Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:21

BMT məhkəməsi Ukraynanın Rusiyanı soyqırımda ittiham edən iddiasına baxır


BMT-nin beynəlxalq məhkəməsi (Arxiv fotosu)
BMT-nin beynəlxalq məhkəməsi (Arxiv fotosu)

Haaqadakı Beynəlxalq Məhkəmədə sentyabrın 18-dən 27-dək Ukraynanın Rusiyaya qarşı iddiası əsasında ilkin dinləmələr keçirilir.

Kiyev Moskvanı Ukraynaya tammiqyaslı müdaxilənin gedişində soyqırım cinayəti Konvensiyasını pozmaqda ittiham edir və Rusiyanın cəzalandırılmasını istəyir.

Ukrayna bu barədə iddianı BMT məhkəməsinə Rusiya müdaxiləsinin başlanmasından üç gün sonra, 2022-ci ilin 27 fevralında təqdim edib.

Məhkəmə bundan əvvəl qərar vermişdi ki, Ukraynanın iddiasına daha 32 ölkənin qoşulmaq hüququ var.

Bunlar demək olar ki, bütün Avropa ölkələri, habelə Kanada, Avstraliya və Yeni Zelandiyadır. Birləşmiş Ştatların müraciəti rəsmi zəmində rədd edilib.

İlkin dinləmələrdə Rusiyanın bu məsələnin BMT beynəlxalq məhkəməsinə aidiyyəti olmamasını iddia edəcəyi gözlənilir.

Rusiyanın iddiaları

Rusiya XİN bundan əvvəl bəyan edib ki, Kiyevin iddiası əslində Rusiyanın keçirdirdiyi “xüsusi hərbi əməliyyatın” (Rusiya Ukraynaya müdaxiləsini belə adlandırır - red) hüquqiliyini və qondarma DXR və LXR-in statusunu mübahisələndirir və buna görə də sözü gedən Konvensiyaya heç bir dəxli yoxdur.

Ukrayna tərəfi isə israr edir ki, Rusiyanın Ukraynadakı hərəkətlərində soyqırım cinayətlərinin tərkibi var.

Buna misallardan biri kimi ukraynalı uşaqların zorla Rusiyaya deportasiya olunması göstərilir.

Yeri gəlmişkən, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini məhz bunda ittiham edir və onun həbsinə order verib.

Bununla belə məhkəmənin irəli sürdüyü ittihamların arasında soyqırım cinayəti yoxdur.

Ukrayna ordusundan daha bir uğurlu əməliyyat: Kleşşovka azad edildi
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Afrika diktatorlarının vəkili

Sentyabrın əvvəllərində BMT-nin Ukraynada Rusiyanın mümkün cinayətlərini araşdıran komissiyasının sədri Erik Möse demişdi ki, BMT hələ ki soyqırımın qarşısının alınması Konvensiyasının hüquqi tələblərinə cavab verən dəlillərə malik deyil. Kiyev belə bir mövqeni tənqid edir.

Bu iddiaya cavab olaraq Moskva da Kiyevi Donbasda soyqırım törətməkdə ittiham edir. Kiyev isə bildirir ki, Moskvanın Ukraynaya müdaxilə üçün heç bir əsasları olmayıb.

“Ukrainskaya Pravda” qəzeti yazır ki, bu dinləmələrdə Moskvanın maraqlarını Rusiya XİN-in ekspertləri, habelə İran, Çin, Perudan olan hüquqşünaslar və bir də məşhur fransız vəkil Jan-Şarl Çikaya təmsil edirlər. Çikaya indiyədək bir sıra Afrika diktatorlarının maraqlarını müdafiə edib.

Sentyabrın 18-də keçirilən ilk dinləmədə Rusiya nümayəndəsi Gennadi Kuzmin bildirib ki, Moskvanın bəyanatları soyqırıma dair beynəlxalq Konvensiyanı pozmur.

O habelə dinləməyə Ukrayna millətçisi Stepan Banderanın heykəllərinin fotolarını təqdim edib və bildirib ki, bu, Ukrayna hakimiyyətinin “neonasist təbiətini” isbat edir.

İki məhkəməni qarışdırmamalı

Əgər BMT məhkəməsi bu işi icraata götürərsə, onda işə mahiyyəti üzrə baxılması yalnız gələn il başlana və illərlə davam edə bilər.

BMT-nin beynəlxalq məhkəməsi Haaqada Ukraynanın Rusiyaya qarşı daha bir iddiasına baxır. Bu iddialara görə Rusiya terroru maliyyələşdirməkdə və iqrçilikdə ittiham olunur.

Bu iddia hələ 2017-ci ildə Rusiyanın Krımı ilhaqına və Donbasdakı hərbi fəaliyyətlərinə görə qaldırılmışdı.

BMT-nin Beynəlxalq Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır. O Haaqadakı Sülh sarayında mənzillənib və dövlətlər arasında hüquqi mübahisələrə baxır. Rusiya ümumilikdə bu məhkəmənin yurisdiksiyasını qəbul etsə də, onun ayrı-ayrı müddəaları ilə razılaşmır.

Bu məhkəmə Haaqada yerləşən başqa bir məhkəmə - Beynəlxalq Cinayət Məhkəməsi ilə eyni qurum deyil.

BCM BMT orqanı deyil və Rusiya onun yurisdiksiyasını qəbul etmir.

Putinin həbsi üçün orderi məhz bu məhkəmə verib.

XS
SM
MD
LG