Boeing korporasiyasının indiki və keçmiş direktorları bir səhmdarın məhkəmə iddiası üzrə 225 milyon dollarlıq razılaşma əldə ediblər. İddiaya görə, təyyarə şirkətinin idarə heyəti 737 MAX-la bağlı təhlükəsizlik məsələlərinə yaxşı nəzarət etməyib. Xəbəri “The Wall Street Journal” yayıb.
Qəzet noyabrın 4-də məsələdən agah şəxslərə istinadla yazıb ki, razılaşmada direktorlar, eləcə də korporasiyanın Baş İcraçı Direktoru Deyvid Kalhun tərəfindən hər hansı nöqsanın etirafı nəzərdə tutulmur.
FAA ilə münasibətlər yenidən qurulsa da...
‘Bəxtsiz’ 737 MAX-ın hazırlanması və uğradığı iki qəza vaxtı Kalhun idarə heyətinin üzvü idi. 2018 və 2019-cu illərdə iki qəza zamanı üst-üstə 346 nəfər həlak olub.
Razılaşmanın maddi hissəsi direktorların sığortaçıları tərəfindən korporasiyaya ödənəcək.
Qəzalardan sonra şirkət idarə heyəti və menecmentində, təhlükəsizlik məsələlərinin idarə olunmasında dəyişikliklər edib.
Boeing bildirib ki, Federal Aviasiya Administrasiyası (FAA) ilə münasibətlərin bütün aspektlərində tam şəffaflıq və əməkdaşlığa sadiqdir.
FAA rəhbəri Stiv Dikson noyabrın 3-də ABŞ Konqresinin komitəsinə qeyd edib ki, 737 MAX-ın iki qəzasından sonra Boeing “daha çox iş görməlidir”.
“Boeing iki il öncə olduğu kimi deyil, amma daha çox iş görülməlidir. Boeing ilə münasibətləri müəyyən şərtlər əsasında yenidən qurmuşuq”, – Dikson Senatın Ticarət Komitəsində bildirib.