Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 03:52

Blinken və Lavrov İranı müzakirə ediblər


Entoni Blinken (solda) və Sergey Lavrov (Arxiv fotosu)
Entoni Blinken (solda) və Sergey Lavrov (Arxiv fotosu)

ABŞ dövlət katibi Entoni Blinken Sergey Lavrovla telefon söhbəti etdiyinə dair məlumatı oktyabrın 6-da Fransaya səfəri zamanı verib

ABŞ dövlət katibi və Rusiyanın xarici işlər naziri İran və dünya gücləri arasında nüvə sazişinin bərpasında ölkələrinin ortaq maraqlarını müzakirə ediblər.

ABŞ dövlət katibi Entoni Blinken Sergey Lavrovla telefon söhbəti etdiyinə dair məlumatı oktyabrın 6-da Fransaya səfəri zamanı verib.

Blinken ABŞ-ın 2018-ci ildə Birgə Hərtərəfli Hərəkət Planından çıxdığını yada salaraq Lavrovla söhbəti barəsində deyib:

"Mən düşünürəm ki, Birləşmiş Ştatlar və Rusiya Birgə Hərtərəfli Hərəkət Planının öhdəliklərinə qarşılıqlı qayıdışda ortaq marağa malikdirlər. Biz hansı mövqedə olduğumuza və hara çatmağa ümid etdiyimizə dair qeydlərimizi müqayisə etmək imkanına malik olduq”.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian oktyabrın 6-da Moskvaya səfəri və Lavrovla görüşü zamanı Tehranın Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara “tezliklə” qayıdacağını bildirmişdi.

Lavrov sanksiyaları qaldırmağa çağırır

Sergey Lavrov deyib ki, 2015-ci il nüvə sazişinə dair danışıqlar “mümkün qədər tez” bərpa olunmalıdır.

O Vaşinqtonu tez bir zamanda bu saziş üzrə öhdəliklərinə qayıtmağa çağırıb.

Lavrov, onun təbirincə deyilərsə, Birləşmiş Ştatları “İran və onun bütün ticarət partnyorları üzərinə qoyulmuş qanunsuz məhdudiyyətləri” qaldırmağa dəvət edib.

Vyanada daha çox dolayısı ilə keçirilən danışıqların bundan əvvəl 6 raundu keçirilib. Bundan sonra, iyun ayında danışıqlar dayanıb.

Bu, mühafizəklar İbrahim Rəisinin İran prezidenti seçildiyi dövrə təsadüf edirdi.

Lavrov: Azərbaycan da İranın keçirdiyi hərbi təlimlərdən narahatdır
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

“Qarşıdan gələn günlərdə”

Əmir-Abdullahian Lavrovla görüşü zamanı bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyasının bu danışıqlara qayıtmasına aylarla vaxt lazım gəlib:

"Biz hazırda bu məsələ ətrafında məşvərətlərimizi yekunlaşdırırıq və Vyanada keçirilən danışıqlar tezliklə bərpa olunacaq”.

Mühafizəkarların çoxluğa malik olduqları İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini Təsnim agentliyinə deyib ki, danışıqlara “qarşıdan gələn günlərdə” başlanacaq.

Meşkini bildirib ki, Qərb ölkələrindən gələn siqnallar danışıqların yeni dövrünün başlanacağını göstərir.

Keçmiş ABŞ prezidenti Donald Trampın Tehran üzərinə bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına və milli valyutasına ağır zərbə vurub.

Bunun ardınca ölkəni bürüyən pandemiya dalğaları vəziyyəti daha da ağırlaşdırıb.

Blinkenin Fransaya səfərindən məqsəd Parisin ABŞ, Britaniya və Avstraliya arasında yaradılmış hərbi paktdan narahatlığını azaltmaqdır.

XS
SM
MD
LG