Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:27

Deputat: 'Cümhuriyyəti quranların hamısının şəklini ekran boyu yerləşdirək?'


N.Cəfərov
N.Cəfərov

«Bu gün Azərbaycan Respublikasının liderlərinin AXC liderlərinə qısqanclıqla yanaşması haqda deyilənlər doğru deyil, belə məsələ yoxdur.

...Liderlərimizi qarşı-qarşıya qoymaq doğru olmaz, Əliyevin şəklinin televiziya ekranında olması varisi olduğumuz Cümhuriyyətin ideallarının həm də təcəssümüdür. Burda ziddiyyət yoxdur». YAP-çı deputat Nizami Cəfərov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

O, müsahibəyə Cümhuriyyətin yüzilliyinin necə qeyd olunması ilə bağlı təəssüratlarını bölüşməklə başlayıb:

- Bu il Cümhuriyyət ilidir. Ona görə də əvvəlcədən xeyli hazırlıq görülüb. Elə bilirəm ki, cəmiyyətimizin ən müxtəlif təbəqələri, orta məktəb şagirdlərindən tutmuş universitet tələblərinə, dövlət orqanlarına, ictimai təşkilatlara qədər hamısı bu prosesə qoşuldu. Ölkə daxilində və xaricində tədbirlər keçirildi. Çoxlu sayda elmi konfranslar baş tutdu, elmi əsərlər nəşr edildi. Cümhuriyyətin tarixinin dərki üçün yeni imkanlar əmələ gəldi. Tədqiqatçılarımızdan Şirməmməd Hüseynovun, Vilayət Quliyevin, Ülkər Hüseynovanın və başqalarının işləri həm elmi baxımdan əhəmiyyətlidir, həm də ideoloji. Eyni zamanda, AXC dövründəki hadisələr, ictimai-siyasi proseslər hərtərəfli öyrənildi. Əvvəldən də Yaqub Mahmudovun rəhbərliyi ilə AXC ensiklopediyası hazırlanmışdı. Kifayət qədər mükəmməl ensiklopediya idi. Bugünlərdə o ensiklopediya xeyli zənginləşdirildi. Bir istiqaməti də qeyd etmək istərdim. Türk respublikaları arasında yalnız Azərbaycan müstəqilliyinin yüzilliyini qeyd edir. Azərbaycanda müstəqil, demokratik dövlətçiliyin yüzillik tarixinin qeyd olunması ölkənin türk dünyasında nüfuzunun göstəricisidir. Bir mühüm məsələ də var. Prezident İlham Əliyev bunu 28 mayda çıxışında da dedi. Bu da elə Cümhuriyyətin qurulması qədər əhəmiyyətlidir.

- Söhbət nədən gedir?

- Müstəqil dövlət qurulandan sonra müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyəti rəsmən yeni yaranan cümhuriyyətin sələfi elan olundu. Yəni müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edildi. Bu, tək sözdə olmadı, bu, həm də rəsmi atributların qəbul edilməsi, AXC-nin indiki ictimai-siyasi-sosial təfəkkürümüzdə sələf kimi qəbul olunması, mənimsənilməsidir. Bu, çox mühüm tarixi hadisədir.

- Deyirsiniz ki, Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan AXC-nin varisi elan olundu. Amma məhz 1991-ci ildə Müstəqillik Aktı qəbul olunanda Azərbaycan özünü Cümhuriyyətin varisi elan etmişdi.

- O, başlanğıc idi. Bu, sadəcə Müstəqillik Aktı idi. Bir də var, 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və bu məsələ Konstitusiyanın əvvəlində daha geniş şəkildə qeyd edildi. Bu varislik əhval-ruhiyyəsi xalq hərəkatı başlayanda da var idi. Amma əhval-ruhiyyə ayrı şeydir, dövlət Konstitusiyası, onun tətbiqi tamam ayrı.

- Cümhuriyyət günündə bütün televiziyalarda Heydər Əliyevin şəkli ekranların küncünə yerləşdirilmişdi. Sizcə, bu ədalətlidirmi? Axı, 1918-ci il dövlətini quranlar var, Cümhuriyyət günündə konkret onlarla bağlı nəsə ekrana gətirilməli deyilmi?

- Rəsmi qəbul olunmuş bir şey var. Dövlət bayramlarında həmişə televiziyanın müəyyən yerində Heydər Əliyevin şəkli yerləşdirilir. Bu standartdır. Necə ola bilər? Cümhuriyyətin yüzilliyi qeyd olunur, bu Cümhuriyyəti quranların da hamısının şəklini ekran boyu yerləşdirək? Mümkün olan şey deyil. O etiketdir, standartdır, modeldir. Ona görə də orda Azərbaycanın müasir dövlətini quran şəxsin şəkli yerləşdirilir. Mən hələ onu deyim ki, Cümhuriyyətin liderləri, onların tərcümeyi-halı haqqında təsəvvürlərimiz müəyyən deyil, bəzi məsələlər qaranlıqdır. Cümhuriyyət liderləri arasında müxtəlif münaqişələr olub. Məsələn, 1920-30-cu illərdə Əlimərdan Topçubaşovla Məmməd Əmin Rəsulzadə arasında konflikt yaşanıb. Bəzən tarixi həddən artıq idilliyalı, ya romantik qəbul etsək də, bu, siyasətdə, siyasi tarixdə özünü doğrultmur. Bir də, Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdə iqtisadi baxımdan gərginliklər olsa da, 2000-ci illərdə Cümhuriyyət xadimlərinin hamısının yubileyləri keçirildi, haqlarında monoqrafiyalar çap edildi. Bu gün Azərbaycan Respublikasının liderlərinin AXC liderlərinə qısqanclıqla yanaşması haqda deyilənlər doğru deyil, belə məsələ yoxdur.

- Nizami bəy, Cümhuriyyətin günündə niyə Əliyevin şəkli qoyulmalıdır, bəlkə sadəcə, bayrağı qoymaqla da kifayətlənmək olardı?

- Üçrəngli bayraq da qoyulur, ümummilli liderin şəkli də. Bütün bayramlarda ikisi bir yerdə yerləşdirilir, belə müəyyənləşib. Müstəqil dövləti quran, onu dağılmaqdan xilas edən ümummilli liderdir. Liderlərimizi qarşı-qarşıya qoymaq doğru olmaz, Əliyevin şəklinin televiziya ekranında olması varisi olduğumuz Cümhuriyyətin ideallarının həm də təcəssümüdür. Burda ziddiyyət yoxdur.

- Siz söhbətin əvvəlində Cümhuriyyətin yubileyinin yüksək səviyyədə qeyd olunduğunu söylədiniz, ancaq yüzilliyin rəsmi səviyyədə çox sönük keçdiyini, ötən illərdən fərqlənmədiyini deyənlər də var. Bəlkə parad, bəlkə nümayişlər keçirilə bilərdi. Daha fərqli, daha təmtəraqlı keçirilməsini gözləyənlər vardı.

- Düşünürəm ki, müasir dünyanın və bizim gəlib çıxdığımız bir səviyyə var. Bir vaxtlar bayramlarda daha çox primitivliyə qədər gedən kütləvilik olurdusa, indi daha çox intellektual səviyyə, yüksək mədəni səviyyə gözlənilir. Tək Azərbaycanda yox, dünyanın hər yerində dövlətin müstəqilliyini qeyd etməyin müəyyənləşdirilmiş standartları var. Burda küçə nümayişlərinə xüsusi ehtiyac yoxdur. Daha yaxşı olardı ki, vətəndaşlarımız Cümhuriyyətin tarixini elmi, intellektual, mədəni motivlərlə dərk etsin. Əldə bayraq küçələri dolaşmaqla AXC tarixini dərk etmək mümkün deyil. İndi səviyyə ayrı cürdür. Yadımdadır, sovet dövründə may bayramları zurna balabanla keçirilirdi. Heç kim də başa düşə bilmirdi ki, may bayramı nədir. Halbuki, biz bu bayramı dərk etsəydik, camaat bəlkə də şüurlu olardı, zəhmətkeşlərin həmrəyliyi günü olduğunu bilərdi. Camaat sadəcə gözləyirdi ki, zurna-balaban çalınsın, bunlar da düşsün ortaya oynasın. O dövrlər keçib. Bu bayramlar intellektual səviyyədə qeyd olunmalıdır.

- Amma adamların ürəyindən yürüşə, nümayişə çıxmaq keçirsə, niyə də olmasın? Elə həmin gün yüzlərlə insan «İstiqlal abidəsi»nə doğru yürüş etmək istədiyi halda polis icazə vermədi. Müstəqil dövlətin hürr insanı olaraq yürüş etmək istəyirlərsə, niyə əngəllənməlidir ki?

- İnsanlar istəyirlərsə, ola bilər. Amma bir də görürsən müəyyən qüvvələr tamam ayrı şey istəyirlər. O da var. Onu da dövlət bilir, müəyyən qurumlar bilir. Belə hallarda provokasiyaya meyllilik də çoxalır. Hər cür provokasiyanın qarşısı alınmalıdır. Ya da sui-istifadə halları var, bunun texnologiyası, yolu var. Camaata kim nə deyir? Kim istəyir getsin, ziyarət etsin. Bunun qarşısı alınmır.

- Yeri gəlmişkən, nümayişdə fəal olan REAL üzvləri saxlanıldı. Belə fikirlər var ki, hakimiyyət cümhuriyyətçiləri cəzalandırmaq istəyir, hətta sosial mediada «Azərbaycan 28 aprelə qayıdır» deyənlər tapıldı.

- Həbslərdən xəbərim yoxdur. Amma dövlətçiliyimizin, idarəçiliyimizin səviyyəsi elədir ki, günahsız yerə, düşüncəsinə görə heç kim həbs olunmur. Kimsə asayişi pozmaq istəyibsə, cəzalandırılmalıdır. Dövlətin önəmli günündə qan-qaraçılıq salmaq normal şey deyil.

- Onlar ertəsi gün həbs olunublar... Bəs çirkli pulları yumaqda suçlanan AXCP üzvlərinin həbsi haqda məlumatlısınız?

- O məsələdən də xəbərim yoxdur. Həm də mütəxəssis deyiləm. Bunu gərək hüquqşünaslar təhlil etsin. O haqda danışmağa səlahiyyətim yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG