Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

'Bloklanan saytların siyahısını heç kim bilmir'-Media icmalı


Su kranı
Su kranı

Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı, Xırdalan şəhərində su problemi, bloklanan saytlar və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

Su böhranı

Yenisabah.az saytında «Xırdalanda su böhranı yaranıb-sakinlər etiraz edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirildiyinə görə, artıq bir neçə gündür ki, Xırdalan şəhərində bir çox ərazilərdə su yoxdur. Müəllifin qeyd etməsinə görə, sakinlər narazılıq bildirirlər və bu, sosial şəbəkələrdə öz əksini tapır.

Yazıda qeyd edilir ki, Xırdalan şəhər sakini olan iqtisadçı Rövşən Ağayev də problemə öz münasibətini bildirib. İqtisadçının deməsinə görə, Xırdalanda iki gündən çoxdur ki, suyun olmaması «Azərsu» Açıq Səhmdar Cəmiyyətini də narahat etmir: «Onsuz da, heç vaxt bu şirkətdən keyfiyyətli xidmət gözləmirəm. Çünki korporativ idarəçiliyin olmadığı, xidmətlər bazarında monopol olan..., şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıqla bağlı ciddi sorunları olan, dövlətdən istədiyi vaxt istədiyi qədər maliyyə alan (ya da onun zəmanəti ilə böyük kreditlər götürən) bir şirkət heç vaxt keyfiyyətli xidmət göstərə bilməz».

R.Ağayev deyib ki, su paylaşdırma şəbəkəsi, bir çox Qərb ölkələrində olduğu kimi, tender əsasında peşəkar, keyfiyyətli xidmətlə bağlı dövlət və cəmiyyət qarşısında sərt öhdəliklər götürən özəl operatora verilməli idi.

Ekspert fikrini davam etdirərək əlavə edib ki, ya da bu qurum, Türkiyə modelində olduğu kimi, yüksək ictimai nəzarət və kollektiv idarəçiliyin təmin edildiyi bələdiyyə şirkətlərinin sərəncamında qalmalı idi: «Ən maraqlısı nədir? Hətta müştəri ilə normal kommunikasiya qurmağı belə bacarmırlar…».

O.Gündüz
O.Gündüz

Bloklanan saytlar…

Hurriyyet.org saytında «Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bloklanan saytların siyahısından ibarət resurs hazırlamalıydı-Osman Gündüz» sərlövhəli yazı diqqət çəkir.

Müəllif internet sahəsindəki vəziyyət və problemlərlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşib.

«İnterneti ölkəyə gətirən magistral (backbone) provayderlərdən biri – «DeltaTelecom» elan etdi ki, provayderlər üçün internet xidmətlərinin topdansatış qiymətlərini 70 faiz endirir. Adətən bu cür endirimlərdən sonra provayderlər də istifadəçilər üçün internet xidmətlərinin qiymətlərini endirirdilər və ya qiymətləri saxlayıb internetin sürətini qaldırırdılar. Bu dəfə bu, baş vermədi», - O.Gündüz qeyd edib.

O.Gündüz problemin həllini tapa bilməməsindən bəhs edərkən isə bunları söyləyib: «Səbəb isə belə izah olundu ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) tabe olan və internet bazarının 50 faizinə nəzarət edən dövlət provayderləri endirim etməkdən imtina edirlər. Bu məsələni tənzimləməli olan qurum da elə NRYTN olduğundan problem öz həllini tapmadı».

O.Gündüz daha sonda da deyib ki, ölkədə xeyli sayt var ki, bloklanıb. Amma o əlavə edib ki, indiyə kimi bloklanan saytların sayı, siyahısı məlum deyil: «Bloklanan saytların siyahısını heç kim bilmir. Çünki həmin «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanan saytların siyahısından ibarət resurs hazırlamalı və bunu açıqlamalı idi».

İnternet Forumun prezidenti vurğulayıb ki, bu onlayn resursda qara siyahıya düşən saytların bağlanma səbəbləri qeyd olunmalıydı: «Sayta daxil olmaq istədikdə isə bloklanma səbəbi göstərilən mesaj-məhkəmə qərarı görünməli idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə indiyədək də bu resursu hazırlamayıb».

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

XV Yay Olimpiya Festivalı

«Azərbaycan» qəzetində «Bakıda idman bayramı» sərlövhəli yazı dərc edilib.

Yazıda iyulun 21-də start götürəcək Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına Azərbaycanın ev sahibliyi etməsi dəyərləndirilir.

Müəllif yazıb ki, Avropanın idman paytaxtı Bakıda son 4 ildə keçirilən mötəbər yarışların həyəcanlı anlarının təsirindən əhali hələ də ayrıla bilməyib. Yazıda vurğulandığına görə, 2015-ci il iyun ayında qitənin və bütün dünyanın diqqət mərkəzində olan, yüksək səviyyədə təşkili ilə hətta ən tələbkar mütəxəssisləri də heyrətə gətirən I Avropa Oyunları böyük bayrama çevrilib idman hərəkatında yeni dövrün ilk səhifəsi kimi tarixdə özünə layiqli imic qazanıb: «İyulun 21-də Avropa növbəti dəfə Bakıda toplaşır. Paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına evsahibliyi edəcək. Növbəti dəfə belə bir nüfuzlu turnirin ölkəmizə həvalə olunması Azərbaycana yüksək inamın, etibarın daha bir nümunəsidir».

Müəllifin qeyd etməsinə görə, 7 gün davam edəcək yarışa ümumilikdə 48 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti qatılacaq: «135 medal dəsti uğrunda, 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq».

Yazı bu fikirlərlə da başa çatır: «...Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını təşkil edən Bakı həm də 14-18 yaşlı idmançılar arasında ünsiyyətin qurulacağı məkan olacaq. Tədbirin həm ev sahibi, həm də iştirakçıları idman mübarizəsi ilə bərabər, yeni dostluq tellərinin yaranacağı günləri səbirsizliklə gözləyirlər».

XS
SM
MD
LG