Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Cibində 1 manatı olmayan adama 200 minlik heroin haradandır?


Narkotik
Narkotik

«Cibində 1 manat pulu, yaşamağa yeri, mobil telefonu belə yoxdur bu adamın. Soruşan da yoxdur ki, bu vəziyyətdə olan adam 200 minlik heroini haradan alıb? Belə absurd, qurama bir cinayət işini necə gətirib məhkəməyə çıxara bilirlər? Mənə bu təəccüblü gəlir...», – bunu deyən vəkil Gülşən Salmanovadır. O, 59 yaşlı Rasim Zəkəriyyəyevə dövlət hesabına vəkil təyin olunub.

R.Zəkəriyyəyev 2 kiloqram 350 qram heroini satış məqsədilə əldə edib saxlamaqda təqsirləndirilir. İddia olunur ki, o saxlanılarkən üstündən bir torbada bu qədər narkotik tapılıb. Bu cinayət işində diqqət çəkən odur ki, təxminən 200 min manatlıq narkotik əldə edib saxlamaqda ittiham olunan şəxsin nə yaşamağa yeri olub, nə cibində pulu...

***Buna da bax-'Narkotik evimi yıxdı, ailəmi dağıtdı'

R.Zəkəriyyəyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib ki, düzdür, onun əlindəki torbadan narkotik çıxıb. Ancaq and-aman edir ki, həmin sellofan torbanı ona qalmağa yeri olmayanda gecələdiyi kafenin sahibi verib. Kafedən çıxandan az sonra da polislər onu saxlayıb:

«Yaşamağa yerim də olmayıb»

«Mən nə narkotikdən istifadə eləmişəm, nə də məhkumluğum olub. Bu şeylərdən uzaq adamam. İş elə gətirib ki, yaşamağa yerim də olmayıb. Ona görə polisdə qeydiyyata düşmüşəm. Həbsimdən əvvəlki axır günlərdə Qara Qarayev prospektindəki bir kafeyə gedirdim. Günəmuzd iş tapanda, cibimdə pul olanda orada yemək də yeyirdim. Kafeni işlədən adamın adı Ulduz idi. Həmin gün kafedən çıxanda Ulduz mənə sellofan torba verib dedi ki, «apar, qarşıdakı binanın yanında adam var, onu səndən götürəcək». Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər mənə yaxınlaşdı...».

Cinayət işinin materiallarında isə yazılıb ki, R.Zəkəriyyəyev 2 kiloqramdan artıq heroini satmaq istəyib və kafeni işlədən Ulduz Məmmədovdan da müştəri tapmasını istəyib. U.Məmmədov da bunu eşidən kimi polisə zəng edib və dərhal onu saxlayıblar.

***Buna da bax-Ekspert: 'Cinayətlərin 88 faiz açılmasını reallığa uyğun saymıram'

Ancaq R.Zəkəriyyəyev də, vəkili də hesab edir ki, U.Məmmədov polislə qeyri-rəsmi əməkdaşlıq edən şəxsdir və 2 kiloqram 35 qram narkotikin aşkarlanması görüntüsü yaratmaqdan ötrü bu planı qurub həyata keçiriblər.

Məhkəmədə dindirilən polislərin eyni hadisə barədə bir-birinə zidd ifadələr verməsi də şübhələr yaradıb. Məsələn, polis zabiti Xəlil Atakişiyev deyir ki, onlara Ulduz telefonla xəbər verib, narkotik satmaq istəyən şəxsin xarici görünüşü haqda məlumatlandırandan sonra əməliyyat keçirib, R.Zəkəriyyəyevi tutublar. Digər polis Murad Soltanov isə məhkəmədə suallara cavabında söyləyib ki, əməliyyatı keçirəndə Ulduz da onlarla olub: «Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq».

«Bu cür qanunsuzluğa göz yummaq olmaz»

Məhkəmədə U.Məmmədov özü də dindirilib. Məlum olub ki, o, ehtiyatda olan zabitdir: «Axırıncı dəfə kafeyə gələndə mənə narkotik təklif elədi. Mən də polisə dedim. Çünki çox görürük ki, gənclərimiz narkotik vasitənin qurbanı olurlar».

***Buna da bax-'Polisə dedim ki, məni tutun, qalmağa yerim olsun...'

R.Zəkəriyyəyev isə onun yalan danışdığını bildirib: «Hadisədən bir gün qabaq kafedə qalmağımı istədi. Çünki mənim gedəcək yerimin olmadığını bilirdi. Gecə məni orada saxladı. Oturacaqların üstündə yatdım. Səhər də mənə sellofan torba verdi. Sonra məni tutdular. Bu işdə mənim heç bir günahım yoxdur».

Təqsirləndirilən şəxsin vəkili G.Salmanova da bu cinayət işinin qurama olduğunu deyir: «Polislərin ifadələrindəki ziddiyyətlər göz qabağındadır. Hesab edirəm ki, polislərlə Ulduz Məmmədov arasında əvvəldən tanışlıq var. Sorğular vermişəm, onunla polislər arasındakı danışıqları araşdıracağıq. Baxmayaraq ki, dövlət hesabına bu işdə müdafiəçiyəm, amma sona qədər bu işin açılmasına çalışacağam. Ən geci, apellyasiya məhkəməsində həqiqət üzə çıxacaq. Belə işlər polisin şəffaf fəaliyyətinə də xələl gətirir. İnsanlara qarşı bu cür qanunsuzluğa göz yummaq olmaz...».

Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsi R.Zəkəriyyəyevi təqsirli bilib və o, iyulun 23-də 11 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG