Çin hakimiyyət orqanlarının dron ixracına qoyduğu məhdudiyyətlər bu aparatların komplekt hissələrinin, məsələn istilik görüntüsü kameralarının Rusiyaya gətirilməsini çətinləşdirib.
Xəbər verilir ki, Çinin dron təchizatçıları Rusiyaya paralel idxal sxemindən istifadə etməyə çalışsalar da buna Qazaxıstan və bir sıra başqa ölkələrdə qoyulmuş məhdudiyyətlər mane olur.
Kommersant qəzetinin müsahibləri bildiriblər ki, Rusiya dron istehsalçıları komplektləşdirici hissələrin ehtiyat fondunu yarada biliblər və Çin təchizatçılarının Rusiyaya ixrac üçün müvafiq lisenziyalar əldə edə biləcəyinə ümid bəsləyirlər.
Amma mənbələrin bildirdiyinə görə bu proses hələ bir il davam edə bilər.
Rusiya vaxtında tədarük edib
Bu lisenziyanın əldə olunması üçün təchizatçı dronun son alıcısını göstərməli və aparatdan hərbi məqsədlərlə istifadə olunmayacağını sübut etməlidir.
Əgər Çin ixracatçısı lisenziyanın tələblərini pozarsa, bu halda inzibati məsuliyyət daşıyacaq. Əgər bu hərəkətə məqsədli şəkildə yol verilibsə, ixracatçını cinayət məsuliyyəti gözləyə bilər.
Çin 2023-cü il, sentyabrın 1-dən çəkisi 4 kiloqramdan, maksimal uçuş kütləsi 7 kiloqramdan və uçuş müddəti 30 dəqiqədən çox olan dronların ixracına məhdudiyyət qoyub. Habelə operatorun təbii baxış dairəsindən kənara çıxan, əşyaları daşıyan və yerə atan dronların ixracı da məhdudlaşdırılıb.
RuDrones şirkətinin baş direktoru Dmitri Datsıkov deyib ki, Rusiya istehsalçıları hələ avqust ayında, kameralar, ötürücülər, mühərrik nəzarəti cihazları da daxil nə mümkündürsə alıblar.
Pekinin neytrallığı
ABŞ-dakı Midlberi kollecinin elmi əməkdaşı Erik Vuds The Insider saytına bildirib ki, Pekin əslində Qərb sanksiyalarından yayınmaq üçün məhdudiyyətlərə nəzarət görüntüsü yaradır, reallıqda isə qəbul edilmiş məhdudiyyətlər nə Rusiyanın, nə də Ukraynanın bundan sonra da Çin dronlarından istifadəsinə maneçilik yarada bilməz.
Amma “Avianovatsii” şirkətinin baş direktoru Sergey Tovkaç The Insider saytı ilə söhbəti zamanı qeyd edib ki, “Çin biznesi müharibə ilə hər hansı əlaqəsinin olmasını istəmir” və ümumiyyətlə Rusiya və Ukrayna bazarları çinlilər üçün cüzi əhəmiyyətə malikdir.
Bundan əvvəl Çin dəfələrlə bəyan edib ki, Pekin neytral siyasət yürüdür və münaqişə zonasına silahlar satmır.
Lakin ABŞ kəşfiyyatının məlumatına görə 2023-cü ilin yazına qədər Çin Rusiyaya ümumi dəyəri 12 milyon dollar olan dron və ehtiyat hissələri göndərib.