Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

Cahangir Hacıyevin vəkili: 'Onun cəzalandırılmasına səbəb...'


Cahangir Hacıyev

«Artıq on günə yaxındır, hər gün cəzaçəkmə müəssisəsinə gedib-gəlsək də, müvəkkilimizlə görüşə bilmirik», – «Beynəlxalq Bank»ın keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Aqil Layıcovun sözləridir.

Penitensiar Xidmətdən bildirilib ki, C.Hacıyev saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində daxili nizam-intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına (kars) salınıb. Cəzalandırılmasına konkret səbəb isə başqa bir məhbusun zəng etdiyi adamla C.Hacıyevin də danışması olub.

«Cahangir Hacıyev başqa bir məhkumla əlbir olaraq, həmin məhkum telefonla danışdığı anda telefon danışıq otağına daxil olub və həmin məhkum dəstəyi Cahangir Hacıyevə verib. O, buna qədər də bir neçə dəfə daxili intizam qaydalarının pozulmasına yol verib. Lakin onunla aparılan profilaktik söhbətlər müsbət nəticə vermədiyinə görə cərimə təcridxanasına keçirilib», – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov APA-ya belə deyib.

***Buna da bax-C.Hacıyevin bacısı: 'Yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir...'

Onun sözlərinə görə, artıq cəza müddəti başa çatıb və keçmiş bank rəhbəri «kars»dan çıxarılıb.

«BU HÜQUQ MƏHDUDLAŞDIRILA BİLMƏZ»

Amma vəkil A.Layıcov deyir ki, həm özü, həm də həmkarı Fəxrəddin Mehdiyev hələ də C.Hacıyevlə görüşə bilmir. Müdafiəçi deyir ki, heç bir halda vəkillə görüşə məhdudiyyət qoyula bilməz, amma Penitensiar Xidmət onlara tətbiq olunan qadağanın səbəbini açıqlamır:

Aqil Layıcov
Aqil Layıcov

«Penitensiar Xidmətin rəsmisi niyə açıqlamır ki, Cahangir Hacıyevin vəkilləri ilə görüşünə hansı səbəbdən imkan verilmir? Məhkumun bu hüququ məhdudlaşdırıla bilməz».

Vəkilin sözlərinə görə, C.Hacıyevə isti paltarların aparılması, yemək və dərman qəbulu da qadağan edilib, onun yaxınları ilə görüşünə də icazə verilmir.

A.Layıcov müvəkkilinin dəfələrlə müəssisənin daxili nizam-intizam qaydalarını pozması haqda deyilənləri də təkzib edir:

***Buna da bax-​ 'Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar'

«Əvvəla, bir məhkum telefonla danışanda başqa bir məhkumun dəstəyi alıb danışması intizam məsuliyyətinə səbəb ola bilməz. İkincisi, Cahangir Hacıyevin dəfələrlə intizam qaydalarını pozması haqda deyilənlər yalandır. Bu cür açıqlamaları verəndə düşünsünlər ki, texnologiyanın inkişaf etdiyi indiki dövrdə yalanları ifşa eləmək çox asandır».

Müdafiəçi deyir ki, C.Hacıyevin cəzalandırılmasının yeganə səbəbi onun mətbuata haqqında gedən yalan məlumatlara münasibət bildirməsi olub:

«Əgər bu cinayətdirsə, o zaman Konstitusiyamızda, yerli və beynəlxalq qanunvericilikdə ifadə azadlığı ilə bağlı normaları leksikonumuzdan çıxaraq. Əgər bu normalar varsa, hamı, o cümlədən məhkumlar da ondan yararlanmalıdır. Çünki məhbusun ancaq azadlıq hüququ məhdudlaşdırılıb. Onun informasiya almaq-vermək hüququ məhdudlaşdırıla bilməz».

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG