Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:26

Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıyıb


Vyanada Fələstinə dəstək yürüşü, arxiv fotosu
Vyanada Fələstinə dəstək yürüşü, arxiv fotosu

Böyük Britaniya, Kanada və Avstraliya Fələstini müstəqil dövlət kimi tanıyıb. Bu həftənin əvvəlində Fransanın da bu addımı atacağı gözlənilir.

İsrail isə bu qərarı “terrora kapitulyasiya” adlandırıb. Təl-Əviv onlarla israillinin hələ də Qəzza zolağında girov olaraq saxlanıldığını vurğulayıb. Onları İsrail, ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşması 2023-cü il oktyabrın 7-də həyata girov götürüb.

HƏMAS-a yeni sanksiyalar

Kanadanın baş naziri Mark Karni bildirib ki, “İsrailin hazırkı hökuməti Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün sistemli şəkildə çalışır”.

Karni onu da deyib ki, Fələstin muxtariyyəti gələn il seçkilərin keçirilməsi, dövlətin silahsızlaşdırılması digər islahatlarla bağlı Kanada və digər ölkələrlə əməkdaşlıq edir.

Britaniyanın baş naziri Kir Starmer isə deyib ki, iki dövlət prinsipi əsasında həllə ümid azalır, “amma biz onun tamamilə itməsinə imkan verə bilmərik”.

Böyük Britaniya HƏMAS-a qarşı yeni sanksiyalar da açıqlayıb.

Fələstin Muxtariyyətinin xarici işlər naziri Varsen Ağabekyan bildirib ki, dövlətin tanınması iki dövlətin dinc yanaşı yaşaması prinsipini qoruyur, Fələstinin müstəqillik və suverenliyini yaxınlaşdırır.

Hazırda Fələstin Milli Administrasiyası yalnız İordan çayının qərb sahilinə nəzarət edir. Qəzza zolağı isə 2007-ci ildən HƏMAS qruplaşmasının nəzarətindədir.

İsrailin reaksiyası

İsrailin Xarici İşlər Nazirliyi Avstraliya, Britaniya və Kanadanın Fələstini tanıması qərarını pisləyib, bunu HƏMAS-a “mükafat” adlandırıb. İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı siyasətmi İtamar Ben-Qvir deyib ki, yaxın günlərdə hökumətin iclasında İordan çayının qərb sahilinə nəzarətin bərpa olunması, Fələstin muxtariyyatının buraxılması təklifini irəli sürəcək. Bu barədə “The Times of Israel” yazır.

İsrailin baş naziri Benyamin Netanyahu isə deyib ki, Fələstin dövlətinin tanınmasına qarşı beynəlxalq səviyyələrdə mübarizə aparacaq:

“Biz həm BMT-də, həm də digər beynəlxalq platformalarda bizə yönəlmiş yalan təbliğatla, Fələstin dövlətinin yaradılması çağırışları ilə savaşmalıyıq. Bu, mövcudluğumuzu təhlükə altına atır, terrorizmin absurd şəkildə mükafatlandırılması deməkdir”.

Netanyahu gələn həftənin ortalarında BMT Baş Assambleyasının 80-ci sessiyasına qatılacağını, ABŞ prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.

XS
SM
MD
LG