Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Ekspert: ‘Cinayətlərin 88 faiz açılmasını reallığa uyğun saymıram’


Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Daxili işlər naziri Ramil Usubov Azərbaycan polisinin 100 illik yubileyi zamanı cinayətlərin orta hesabla, 87 faizinin açıldığını söyləyib.

“Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır”. APA-nın xəbərinə görə, daxili işlər naziri Ramil Usubov Azərbaycan polisinin 100 illik yubileyi zamanı belə deyib. Nazir bildirib ki, cinayətlərin, orta hesabla, 87 faizi açılır.

Bu rəqəm nə dərəcədə gerçəyi əks etdirir? AzadlıqRadiosu-nun üz tutduğu keçmiş polis rəisi Mahmud Hacıyev alternativ qaynaqlar, rəqəmlər olmadığından, müqayisə apara bilmədiyini söyləyir.

Azərbaycanda yerli mətbuatda müttəhimlərin vaxtaşırı işgəncə nəticəsində və ya işgəncə qorxusu altında törətmədiyi cinayəti boyunlarına aldığını iddia edənlər olur.

Məsələn, ötən ilin dekabrında AzadlıqRadiosuna danışan Lənkəran sakini Yaqut Əliyeva rayon polisi rəhbərliyinin törətmədiyi cinayəti - həmkəndlisini qətlə yetirdiyini boynuna almaq üçün ona işgəncə verdiyini iddia edirdi. Qadın özünü idarənin üçüncü mərtəbəsindən atmış, bir neçə ay xəstəxanada yatmalı olmuşdu:

“Mənə deyirdi ki, cinayəti boynuna al, yoxsa sənə neyləyəcəyik. Özümü atdım, qorxdum başıma oyun açar polislər. Namus məsələsinə görə, toxunmasınlar deyə...”

“LATENT – GİZLİ CİNAYƏTKARLIQ”

“Latent cinayətkarlıq, yəni gizli cinatəkarlıq deyilən bir anlayış var. Yəni bəzi cinayətlər polisdə, prokurorluq orqanlarında qeydə alınmır. Beləliklə, bu cinayətlər açılmamış qalır”, - hüquqşünas Ənnağı Hacıbəyli belə söyləyir. Onun sözlərinə görə, daxili işlər orqanları, adətən, latent və qeydiyyata düşməyən cinayətlər hesabına göstəriciləri artıra bilirlər.

“Ona görə də bütün cinayətlərin 88 faiz açılmasını reallığa uyğun saymıram”, - Ə. Hacıbəyli fikrini belə tamamlayır.

Xalid Bağırov: “7 şəxsin cibinə narkotik atıb tutursan…”

Hüquqşünas Xalid Bağırov həmin fikri misallarla davam etdirir:

“Məsələn, rayonun ərazisində 10 cinayət hadisəsi baş verib. Bunlardan ikisi qətl, ikisi dələduzluq, dördü oğurluq, biri soyğunçuluq, biri quldurluqdur. Bunlardan da 1 oğurluğun, 1 qətlin və 1 dələduzluğun üstü açılıb. Deməli, rayonda cinayətkarlığın açılma faizi 30-dur. Rayon polis idarəsinin rəisi xəbərdarlıq alma riski zonasındadır”.

Onun fikrincə: “Durumu dəyişmək lazımdır. Necə? Açılmayan oğurluğun və dələduzluğun birini qeydə almamaqla cinayətlərin sayı 8-ə düşdü, cinayətlərin açılma faizi qalxdı 37,5 faizə. Açılmayan digər oğurluğu da yüklədin açılmış oğurluğu edənin boynuna, açılan cinayətlər oldu 4 və açılma fazi qalxdı 50-yə. Bu rəqəm də uğurlu deyil”.

Ekspert deyir ki statistika düzəldilməlidir: “Necə? 7 şəxsin cibinə narkotik atıb tutursan. (Bu cinayətlər aşkar olunan andan açılmış sayılır) Cinayətlərin sayı oldu 15, açılan cinayətlərin sayı 11”.

İlham İsmayıl: “Bizi şübhələndirən üstü açılmayan cinayətlərdir”

“Təhlükəsizlik” Araşdırma Mərkəzinin rəhbəri İlham İsmayıl ictimaiyyətin diqqət mərkəzində olan bəzi cinayətlərin üstünün açılmamasını xatırladır:

“Nazir yəqin son bir ilin statsitikasını danışır, yox əgər ümumən danışırsa, onun nazir olduğu 25 ildə o qədər cinayətlər olub ki, izi-tozu da tapılmayıb. Elə götürək tanınmış, ictimai şəxslərin qətllərini, başda Elmar Hüseynov olmaqla. Onların çoxunun qətlinin üstü açılmayıb. Düzdür, bəzi cinayətlərin araşdırılmasının polislə bağlılığı yoxdur. Bunu prokurorluq, ya da artıq Dövlət Təhlükəsizlik Xidməti aparır. Polis özü isə xırda cinayətlərin üstünün açılmasından danışa bilər. Bu halda həmin rəqəmlər 87 faizə çata bilər. Amma bizi şübhələndirən üstü açılmayan cinayətlərdir”.

Xalid Bağırov diqqəti başqa məqama yönəldir. Onun fikrincə, dövlət təkcə “cəzalandırıcı” rolunda çıxış etməməli, cinayətin kökünü kəsməyə çalışmalıdır.

Hüquqşünas fikrini əsaslandırmaqdan ötrü bir misal da çəkir. O, tikinti bumu başlayandan tikinti şirkətlərinin vətəndaşları aldatdığını, bir mənzili iki, bəzən hətta üç nəfərə satdığını yada salır:

“Dövlət, uzaqbaşı, şirkət rəhbərlərini tutur, basır içəri. Yəni, dövlət cəzalandırıcı rolunda çıxış edir. Həbsxanalar doludur tikinti şirkəti rəhbərləri ilə. Əslinə qalsa, dövlət istəsəydi, bu cinayətin kökünü bir anda kəsərdi. Tikintiyə başlayan andan mənzillərin qeydiyyat mexanizmini gətirməklə”.

İlham İsmayıl Azərbaycanda bütün rəsmi qurumların, eləcə də 100 yaşını qeyd edən polisin fəaliyyətini mənfi qiymətləndirir.

Onun sözlərinə görə, sistemin fəaliyyəti qənaətbəxş deyil və bunun da səbəbi “korrupsiya və yerlibazlıq”dır, “dövlətçilik prinsiplərinin yox, şəxsi prinsiplərin önə çəkilməsidir”.

Azərbaycan polisi 1918-ci ildə Behbud xan Cavanirin başçılığı altında yaradılıb.

Beynəlxalq qurumlar və yerli hüquq müdafiəçiləri daxili işlər qurumlarının fəaliyyətini tənqid edir, saxlanılan şəxslərə işgəncə verildiyini, əsas cinayətkarların cəzadan kənarda qaldığını, bəzən də bu qurumu siyasi hakimiyyətin “dayağı”, “cəza aləti” kimi dəyərləndirirlər.

Buna misal olaraq siyasi fəalların polisə müqavimət və ya narkotik saxlama maddələri ilə həbs edildiklərini, kütləvi aksiyaların dağıdılmasında fəallıq göstərdiklərini qeyd edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG