Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

C.Hacıyevin bacısı: 'Yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir...'


Əminə Hacıyeva
Əminə Hacıyeva

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva oktyabrın 2-də 13 saylı Cəzaçəkmə Müəssisəsində olub. O, qardaşı ilə görüşmək istəsə də, görüşə icazə ala bilməyib.

Bunu AzadlıqRadiosu-na Ə.Hacıyevanın özü bildirib.

O, qeyd edib ki, bazar ertəsi günləri C.Hacıyevin doğmaları ilə görüş günü olsa da, bu dəfə bu baş tutmayıb.

Buna da bax:​ Yenə vəkili Cahangir Hacıyevlə görüşə bilməyib

Əminə Hacıyevanın bildirdiyinə görə, onun görüşdən imtinanın səbəblərini açıqlamaq barədə israrlı tələblərindən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilk dəfə təsdiq edib ki, keçmiş bankir cərimə kamerasına (kars) salınıb. Amma cəzanın səbəbini ona bildirməyiblər.

Ə.Hacıyeva hesab edir ki, qardaşını KİV-də dərc olunan müsahibəsinə görə cərimə kamerasına salıblar.

“Haqqin.az saytı qardaşımın 15 mlrd. mənimsədiyini yazdıqdan sonra o, mətbuatda çıxış edib. Qardaşım bunun həqiqət olmaması barədə mövqeyini açıqlayıb. O, özünü müdafiə etmək üçün çıxış edib", - deyə Ə.Hacıyeva bildirib.

Buna da bax:​ Beynəlxalq Bank özəlləşdirilməyə hazırlanır

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin əməkdaşları Hacıyevdən ötrü yemək və isti geyimi qəbul etməkdən də imtina ediblər.

“Yaxşı, yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir, bəs isti geyimi niyə qəbul etmirlər, axı o, orada yay paltarları ilə qalıb?..", – deyə o, sual edib.

Vəkillərinin ötən həftə verdiyi açıqlamada bildirilirdi ki, C.Hacıyev sentyabrın 26-da cərimə kamerasına salınıb. Həmin vaxtdan etibarən vəkillər onunla görüşə bilmirdilər. Müdafiə tərəfi keçmiş bankirin cərimə kamerasında aclıq aksiyası keçirdiyini düşünürdülər.

Penitensiar Xidmətdən, hələlik Cahangir Hacıyevin vəkillərinin və bacısının açıqlamasına münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ 1 milyon 200 min manat da Cahangir Hacıyevin üzərinə qoyuldu

2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib. O, mənimsəmə, vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunur.

Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri də azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG