Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Britaniya parlamenti baş nazirin erkən seçki planını rədd edir


Boris Johnson (ortada) parlamentin sessiyasında
Boris Johnson (ortada) parlamentin sessiyasında

Avropa İttifaqı Britaniyanın bu blokdan ayrılmasının – Breksitin müddətini yanvarın 31-dək uzatmağa razılaşdıqdan sonra İcmalar Palatası baş nazir Boris Johnson-un erkən seçki keçirmək planını rədd edib.

Maraqlıdır ki, Avropa İttifaqı vaxtın uzadılmasına icazə verərkən məhz seçki keçiriləcəyinə ümid edirdi. Lakin Britaniya parlamentindəki bugünkü səsvermə son nəticə sayıla bilməz.

Baş nazirin dekarın 12-də seçki keçirmək təklifinin leyhinə 299, əleyhinə 70 millət vəkili səs verib.

Qanuna görə erkən seçkinin keçirilməsi, hökumətə etimad məsələsi ilə eyni vaxtda səsə qoyulmursa, bu qərara İcmalar Palatası üzvlərinin üçdə ikisi (azı 434) səs verməlidir.

Təkrar səsə qoyulacaq

Boris Johnson səsvermədən dərhal sonra elan edib ki, hökumət erkən seçki məsələsini oktyabrın 29-da bir də müzakirəyə çıxaracaq.

Johnson budəfəki səsverməni başqa prosedurla keçirmək istəyir. Bu sxemdə seçkinin keçirilməsi üçün qərarın sadə çoxluqla qəbul edilməsi kifayət sayılacaq.

Boris Johnson ümid edir ki, onun Mühafizəkar Partiyası erkən seçkidə qalib gələcək. Bu halda o, ölkəni və siyasi elitanı pat vəziyyətindən çıxaracağına da ümid edir.

BBC yazır ki, belə ümidlər bəsləmək üçün Johnson-un müəyyən əsası var. O hazırda ana müxalifətin lideri, Leyborist Partiyasının başçısı Jeremy Corbyn-dən xeyli populyardır.

Mühafizəkar Partiya da rəy sorğularının nəticəsinə görə elektoratın 35 faizinin dəstəyinə malikdir. Bu, leyboristlərin göstəricisindən 10 faiz çoxdur.

Proqnoz vermək çətindir

Buna baxmayaraq, seçkinin Johnson-a onun arzu etdiyi nəticəni gətirəcəyini indidən demək çətindir.

Birincisi seçkiqabağı kampaniyada reytinqlər dəyişə bilər. Müxalifət elektoratın bir hissəsinin Johnson-dan üz çevirəcəyinə ümid bəsləyir. Beləki o, Britaniyanı oktyabrın 31-dək Avropa İttifaqından çıxarmaq vədinə əməl etməyib.

Burası da var ki, Johnson bu uğursuzluğun təqsirini müxalifətin üzərinə qoya bilər.

İkincisi, Britaniyanın seçki sistemində 650 deputatın hamısı bir dövrədə birmandatlı dairələrdən seçilir. Bu halda sorğu reytinqləri real seçki nəticələrini əks etdirməyə də bilər.

2015-ci ildə David Cameron və onun mühafizəkarları 36, 9 faiz səslə mandatların mütləq çoxluğunu – 330 yeri əldə edə bilmişdi.

Bundan iki il sonra partiya Theresa May-in başçılığı ilə səslərin 42, 4 faizini qazanmış, amma 317 mandatla mütləq çoxluğa nail ola bilməmişdi.

Üçüncüsü, əgər bütün əsas partiyaların deyil, avropayönlü və anti-Avropa düşərgələrinin reytinqləri nəzərə alınarsa, hazırda elektorat az qala tən yarı bölünüb. Belə halda isə kimin qalib gələcəyini demək son dərəcə çətindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG