Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:32

Çeçenistanda gey ola biləcək müğənnilərin siyahısı tutulub


Geylər
Geylər

Çeçenistanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının bir neçə əməkdaşı «Kavkaz.Realii» portalına müraciət ediblər. Onlar respublikada güc strukturlarının gey ola biləcək aktyor və müğənnilərin siyahısını tərtib etdiyini bildiriblər.

«Bu siyahıda 20-30 incəsənət xadiminin, əsasən də müğənnilərin adı var. Siyahı barədə məlumatı geylər üçün olan gizli türmələrdə saxlanan adamlar ötürüblər», – deyə yerli qeyri-kommersiya təşkilatlarından birinin əməkdaşı sayta bildirib.

«TANINMIŞ MÜĞƏNNİLƏRİN ADLARI VAR»

Başqa bir qeyri-hökumət təşkilatı əməkdaşının sözlərinə görə, ən azı üç saxlanan geyə dindirilmə zamanı siyahıdakı incəsənət xadimləri barədə suallar verilib.

***Buna da bax-Trump transgenderlərə orduda xidməti qadağan etdi

«Respublikadan çıxıb getməsinə kömək etdiyimiz bu adamlar deyirlər ki, siyahılarda tanınmış müğənnilərin adları var. Bizə bəllidir ki, onlardan bəziləri həyatına görə təhlükə duyaraq artıq Çeçenistanı tərk edib», – deyə o əlavə edib.

Başqa bir təşkilatdan həmsöhbət də Arqunda homoseksuallardan ötrü gizli həbsxanada saxlanan iki şəxsdən aldığı bilgiyə istinad edib.

Bu il aprelin əvvəlində mətbuatda Çeçenistanda homoseksualların təqibi haqda məlumatlar yayılmışdı. Çeçenistanın hakim dairələri isə israrla bunu inkar edib. Ancaq istər baş verənlərlə bağlı jurnalist araşdırmaları, istərsə də hüquq-müdafiə təşkilatlarının hesabatları bütün dünyada böyük əks-səda doğurub. «Human Rights Watch» təşkilatı toplanmış materiala istinadən ehtimal edir ki, bu təmizləmənin önündə Çeçenistan parlamentinin spikeri Magomed Daudov dayanır.

Sankt-Peterburqda Çeçenistanda geylərin təqib olunmasına qarşı etiraz aksiyası.
Sankt-Peterburqda Çeçenistanda geylərin təqib olunmasına qarşı etiraz aksiyası.

FİZİKİ ZİYAN TƏHLÜKƏSİYLƏ ÜZ-ÜZƏ

Təşkilatın mayda açıqladığı 42-səhifəlik hesabatda deyilir:

«Rusiya federal hakimiyyəti bu kobud insan haqları pozuntularının səmərəli tam təhqiqatını təmin etməli, Çeçenistan hakimiyyəti məsuliyyətə cəlb olunmalıdır. Xarici hökumətlər qurbanlara təhlükəsiz sığınacaq verməlidir. Onlar Rusiyada qaldıqca, fiziki ziyan təhlükəsiylə üz-üzədirlər».

«Bu təmizləmə əməliyyatına məruz qalanlar Çeçenistanda dəhşətli işgəncələr görüblər. Kreml zorakılığa səbəb olanları məsuliyyətə cəlb etməli, Rusiyada seksual oriyentasiyasından asılı olmayaraq, hamını qorumalıdır», – «Human Rights Watch»un lezbiyan, gey, biseksual və transgender proqramının direktoru Graeme Reid deyib.

***Buna da bax-Kadyrov respublikadan geylərin xaricə aparılmasını təklif edib

BMT, ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın nümayəndələri Rusiya hökumətini məsələ ilə bağlı araşdırmaya başlamağa çağırıblar. İyunun 30-da Rusiya Federasiyasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Tatyana Moskalkova bəyan edib ki, Rusiyanın İstintaq Komitəsi Çeçenistanda geylərin sıxışdırılması məsələsi ilə bağlı yoxlamaların nəticələrini təqdim edəcək. Ancaq bu vaxta qədər heç bir açıqlama verilməyib.

«BİZDƏ GEY YOXDUR»

«Rusiya LGBT şəbəkəsi» ictimai hərəkatının əməkdaşları Çeçenistanda geylərin məruz qaldıqları təqib və işgəncə faktlarına dair hesabat dərc ediblər. Onların verdikləri məlumatlara görə, iyunun əvvəli Çeçenistan Respublikasının gizli həbsxanalarında sadəcə gey olmaqda şübhəli bilindiklərinə görə həbs edilmiş 200 kişi saxlanırmış.

Çeçenistan rəhbəri Ramzan Kadyrov iyunda ABŞ-ın HBO televiziya kanalının müxbirinin cinsi azlıqların təqibiylə bağlı sualına cavab verərkən deyib ki, Çeçenistanda cinsi azlıqlar yoxdur.

«Bizdə belə insanlar yoxdur, bizdə gey yoxdur. Əgər varsa, Kanadaya aparın, Allah xatirinə, qoyun, bizdən uzaq olsunlar», – deyə Kadyrov bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG