Narkotik maddə satışı ittihamıyla məhkəmə önünə çıxarılan Ağakərim Axundovun belə deyir
“Qalmağa yerim, yeməyə çörəyim yox idi. Tüfeyli kimi küçələrdə qalırdım. Qış idi, donurdum. Ona görə öz ayağımla polis bölməsinə getdim ki, məni tutun, gedim, yaşamağa bir yer olsun...”, - narkotik ittihamıyla məhkəmə önünə çıxarılan Ağakərim Axundovun sözləridir.
60 yaşlı Axundov indiyədək 10 dəfə məhkumluq həyatı yaşayıb, bu da 11-ci məhkumluğudur. Etiraf edir ki, narkotik istifadəçisidir, amma onu narkotik satışında suçlayaraq həbs ediblər. İddia olunur ki, cibindən bir neçə bükümdə narkotik çıxıb.
“Sonradan bilmişəm ki...”
Aöakərim Axundov narkotik satması barədə yazılanlarla razılaşmır. Deyir ki, yalandır, onu həbs eləməyiblər, özü Yasamal rayonu, 27-ci polis bölməsinə gedib.
Onun sözlərinə görə, gedəndə üstündə narkotik olmayıb: “Qış, havalar soyuq, qalmağa da yer yox... Gördüm, başqa əlacım yoxdur, gedib dedim ki, narkotik istifadəçisiyəm, tutun məni. Dedilər ki, gözlə. Mən də oturub gözlədim. Bir az keçəndən sonra gətirib narkotiki qoydular, bəzi sənədlərə qol çəkdirdilər. Sonradan bilmişəm ki, 234-ün 4.3-ü ilə iş veriblər. Mən özümü bununla təqsirli bilmirəm”.
Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədiylə narkotik vasitə əldəetmə, saxlama, daşıma) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
“Rəis pul paylayırdı...”
Hal şahidi kimi dindirilən Nadir Heydərov deyir ki, Ağakərim Axundovun şalvarının cibindən üç kiçik bükümdə narkotik çıxdığını görüb: “Mən gündəlik fəhləliklə məşğul oluram. Səhər saat 6-da evdən çıxıram, nə iş olur-olsun, görüb, çörəkpulu qazanıram. Həmin gün iş yox idi. Bibimgilə gedirdim, bölmənin qarşısından keçəndə polislər məni çağırdılar, hal şahidliyi etməyi təklif elədilər. Razılaşdım. Bölmədə üstünə baxış keçiriləndə arxa cibindən 3 büküm narkotik çıxdı. Protokollaşdırdılar, mən də çıxıb getdim”.
Hal şahidinin dediyinə görə, Ağakərim Axundov həmin vaxt narkotik maddənin təsiri altında olan adam kimi davranırdı.
Təqsirləndirilən həmin gün narkotik qəbul etdiyini təsdiqləsə də, cibindən bükülülərin çıxması haqda deyilənlərlə razılaşmayıb. İddia edib ki, bu adam polislərdən pul alıb şahidlik edir: “Mənim yanımda rəis buna da, o biri hal şahidinə də pul paylayırdı. Səhv eləmirəmsə, hərəsinə 20 manat verdi...”
Dindirmələr zamanı ortaya çıxıb ki, elə təqsirləndirilən şəxsin özü də başqa işlərdə hal şahidliyi edib...
Məhkəmə davam edir.