“Görkəmli şair, Stalin repressiyanın qurbanının abidəsinin sökülməsinə görə iş icraçısının cəzalandırılması qatarların toqquşmasına görə, şlaqbaumu günahlandırmaq kimi bir şeydir”.
Tarixi-mədəni irsin qorunması üzrə İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova Mikayıl Müşfiqin büstünün sökülməsi ilə bağlı yaşananları şərh edərkən belə deyib.
O qeyd edib ki, abidənin sökülməsi barədə qərarı iş icraçısı qəbul edə bilməz. O, ancaq icraçıdır:
“Bu barədə qərar qəbul edən orqanlar və abidələrin qorunmasına nəzarət edən qurum cəzalandırılmalıdır”.
Buna da bax: Müşfiqin büstünə görə, iş icraçısı cəzalandırıldı
A.İmranova qeyd edib ki, abidə müəllifinin yaratdığı forma və stildə yerinə qaytarılmalıdır.
“Abidənin yerinin, forma və stilinin dəyişdirilməsi yolverilməzdir. Abidə tarixdir və müəllif təxəyyülünün məhsuludur. Müəllif hüquqlarının pozulması anlayışı var. Abidənin qoyulduğu yer tarixi və ideoloji məzmuna malikdir”, - o bildirib.
A.İmranovanın sözlərinə görə, son illər Bakıda məhəllələrin sökülməsi zamanı bir çox tarixi, memarlıq və dini abidələr dağıdılıb.
Buna da bax: Nazir: 'Müşfiqin abidəsi bərpa olunacaq'
“Dağıdılmış abidələr turizm industriyası baxımdan əvəzsiz olub. Ölkədə tarixə, memarlığa, dinə, ətraf mühitə münasibət dəyişməlidir. Abidə ən azı mənəvi dəyərdir. Abidələrə Avropada olduğu kimi, iqtisadi maraqlardan üstün dəyərlər kimi yanaşılmalıdır. Dövlət və cəmiyyət bunu başa düşməlidir”, - ekspert vurğulayıb.
Xatırlatma
Fevralın 27-si Bakının Yasamal rayonunda Mikayıl Müşfiq adına parkda onun büstü götürülmüşdü. “Azəravtoyolservis” ASC-nin mətbuat xidməti büstün yenidənqurma işləri səbəbindən müvəqqəti götürüldüyünü açıqlamışdı.
Abidənin sökülməsi sosial şəbəkələrdə narazılığa səbəb olmuşdu.
Buna da bax: İlham Əliyev Müşfiqin abidəsinin sökülməsindən narahat olub
Bir gün sonra prezident İlham Əliyev olayın araşdırılması və günahkarların cəzalandırılması barədə tapşırıq vermişdi.
Ardınca da 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı Ramiz Rəhimov işindən kənarlaşdırılmışdı.