Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Azərbaycanda bloklanan saytlarla bağlı daha bir məhkəmə qərarı


Azərbaycandan 5 sayta girişin əngəllənməsiylə bağlı daha bir məhkəmə qərarı çıxarıldı.

Söhbət AzadlıqRadiosunun, “Azadlıq” qəzetinin, Turan TV, Meydan TV və “Azərbaycan saatı”nın internet səhifələrindən gedir. Bakı Apellyasiya Məhkəməsi sentyabrın 9-da bu saytlarla bağlı qərar verib.

Bu, Bakı Apellyasiya Məhkəməsinin eyni məsələ ilə bağlı ikinci qərarıdır. Birinci qərar 2017-ci ilin dekabrında çıxarılıb.

Sözügedən saytlara Azərbaycanda giriş həmin ilin martından məhdudlaşdırılıb. Apreldə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elekton Təhlükəsizlik Mərkəzi məhkəmədə iddia qaldıraraq, giriş məhdudiyyətinin rəsmiləşdirilməsini istəyib. İddia tələbi belə olub ki, təkcə adıçəkilən 5 sayt yox, sonradan bu saytlara girişə imkan verə biləcək başqa internet resursları da bloklansın.

Səbail Rayon Məhkəməsi 2017-ci il mayın 12-də iddianın yalnız beş sayta aid hissədə təmin edib. O zaman saytların təmsilçiləri bu qərardan apellyasiya şikayəti versə də, dekabrda təmin olunmamışdı.

Bloklanan saytlar ardınca Ali Məhkəməyə üz tutsalar da, yenə nəticə dəyişməmişdi. 2018-ci ilin iyulunda bu məsələyə baxan Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlamışdı.

Ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə saytların hər birinin hüquqi təmsilçiləri Avropa Məhkəməsinə şikayət edib.

Apellyasiya Məhkəməsi ‘çərçivədən kənara çıxıb’

2020-ci ilin mayında sözügedən saytlara məlum olub ki, Ali Məhkəmənin Plenumu iki ay əvvəl – martın 19-da nazirliyin əlavə kassasiya şikayəti əsasında bu məsələyə baxıb.

“Nazirlik tərəfindən aparılmış monitorinqlər nəticəsində o saytlara müraciətlərin digər informasiya ehtiyatları vasitəsilə mümkün olduğu müəyyən edilib. Məhdudlaşdırma barədə qərarın bu resurslara da şamil olunmasına zərurət yaranıb”, – deyə nazirlik şikayətində yazıb.

Plenum həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qərarlarını ləğv edib. İşi təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Plenum apellyasiya məhkəməsinin əvvəlki qərarının ləğv olunmasına əsas kimi onu göstərib ki, 5 sayt Səbail rayon Məhkəməsinin qərarından yalnız özlərinə aid hissə ilə bağlı şikayət vermişdi. Amma Apellyasiya Məhkəməsi onların şikayəti üzrə qərar çıxaranda çərçivədən kənara çıxıb, bloklanan saytlara girişə imkan verə biləcək digər internet resurslarıyla bağlı məsələyə də münasibət bildirib.

Sonradan Ali Məhkəmə də bu işə baxanda həmin məqama diqqət yetirməyib. Bu üzdən apellyasiya məhkəməsinin qərarı da, Ali Məhkəmənin onu qüvvədə saxlayan qərarı da ləğv olunur. Saytların 2017-ci ildə verdiyi apellyasiya şikayətinə yenidən baxılır.

Sentyabrın 9-da keçirilən məhkəmə iclasında iddiaçı nazirliyin nümayəndələri iştirak etməyib. Saytları təmsil edən vəkillər iddiaçı tərəf olmadan prosesin keçirilməsinə etiraz etsə də, Ziya Şirinovun sədrlik etdiyi hakimlər kollegiyası işə baxılmasını məqsədəuyğun sayıb.

Vəkillər bildiriblər ki, Plenumun nazirliyin şikayəti əsasında bu məsələyə baxıb qərar verməsi qanunsuz olub. Çünki nazirlik narazı qalmışdısa, əvvəlcədən apellyasiya şikayəti, Ali Məhkəməyə kassasiya şikayəti verə bilərdi. Bu hüquqi addımları atmadan Plenuma şikayət etməyə qanun yol vermir. Vəkillərin sözlərinə görə, 5 saytın hamısı Avropa Məhkəməsinə şikayət göndərib.

Avropa Məhkəməsinin qərarları gözlənilir

“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli bildirib ki, təmsil etdiyi media orqanının şikayəti üzrə artıq Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında kommunikasiya mərhələsi başa çatıb, qərarın çıxarılması gözlənilir.

Meydan TV-nin təmsilçisi Elçin Sadıqov bu saytın Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya getdiyini, cavab üçün Azərbaycan hökumətinə sentyabrın 17-nə qədər vaxt verildiyini söyləyib.

AzadlıqRadiosu-nun nümayəndəsi Adil İsmayılov da Avropa Məhkəməsinə şikayətin icraata götürüldüyünü vurğulayıb:

“Ali Məhkəmənin Plenumu nəyin əsasında belə bir addım atıb, bizə aydın deyil. Səbail rayon Məhkəməsinin qərarından şikayəti biz vermişik, apellyasiya məhkəməsi də baxıb qərarını verib. İndi iddia olunur ki, guya apellyasiya məhkəməsi o vaxt şikayətə baxanda öz qərarında bizim şikayətçi olmadığımız hissəyə də münasibət bildirib, çərçivədən kənara çıxıb. Belədirsə də, niyə iki ildən sonra yada düşdü?”

“Süründürməçilikdən başqa bir şey deyil”

Hakimlər kollegiyası təxminən iki dəqiqəlik müşavirədən sonra bloklanmış saytların 2017-ci ildə verdiyi apellyasiya şikayətinə yenidən baxıldığını və təmin olunmadığını elan edib. Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.

AzadlıqRadiosu-nun nümayəndəsi Adil İsmayılov baş verənləri süründürməçilik hesab edir:

“Həm biz, həm də digər saytlar 2018-ci ilin iyununda Ali Məhkəməni keçəndən sonra Avropa Məhkəməsinə şikayət vermişik. Plenum indi Ali Məhkəmənin qərarını ləğv edib. Fikrimcə, göstərmək istəyirlər ki, bizim Avropa Məhkəməsinə şikayət etdiyimiz qərar qüvvədə deyil artıq. Biz yenidən eyni yolu keçməliyik. Yəni apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etməliyik. Onu bir də keçəndən sonra Avropa Məhkəməsinə şikayət göndərməliyik. Bu, süründürməçilikdən başqa bir şey deyil...”

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun Bakı bürosuna vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürülüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib. Radio bununla əlaqədar da 2017-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG