Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

Buster doza vurulsunmu? DST 'yox' deyir


Serbiyada buster dozalar vurulur
Serbiyada buster dozalar vurulur

Mayo Klinikasının Minnesotanı əhatələyən pasiyent datası delta ştammının dominantlıq etdiyi iyulda Moderna-nın yoluxman; 76, Pfizer-in isə 42% önlədiyini üzə çıxarıb

Mövcud data COVID-19-a qarşı buster (gücləndirici) vaksin dozasına ehtiyac olmadığını göstərir. Bunu Dünya Səhiyyə Təşkilatı (DST) dünən – avqustun 18-də bildirib. Qurum qeyd edir ki, zəngin ölkələr bu dozanı vurmağa başlamazdan öncə bütün dünyada ən zəiflər vaksin olunmalıdırlar.

Dünyada yetərincə vaksin var...

Bu açıqlamadan az sonra ABŞ hökuməti sentyabrın 20-dən amerikalıların hamısına buster doza vurulması planını açıqlayb. Səbəb isə delta ştammının yoluxmaları artırması göstərilir.

DST-nin baş alimi Sumya Svaminatan Cenevrədə mətbuat konfransında deyib ki, “bugünkü datanın busterlərə ehtiyac olmadığını göstərdiyinə aşkar şəkildə inanırıq”. O, əlavə tədqiqata ehtiyac olduğunu vurğulayıb.

Qurumun aparıcı müşaviri Brus Eylvard isə dünyada yetərincə vaksin olduğunu, “amma onların düzgün qaydada düzgün yerlərə getmədiyini” söyləyib.

“The Associated Press” agentliyi zaman keçdikcə vaksinlərin qorumasının azalmasının təbii olduğunu yazır. Məsələn, tetanusa qarşı buster doza hər 10 ildən bir tövsiyə olunur.

8 ay sonra

Tədqiqatçılar, səhiyyə rəsmiləri COVID-19 vaksinlərinin real təsirini öyrənməklə məşğuldurlar. ABŞ-da təsdiqlənmiş vaksinlər hələ də xəstəliyin ağırlaşmasına və ölümə qarşı güclü qoruma təmin edir. Amma qocalar evləri sakinləri və digərləri arasında delta ştammı yayıldıqca vaksinin yoluxmaya təsiri azalmaqdadır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri avqustun 18-də bu haqda araşdırmaları təqdim ediblər.

Özəlliklə İsraildən gələn data ABŞ rəsmilərini buster dozaları işə salmağa inandırıb. Artıq İsraildə vaksinlənməsindən beş aydan çox keçmiş, yaşı 50-dən yuxarı olanlara buster doza təklif olunur. Fransa və Almaniya payızda bəzi qruplara gücləndirici doza vurmağı planlayır. Avropa Dərman Agentliyi isə buna ehtiyac olub-olmadığını öyrənmək üçün uyğun datanı nəzərdən keçirdiyini bildirib.

Bu dozanın vurulması ilkin dozaların vurulduğu vaxtdan hesablanır. ABŞ-da Pfizer, yaxud Moderna vaksinlərinin ikinci dozasından 8 ay keçmiş şəxslərə buster təklif olunacaq. Birdozalı Johnson & Johnson ilə bağlı informasiya isə hələ toplanır.

Effekt niyə azalır

“AP” vaksinlərin xəstəliyin ağırlaşmasına hələ də təsir göstərdiyini, yalnız son zamanlar, delta yayıldıqca, maska qadağaları qaldırıldıqca effektin azaldığını yazır.

ABŞ-da qocalar evlərində tədqiqatlar Pfizer və Moderna-nın yoluxmalara təsirinin yazda 74%-dən iyun-iyul aylarında 53%-ə düşdüyünü göstərib.

Başqa bir araşdırma vaksinlərin hospitalizasiyaya təsirində dəyişiklik olmadığını üzə çıxarıb. Tədqiqata görə, vaksinlər ikinci dozadan 2-12 həftə sonra 86%, 13-24 həftə sonra isə 85 faiz effektli olub.

Nyu York ştatında üç ay ərzində aparılan tədqiqat vaksinin hospitalizasiyaya qarşı 95% qorumanı ortaya qoyub. Amma yeni yoluxmalara qarşı vaksinlərin effekti mayın əvvəlində 92% olubsa, iyulun sonuna 80% civarına düşüb.

Moderna və Pfizer

Mayo Klinikasının Minnesotanı əhatələyən pasiyent datası delta ştammının dominantlıq etdiyi iyulda Moderna-nın yoluxmaya 76, Pfizer-in isə 42% təsir göstərdiyini üzə çıxarıb.

Agentlik yazır ki, transplant qəbul edənlər, immun sistemi zəif digər şəxslərdə vaksinin ilkin dozaları yetərincə qoruma yaratmaya bilər. Onlara ikinci dozadan azı 28 gün sonra üçüncü doza vurula bilər ki, tam peyvəndlənmiş sayılsınlar. İmmun sistemi normal olanlara isə buster tam peyvəndləmədən xeyli sonra vurulur – qorumanı yaratmaq üçün deyil, sadəcə canlandırmaq üçün.

Mayo Klinikasında vaksinasiya proqramının rəhbəri Melania Svit deyir ki, əsas məqsəd daha çox adamın peyvənd olunmasıdır. Hər bir yoluxma “virusa mutasiya etməyə əlavə şans verir və kim bilir, yeni ştamm nə ola bilər”.

“Artıq vaksin olunmuşlar növbəyə düzülüb buster dozalarını da vurduracaqlar. Amma qonşuluqda peyvənd olunmayanlar yaşayırsa, məqsədimizə çata bilməyəcəyik”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG