Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Əli Kərimli ittihamlara cavab verdi


AXCP sədri Əli Kərimli, 4 fevral 2012
AXCP sədri Əli Kərimli, 4 fevral 2012

“Prokurorluq və Daxili İşlər Nazirliyi yalnız 2 il ərzində ölkədən çıxarılıb, Londondakı ofşor şirkətlərə köçürülmüş 2.9 milyard dollar pulu kimlərin oğurladığını tapıb. Hamısını cəbhəçilər edibmiş”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Baş Prokurorluğun Daxili İşlər Nazirliyi ilə birgə açıqlaması ilə bağlı belə yazıb. Həmin açıqlamada AXCP funksionerləri çirkli pulların yuyulmasında ittiham olunur.

AXCP sədri birgə açıqlamanı yalan adlandırıb.O, hakimiyyət rəsmilərinə qarşı korrupsiya iddialarına diqqət çəkib.

Ə.Kərimli qeyd edib ki, dünya mətbuatı, araşdırmaçı jurnalistlər milyardalarla dollarla qiymətləndirilən korrupsiya əməllərindən yazır, izahat tələb edir.

“Bunlar da “sən özünsən” səviyyəsində bizə cavab verirlər”, deyə yazan Ə.Kərimli 19 gün bündan öncə Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin həbsini, onunla vəkillərinin görüşməsinə imkan verilməməsini və sonra (25 may) AXCP-nin 3 funksionerinin həbsini xatırladıb.

AXCP sədri həbsdəki Saleh Rüstəmli ilə dost olduğunu, ondan maliyyə yardımı aldığını qeyd edib.

“Eyni əqidəni paylaşırıq. Düzdür, uzun illərdir ki, görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir ki, Rusiyada kiçik bizneslə məşğuldur. Onun haqqında bundan sonra deyiləcəklərə inanmayın. Saleh bəyin biznesi kiçik biznesdir. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə (dəqiq xatırlamıram, 5-7 dəfə ola bilər) pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq təqribən 5 min dollar yardımdan söhbət gedə bilər. Xəbərdə yaydıqları 412 min dollar ağ yalandır, söhbət bu məbləğin haradasa, 100-də birindən gedir. Əlbəttə, mən Saleh bəyin biznes məqsədilə kimlərə nə alıb-verdiyini bilmirəm. Ancaq mənə edilən yardım, bir daha vurğulayıram ki, təqribən 5 min dollar ətrafında olub”.

Ə.Kərimli vurğulayıb ki, hər zaman dostlarından yardım aldığını açıq söyləyib.

“Həmin dostlardan biri də Saleh Rüstəmlidir. Bu qeyrətli vətənpərvəri, Gedəbəydəki Başkənd qələbəsinin əsas müəlliflərindən birini belə ciddi şərlədiyinizə görə çox məyusam. Hər şeydən görünür ki, ondan asanlıqla əl çəkməyəcəksiniz”, deyən Ə.Kərimli həbs edilmiş cəbhəçilərinin heç bir cinayət törətmədiyini vurğulayıb.

“Heç inzibati hüquqpozması da törətməyiblər. Bu nə zehniyyətdir? Bir dostum mənə pul göndərib, partiya üzvü olan başqa bir dostum həmin pulu götürüb mənə çatdırıb. Hanı burda cinayət hadisəsi? O adamların hər biri kasıblıq həddində yaşayan insanlardır. Onlar hansı qanunsuz sahibkarlığı, hansı qazancı ediblər?”, deyə, sual edən Ə.Kərimli hüquq mühafizə qurumlarının birgə açıqlaması yayılan gün də (mayın 26-da) dostlarından yardım aldığını açıqlayıb.

“Bu gün (mayın 26-da-R) bir əqidə dostum mənə 600 manat göndərdi ki, şərləyib tutduğunuz 3 nəfər partiya funksioneri üçün vəkillərlə müqavilə bağlaya bilək. Budamı, cinayətdir? Yoxsa, demək istəyirsiniz ki, sizinlə mübarizə aparmaq özü cinayətdir?”...

***

AXCP-yə qarşı ittiham

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksionerlərini və daha bir neçə şəxsi çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edir.

AZƏRTAC-ın xəbərinə görə, bu haqda iki qurumun birgə açıqlamasında bildirilir.

Açıqlamada vurğulanır ki, prokurorluq və daxili işlər orqanları həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksionerlərinin külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.

Açıqlamada Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənovun adları çəkilir. Onlar AXCP-nin Azərbaycandakı və xaricdəki tədbirlərinin maliyyələşdirilməsindən ötrü qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Birgə açıqlamda vurğulanır ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsindən ötrü Rusiyada təbliğat aparıb. Onun “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərini pozduğu iddia olunur.

Bildirilir ki, Saleh Rüstəmov 2016-cı ilin mart ayından etibarən, hər ay 30 min dollar vəsaitin Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. Rəsmi açıqlamada habelə qeyd edilir ki, V.Rüstəmli həmin vəsaitləri qəbul edib, Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənov vasitəsilə AXCP-nin funksionerlərinə çatıdırıb.

“Ümumilikdə 412 min dolların AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur. Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynovun ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunmuş, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilmişdir”, birgə açıqlamada bildirilir.

Qeyd olunur ki, iş üzrə Babək Həsənovun, Ruslan Nəsirovun, Aqil Məhərrəmovun ifadələri alınıb. Onların qeyd olunan qanunsuz əməlləri etiraf etdikləri, S.Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini V.Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini söylədikləri iddia olunur.

Rəsmi açıqlamada S.Rüstəmov, V.Rüstəmli, A.Məhərrəmov, R.Nəsirov, B.Həsənovun təqsirləndirilən şəxs qismində cəlb olunduqları, barələrində həbs qətimkan tədbiri seçildiyi bildirilir. İstintaqdan gizləndiyi bildirilən Eltac Əlisoy barəsində isə axtarış elan olunub. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə ittiham olunur.

Xatırlatma

Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə (1992-1993-cü il) Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı işləyən və sonra Rusiyada yaşayan Saleh Rüstəmovun mayın 8-də Şəmkir rayonunda saxlandığı bildirilirdi. Qardaşı Taleh Rüstəmovun deməsinə görə, həmin vaxt o da hadisə yerində olub.

T.Rüstəmov deyib ki, qardaşını saxladıqdan sonra Şəmkir şəhərinə aparıblar. Onun bildirməsinə görə, sonradan öyrəniblər ki, qardaşı haqqında narkotik ittihamı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

Sonradan isə onun qardaşı oğlu Vidadi Rüstəmovun da saxlandığı bildirilib.

Yaxınları onlarla mayın 25-nə kimi görüşə bilməyiblər. Saleh Rüstəmovun ailəsinin tutduğu vəkildən də imtina etdiyi açıqlanıb. Ailəsi bunun işgəncə altinda edildiyindən şübhələnirdi.

Ancaq mayın 25-də Saleh Rüstəmovla görüşən qardaşı Vaıleh Rüstəmov deyib ki, keçmiş başçı ona işgəncəyə məruz qaldığını bildirməyib. Valeh Rüstəmovun oğlu Vidadi Rüstəmov da saxlanıb.

Bunla belə yenə keçmiş başçı ilə ailəsinin tutduğu vəkilin görüşməsinə şəarait yaradılmadığı açıqlanıb.

Dünən, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının saxlandığı da bildirilirdi.

Bu barədə AXCP-dən məlumat yayılmışdı. Saxlananların AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov olduğu deyilirdi.

Saxlananların evində axtarış aparıldığı da bildirilir.Bunu onların ailəsi də təsdiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG