Keçid linkləri

2026, 01 İyul, çərşənbə, Bakı vaxtı 22:00

Reabilitasiya mərkəzində işgəncə: 'Qurtuluş'un rəhbəri azadlığa buraxıldı

Ceyhun Salmanov
Ceyhun Salmanov

Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov 5 ay həbsdə saxlandıqdan sonra iyulun 1-də azadlığa buraxılıb. Rəhbərlik etdiyi mərkəzdə müalicə alanları zorla orada saxlamaqda və xəsarət yetirməkdə suçlanan C.Salmanov təqsirli bilinsə də, məhkəmə ona 3 il 3 ay şərti cəza kəsib.

Sumqayıt şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin çıxardığı hökmlə C.Salmanovla yanaşı, "Qurtuluş"un həbsdə olan daha iki əməkdaşına – Elşad Məhərrəmovla Natiq Əliyevə də şərti cəza verib (uyğun olaraq, 3 il 6 ay və 3 il).

Corat qəsəbəsindəki evlərin birində fəaliyyət göstərən "Qurtuluş" Reabilitasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyatdan keçib. Cinayət işinin materiallarında iddia edilir ki, "Qurtuluş"da müxtəlif adamları onların özü istəmədiyi halda, zorla saxlayıblar. Bu məqsədlə onları döyüb, əzab verib, yaxınlarıyla əlaqə saxlamağa imkan verməyiblər.

Beləcə, adları çəkilən üç nəfər 2026-cı ilin yanvarında qanunsuz azadlıqdan məhrumetmə, əzab vermə, qəsdən sağlamlığa az ağır xəsarət yetirmə kimi ittihamlarla həbs olunub.

Amma onlar bu əməllərdə özlərini təqsirli bilməyib və deyiblər ki, məqsədləri pis vərdişlərdən (narkomaniya, alkoqolizm) əziyyət çəkən insanları asılılıqdan qurtarmaq olub. Təqsirləndirilənlər həmin şəxslərin ya özlərinin, ya da ailə üzvlərinin müraciəti əsasında reabilitasiya mərkəzinə yerləşdirildiyini vurğulayıblar.

Prokuror Emil Murquzov məhkəmədə təqsirləndirilən üç nəfərdən C.Salmanov və E.Məhərrəmova 4 il, N.Əliyevə isə 3 il 6 ay həbs cəzası verilməsini istəyib.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin fəaliyyəti 2026-cı ilin yanvarında orada müalicə alan jurnalistin mərkəzi tərk etməsi ilə müzakirə mövzusuna çevrilmişdi. Ardından həmin müəssisə ilə bağlı araşdırmalar aparılmış və prokurorluqda cinayət işi başlanmışdı. O zaman mərkəzin rəhbəri C.Salmanov mediaya açıqlamasında demişdi ki, baş verənlərin sözügedən jurnalistlə əlaqəsi yoxdur. Onun sözlərinə görə, prokurorluq Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərində uzun müddətdir araşdırmalar aparır.

"Yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam"

"Reabilitasiya ölkəmizdə yeni sahə olduğundan prokurorluq bütövlükdə bu mərkəzlərdə araşdırmalar aparır. Nəticələrin bizim üçün müsbət yekunlaşacağını düşünürəm. Mən özüm yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam. "Qurtuluş" reabilitasiya mərkəzi təkcə Azərbaycanda yox, ümumilikdə dünyada sağalma sayına görə birinci yerdədir", - C.Salmanovun sözləridir.

Narkomaniya və alkoqol asılılığından əziyyət çəkənlərin müalicə olunduğu özəl reabilitasiya mərkəzlərində son illərdə dəfələrlə ölüm halları yaşanıb. Təxminən bir ay öncə - iyunun 12-də Binəqədi rayonu, Görədil qəsəbəsindəki "Reself Lite" Reabilitasiya Mərkəzində müalicə alan 41 yaşlı Ə.Ramazanov həyatını itirib. 2024-cü ildə Novxanı qəsəbəsindəki "Uğur yolu" Reabilitasiya Mərkəzinə gətirilən R.Fataxov az sonra orada keçinib. Daha öncə "New Life" adlı başqa bir mərkəzdə isə iki aya yaxın saxlanılan H.Məmmədov xəstəxanaya ağır vəziyyətdə çatdırıldığından həyatını xilas etmək mümkün olmayıb.

Sadalanan ölüm hallarıyla bağlı adları çəkilən mərkəzlərin rəhbər və əməkdaşları cinayət məsuliyyətinə cəlb ediliblər.

XS
SM
MD
LG