Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:35

Çeçenistanda boşananları qovuşdururlar – 'uşaqların xətrinə'


Çeçenistanda toy

Rusiyanın Çeçenistan Respublikasında hakimiyyət orqanları qeyri-adi, kütləvi bir kampaniyanın uğuruyla öyünür – boşanmış şəxsləri yenidən birləşməyə məcbur edirlər və bunun uşaqların xətrinə, həm də terrorçuluqla mübarizəyə kömək məqsədilə edildiyini bildirirlər.

«The New York Times» qəzetində dərc olunmuş məqalədə deyilir ki, bütün yay boyu yerli televiziya boşanmış cütlüklərin yenidən birlikdə yaşamasından reportajlar verib. Bu birgəyaşayışa hökumət komissiyasının üzvləri nəzarət edir. Qəzet bunu «çeçensayağı realiti şou» adlandırır.

POLİS AİLƏLƏRƏ GEDİR VƏ...

Nikah və Ailə Münasibətlərinin Harmoniyası Şurası adlı komissiya bildirir ki, son iki ayda 948 cütlük bir neçə illik ayrılıqdan sonra bir araya gətirilib. Proqram çərçivəsində şura polisdən xahiş edə bilir ki, boşanmış ailələrə gedib onları fikir ayrılıqlarını yoluna qoymağa həvəsləndirsin.

***Buna da bax-Çeçenistanda gey ola biləcək müğənnilərin siyahısı tutulub

Teleproqramlarda görünən odur ki, boşanmış şəxslər indi bir evdə yaşayırlar, əsasən, bir-birindən uzaq gəzməyə çalışsalar da, uşaqlarıyla vaxt keçirirlər. Bir ana övladına ev tapşırığını hazırlamaqda kömək edir, digəri günəş altında oynayan övladının başına şlyapa qoyur və s.

«Bu xoşbəxt birgəyaşayış region liderinin proqramı sayəsində mümkün olub. Qarşılıqlı antipatiyaya baxmayaraq, yüzlərlə boşanmış cütlük bu çağırışa cavab verirlər», – deyə müxbir respublika lideri Ramzan Kadyrov-a işarə edir.

Müxbir yazır ki, region rəhbərliyinin tələbinə əməl etməmək çox ciddi nəticələr verə bilər, hətta nifrət etdiyin keçmiş partnyorunla birgə yaşamaqdan da pis sonuclana bilər.

«BEŞ UŞAQDAN QABAQ HƏR ŞEY YAXŞI İDİSƏ»

Ötən ay başladılmış bu məcburi proqramdan öncə Çeçenistanda geylərə qarşı qəddar repressiya barədə xəbərlər gəlirdi. Respublikadan qaçmış geylər döyüldüklərini, elektroşoka məruz qaldıqlarını deyirlər. Yerli hökumətsə Çeçenistanda heç geyin olmadığını bildirib.

***Buna da bax-Kadyrov İraqda azad edilən 5 dağıstanlı uşağın vətənə döndüklərini deyir

Qəzet boşanmış şəxslərin bu proqramdan bərk narazı qaldıqlarını da vurğulayır. Di gəl, dövlət mediası onları ağızdolusu tərifləməkdədir.

R.Kadyrov proqramı elan edəndə deyib ki, boşanmış valideynlərin uşaqları daha çox islamçı yaraqlıya çevrilirlər, özəlliklə də, anaları tərəfindən böyüdüləndə.

«Birlikdə yaşayıb üç, dörd, beş uşaq dünyaya gətirə biliblərsə, niyə boşanmalıdırlar ki? Beş uşaqdan qabaq hər şey yaxşıydısa, niyə sonra da birlikdə yaşamasınlar, uşaqları xatirinə?», –Kadyrov deyib.

NARAZILAR

Teleproqramlarda illər öncə boşanmış qadın və kişilər masa ətrafında əyləşib başlarını aşağı dikiblər. Polis və dini liderlər isə boşanmanın səbəblərini təhlil edir. Adətən, rəsmilər belə bir nəticəyə gəlirlər ki, boşanmaya ciddi əsas olmayıb və onlara birləşmək təlimatı verilir.

«Qroznı TV» artıq birlikdə yaşayan cütlüklərə baş çəkir.

«Bu gün onlar bir yerdə televizora baxır, bir masada nahar edirlər. Barışanların sayı gün-gündən artır», – jurnalist deyir.

Isa Idrisov adlı bir şəxs keçmiş arvadıyla «respublika rəhbərinə tabe olmaq» üçün bir araya gəldiyini söyləyir. Bəzi keçmiş partnyorlarsa açıq-aşkar gileyləniblər.

«Ailəm mənim şəxsi işimdir. Dedim ki, yeddi il öncə boşandığım şəxslə yenidən yaşamaq fikrim yoxdur», – komissiya tərəfindən təzyiq görmüş bir nəfər BBC-nin rus xidmətinə deyib.

12 il qabaq boşanmış bir qadın isə keçmiş ərindən fərqli birini tapmaq istədiyini dilə gətirib.

«Gələcəkdə imkanlar ola-ola niyə keçmişə qayıtmalıyıq ki?», – o, sual edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG