Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

Hökumətə möhtac mətbuat həqiqəti yaza bilərmi?


Futbol+ qəzetinin öz kiçik redaksiyasında iş başındadır. Qəzetin baş redaktoru Mahir Rüstəmli deyir ki, birtəhər, borc-xərclə qəzeti ayaqda saxlamağa çalışırlar.

Onun sözlərinə görə, ötən ilin aprelində Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi fondu Fubtol+-a maliyyə yardımını dayandırandan sonra qəzetin durumu daha da pisləşib:

“Çox yox, lap çox çətindir qəzet çıxarmaq. Mən öz adımdan deyə bilərəm ki, biz fədakarlıqla məşğuluq. Yəni bu qəzetdən pul qazanmaq, perspektiv görmək, irəli getmək... Bu dəqiqə heç bir layihə düşünmürük. Yalnız fədakarlıq hesabına qəzetin adını brend kimi qorumağı, bazarda yerini saxlamağı düşünürük”.

Mahir Rüstəmli
Mahir Rüstəmli

2019-cu ildən Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi fondu öz qaydalarını dəyişib və yalnız ictimai-siyasi mövzularda yazan qəzetlərə maliyyə yardımları edilir.

Dövlət şərait yaratsa, heç onun yardımına ehtiyac qalmazdı

Mahir Rüstəmli deyir ki, xarici ölkələrdə reklamdan, rəqabətli şəraitdə qəzet satışından və abunələrdən gələn gəlir bir qəzetin ayaqda durmasına kifayət edir. Bildirir ki, Azərbaycanda da belə şərait olsaydı, onlar heç dövlətin yardımına möhtac qalmazdılar:

“Pandemiyadan öncə azdan-çoxdan satışımız varıydı. Bununla icarə, çap və digər xərclərimizi qarşılayırdıq”.

Mahir Rüstəmli təəssüflənir ki, Azərbaycan mətbuat günündə onlar “var olmaq”, “həyatda qalmaq” çarpışmasındadırlar.

22 iyul Azərbaycanda Milli Mətbuat günüdür. 145 il öncə Azərbaycanda ilk dəfə “Əkinçi” qəzeti çıxıb.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının üzvü Aqil Abbas düşünür ki, bugün Azərbaycan mətbuatı tam azaddır. O, redaktoru olduğu Ədalət qəzetini misal göstərərək, bildirir ki, bu gün qəzetlər üçün ciddi bir problem yoxdur:

“Azərbaycan mətbuatı öz yolu ilə gedir. Özü də bu gün təkcə qəzet deyil, saytlar var, sosial şəbəkələr var. Yəni, bir azadlıq var. Kim hansı yolla istəyir, gedə bilər. Məsələn, mənim heç bir problemim yoxdur. Qəzetimiz gündəlik qəzetdir, nəşr də olunur. Sadəcə olaraq, bir az oxucu azlığı var. Bu da pandemiya ilə əlaqədardır. Daşıyıcılar, poçtlar, köşklər işləmədi. Buna görə də qəzetin tirajı məcbur aşağı düşdü”.

'Dövlət jurnalistlərə rüşvət verir' - Mehman Əliyev
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

“Mətbuat ölü vəziyyətindədir”

Azərbaycan hökuməti bəyan edir ki, KİV-ə Dövlət Dəstəyi Fondu vasitəsilə qəzetlərə yardım göstərir.

Amma media eksperti Mehman Əliyev düşünür ki, bu yardımlar əksinə Azərbaycan mətbuatını daha da acınacaqlı duruma salıb.

Onun fikrincə, bu gün Azərbaycan mətbuat yox dərəcəsindədir. Qəzetlərin bütün maliyyə qanyaqları qapadılıb, hökumətdən aslı duruma salınıb. Belə bir durumda isə söz və mətbuat azadlığından danışmaq yersizdir:

“Demək olar ki, gündə 3-4 dənə qəzet satılır köşklərdə. Bu da o deməkdir ki, qəzetlər ölü vəziyyətindədir, qəzetləri oxuyan yoxdur. Qəzetlərin gəliri yoxdur. Bu KİVDF-nin verdiyi pul isə, faktiki olaraq, rüşvətdir. Dövlətin qəzetlərə verdiyi rüşvətdir. Dövlət rüşvət verir ki, onu yaz, bunu yazma. Bu gün Azərbaycanın gündəmi sosial, iqtisadi böhrandır. Korrupsiyadır. Media bunları yazmalıdır”.

Azərbaycan hökuməti mətbuatın inkişafı üçün bütün zəruri addımları atdığını bəyan etsə də, hökumətin tənqidçiləri ildən-ilə bu sahədə durumun ağırlaşdığını bildirirlər.

Azərbaycanda AzadlıqRadiosu da daxil, bir sıra müstəqil media qurumlarının saytına giriş bloklanıb. Müxalif Azadlıq qəzeti çapını dayandırıb.

Beynəlxalq qurumlar Azərbaycanı söz, ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edir.

Bu ilin aprelində açıqlanan Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 168-ci yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG