Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:38

Britaniyada bullinq və qısnamaya qarşı müstəqil qurum yaratmaq istəyirlər


Kiberbullinq
Kiberbullinq

"Time's Up" hərəkatı, BAFTA, Britaniya Kino İnstitutu (BFI) da daxil olmaqla, bir çox qrup birlikdə kino sahəsində standartlara cavabdeh müstəqil qurumun yaradılmasını müzakirə edirlər. Bu qurum əyləncə sahəsində təhqir, bullinq və təcavüz kimi halları araşdırmaq səlahiyyətinə malik olacaq.

Harvi Vaynşteyn qalmaqalından sonra yaradılmış "Time's Up" xeyriyyə qurumu bildirib ki, yeni tənzimləyici qurumla bağlı müzakirə son mərhələsindədir. Müzakirələrə Britaniya hökuməti də qatılır. Qurum ilk dövrlərdə kino və TV sahələrini əhatə edəcək. Sonradan musiqi, teatr, videooyunlar kimi digər yaradıcı sahələrə də nəzarət etməyə başlayacaq.

Sözügedən qurumlar 2021-ci ilin iyunundan bəri müzakirələrə başlayıblar. "UK Time's Up" əyləncə sahəsində standartlara cavabdeh, ittiham və insidentlərlə məşğul olacaq müstəqil qurumun yaradılması təklifini edən ilk qruplardan biridir.

Sərbəst işçilərin müdafiəsi

Yeni tənzimləyici qurum "Fieldfisher" adlı hüquq şirkəti və onun partnyorları olan Cill Qrinfild ilə Sara Ellsonun iştirakı ilə yaradılır. Narahatlıq doğuran ən mürəkkəb sahələrdən biri frilanserlər, sərbəst işçilər və qeyri-rəsmi kontraktlarla işləyənlərin müdafiəsidir.

"UK Time's Up" təşkilatının rəhbəri Hizer Rabbatts yeni qurumun yaradılmasını kino və televiziya sahələri üçün tarixi hadisə adlandırıb. O, bu hadisənin təkcə şikayətçilər üçün yox, ittiham olunanlar üçün, habelə hesabatlılıq və düzgünlük baxımından vacibliyinə diqqət çəkib.

"[Bu qurum] qəbuledilməz davranışın aradan qaldırılması, hər kəs üçün təhlükəsiz …və ləyaqətli iş şəraitinin dəstəklənməsi baxımından son dərəcə əhəmiyyətlidir. Hamımız bilirik ki, dəstək xətləri və məsləhət imkanları vacib olsa da, onların olduğu müddətdə də qorxu və şübhə qalmaqdadır", – o deyib.

Hollivudla əməkdaşlıq

Yeni müstəqil qurum Hollivud Komissiyasındakı həmkarlarla əməkdaşlıq şəraitində yaradılır. Hollivud Komissiyası 2017-ci ildə əyləncə sektorunda ayrıseçkilik, təhqir və təcavüzü aradan qaldırmaq üçün yaradılıb. Yeni yaradılacaq qurumda təmsil olunan təşkilatların çoxunun ABŞ-da qərargahının olması bu iki qurumun birgə çalışmasını asanlaşdıracaq.

Frilanserlər

Britaniya Kino İnstitutunun mədəniyyət və inklüzivlik şöbəsinin rəhbəri Cennifer Smit isə əlavə edib: "Biz anlayırıq ki, əsasən frilanserlərdən ibarət işçi qüvvəmiz insidentlər barədə şikayət edə bilməli, bu sahədə qaydaların və siyasətin mövcud olduğuna əmin olmalıdırlar. Buna görə də biz standartlara cavabdeh müstəqil qurumun yaradılmasını alqışlayırıq. Bu həqiqi mənada müstəqil resurs nalayiq cinsi davranış, bullinq və təhqirlə bağlı ittihamları araşdırmağa qadir olacaq və sektorumuza daha çox hesabatlılıq gətirə biləcək".

"Deadline" saytı yazır ki, artıq BBC də daxil olmaqla Britaniyanın bütün əsas teleyayım şəbəkələri bu addımı dəstəkləyərək təşəbbüs üçün dərhal maliyyə vəsaiti ayırmağı öhdələrinə götürüblər. Kira Naytli, Naomi Harris və Rebekka Ferqüson kimi incəsənət xadimləri də bu addımı dəstəklədiklərini bildiriblər.

XS
SM
MD
LG