Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

Cəbhəçi ona görə bağçada işləyən xanımına təzyiq edildiyini deyir


R.Novruzov
R.Novruzov

«1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmlinin müdafiəsinə qoşulduqdan sonra mənə qarşı ciddi təzyiqlər başlayıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gədəbəy rayon şöbəsinin sədri Ramiz Novruzov bildirib.

R.Novruzov deyib ki, S.Rüstəmli həbs edildikdən sonra onun müdafiəsinə başlayıb. Onun vurğulamasına görə, 120-yə yaxın şəxsin adından S.Rüstəmlinin xidmətləri barədə Prezident Administrasiyasına müraciət göndərib.

«Biz orda 1992-93-cü illərdə Gədəbəydə gedən döyüşlərdən bəhs etdik. Torpaqlarımızın müdafiəsində S.Rüstəmlinin rolundan danışmışıq», -R.Novruzov bildirib.

***Buna da bax-Hakimiyyət müxalifətçilərin son həbsləri ilə nə demək istəyir?

R.Novruzov bundan sonra həyat yoldaşına təzyiqlər başlandığını vurğulayıb: «Mənim yoldaşam bağça müdirəsidir. Bu müraciətdən sonra Bakıda qərar verilib ki, onun müdir kimi fəaliyyəti yoxlanılsın. Özü də xanımım hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. İndi də bilirəm ki, mənə görə onu incidirlər. Odur ki, onu qoruya bilmək üçün boşanma qərarına gəlmişəm. Təki mənə görə ailəm təzyiqlərə məruz qalmasın...».

R.Novruzov deyib ki, həyat yoldaşı Gədəbəy rayonunda 1 saylı Körpələr evi- uşaq bağçasında işləyir.

Onun bu açıqlamasına Gədəbəy rayon hüquq-mühafizə orqanlarından və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

S.Rüstəmli
S.Rüstəmli

Xatırlatma

S.Rüstəmli mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlanıb. Sonradan onun qardaşı oğlu Vidadi Rüstəmovun da həbs xəbəri yayılıb. Yaxınları S.Rüstəmlinin əvvəlcə narkotikdə ittiham edildiyini açıqlamışdılar. Ancaq bir müddət nə yaxınları, nə də vəkilləri onunla görüşə bilmişdilər. Sonradan yaxınları keçmiş başçının onların tutduğu vəkildən imtina etdiyini açıqlamışdılar. Onlar bunun işgəncə altında edildiyini ehtimal edirdilər.

***Buna da bax-Əli Kərimli ittihamlara cavab verdi

Daha sonra qardaşlarından biri (Vidadi Rüstəmovun atası) S.Rüstəmli ilə görüşərək onun işgəncəyə məruz qalmadığını açıqladı. Ancaq yenə də ailəsinin tutduğu vəkillərin görüş cəhdləri nəticə verməyib. S.Rüstəmlinin hələ də təcridxanaya köçürülmədiyi, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı bildirilir. Hərçənd, həmin idarədən bunu təsdiq etməyiblər.

Mayın 26-da isə Baş Prokurorluq S.Rüstəmliylə bağlı Daxili İşlər Nazirliyi ilə birgə açıqlama yayıb. Həmin açıqlamaya görə, bəzi AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi qurumların məlumatında S.Rüstəmli ilə yanaşı, bu işlə bağlı daha 3 cəbhəçinin də həbs edildiyi bildirilirdi. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib. O deyib ki, son illər Rusiyada yaşayan dostu S.Rüstəmli ümumilikdə 5 min dollara qədər yardım edib. Həmin vəsait isə həbsdə olan fəalların müdafiəsinə sərf edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG