bu qanun layihəsi qəbul olunarsa, Azərbaycanın 54 ali təhsil müəssisəsində oxuyan 164 min tələbənin azı yarısı ondan yararlana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG