Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Qırğız siyasətçilərin zəngin arvadları


Dollar.

Qırğızıstanda bəzi siyasətçilərin arvadları iri şirkətlərin sahibləridir və milyonlarla som qazanırlar.

Ölkə qanunvericiliyi dövlət qulluqçularına bizneslə məşğul olmağı qadağan edir.

Bu Orta Asıya respublikasında belə bir fikir var ki, bəzi məmurlar əmlaklarını arvadlarının adına qeydiyyatdan keçirərək biznesə nəzarəti davam etdirirlər.

Qırğızıstan prezidenti Almazbek Atambayevin ev tikdirdiyi torpaq sahəsi ilə bağlı müzakirə zamanı Bişkek meri Albek İbraimovun arvadının adı hallanmağa başlayıb. Məlum olub ki, Aynura İbraimova "Bir bol" ("Bir ol") fraksiyasının deputatı Ishak Pirmatovun arvadı Olga Atogurova ilə şərikli "TM-ORLAN & Group" şirkətinə nəzarət edir.

Buna da bax:​ 'Hizmet' Qırğızıstan siyasətində

TƏSDİQLƏYƏN DƏ VAR, İNKAR EDƏN DƏ

Daha sonra Ibraimov və Pirmatovun xanımlarının bu şirkətiylə bağlı yeni ayrıntılar ortaya çıxıb. "Ata meken" ("Ata vətən") fraksiyasının nümayəndələri bildiriblər ki, bu şirkət aviayanacaq satışı ilə məşğuldur. Albek Ibraimov və Ishak Pirmatov bu məlumatı təkzib ediblər. Pirmatov biznesi həyat yoldaşına deyil, başqa şəxsə ötürdüyünü deyib. O, xanımının bizneslə məşğul olması barədə məlumatı “yalan” adlandırıb.

"Sizin dedikləriniz, sadəcə, şayiədir. Xanımım hər hansı bizneslə məşğul olmur. O, şirkətin təsisçisidir. O, sahibkarları işə götürür. Təsisçi biznesmen deyil, icraçı orqandır. Bütün bunlar bəyannamədə göstərilib. Mən bütün işlərimi Baktygul Asekovaya ötürmüşəm", – deyə o bildirib.

Buna da bax:​ Deputatdan çoxarvadlılıq təşəbbüsü

"Ata Meken" fraksiyasının lideri Omurbek Tekebayev həyat yoldaşının bizneslə məşğul olduğunu açıq bəyan edib. Siyasi rəqibləri onun 2010-cu ildən sonra varlandığını iddia edincə, Tekebayev öz əmlakı barədə məlumatı açıqlayıb. Onun sözlərinə görə, ailə gəlirlərinin çox hissəsini arvadı qazanır:

"2005-ci ildə həyat yoldaşım yeddi sot torpaq aldı. O zaman torpaq indiki qədər baha deyildi. Ailənin əsas gəliri məhz bu torpaqdan çıxır. Biz ildə 3 - 4 milyon som (43 min – 57 min dollar - red.) qazanırıq. Bunun hamısı 10 ildir ki, bəyannamədə qeyd edilir. Bu pullara 60 illiyimdə üçotaqlı mənzil almışam”.

DƏYİRMAN BİZNESİ, İSTİRAHƏT VƏ TİBB MƏRKƏZLƏRİ

Bununla bağlı Qırğızıstan parlamentinin spikeri Chynybay Tursunbekovun xanımının da adı hallanır. 2015-ci ilin bəyannaməsində Tursunbekov bir milyon soma yaxın (14,4 min dollar), yaxın qohumlarınınsa 86 milyon soma qədər (təqribən 1 milyon 240 min dollar) pul qazandığını qeyd edib. Onun həyat yoldaşının dəyirman biznesi və İssık Kul gölü yaxınlığında iri istirahət mərkəzi var.

Buna da bax:​ Qırğızıstanda toylara xərclənən pullarla ölkənin xarici borcunu müqayisə edirlər

"Bir Bol" fraksiyasının deputatı Akylbek Zhaparovun xanımı Anaranın da adı zəngin məmur arvadları arasında çəkilir. Bu ailənin iri mehmanxanası, restoranı və paytaxtın mərkəzində çoxmərtəbəli evləri var. Bundan başqa, Ukraynanın "Roshen" şirkətinin məhsullarını ölkəyə gətirən yeganə şirkət olan «Tridas» şirkəti də Anara Zhaparovaya məxsusdur.

Keçmiş deputatlar Feliks Kulov və Akmatbek Keldibekovun da xanımlarının da adına bizneslərin olduğu bəllidir. Kulovun arvadının adına tibb mərkəzi və topdansatış mərkəzi qeydiyyatdan keçirilib.

MALAYZİYA TƏCRÜBƏSİ

"Kloop" nəşrinin apardığı araşdırma üzə çıxarıb ki, Akhmatbek Keldibekovun xanımı Aida Toktomatovanın adına Bolqarıstanda "Yevraziya - KQ" şirkəti qeydiyyatdan keçirilib. Bu şirkət taxta-şalban, avtomobil və avtomobil hissələrinin satışı, broker xidmətləri, sərnişin və yük daşımaları, mehmanxana və restoran biznesi, reklam, habelə tikinti və rieltor xidmətləri ilə məşğul olur.

Buna da bax: Qırğızıstan Avrasiya Birliyindən çıxa bilərmi? –'Kyrexit'

Keçmiş deputat, müxalif siyasətçi Begaly Nargozuev hesab edir ki, bu, qanundan yan keçməyin üsullarından, sadəcə, biridir. Onun sözlərinə görə, bəzi dövlətlərin bu məsələdə təcrübəsindən yararlanmaq yaxşı olardı.

"Malayziya inkişaf etməkdə olan dövlətdir. Orada deputatların biznes sahibi olmasına icazə verilir. Malayziyadan nümayəndə heyəti gələndə, onların deputatları müştərək biznes işlətməyi təklif edirdilər. Mən bizdə bunun qadağan olduğunu deyəndə onlar çox təəccübləndilər. Malayziyada buna icazə verilir. Orada korrupsiya da yoxdur. Bizdə isə, qanundan yan keçmək üçün əmlakı arvadlarının, yaxud uşaqlarının adına qeydiyyatdan keçirirlər. Əslində isə, bu biznesin arxasında onların özləri dayanır və buna rəhbərlik edirlər..."o deyir.

QAYNANANIN ADINA YAZDIRMAQ

Korrupsiya üzrə ekspert Erkayim Mambetailyeva qeyd edir ki, Qırğızıstanda sahibkarların öz bizneslərini qorumaq üçün deputat mandatı qazanması, yaxud dövlət vəzifəsi alması halları geniş yayılıb.

Buna da bax:​ Qırğızıstan prezidentindən Türkiyəyə sərt cavab

"Az-çox üzdə olan siyasətçilər əmlaklarını təkcə qohumlarının adına qeydiyyatdan keçirmirlər. Biz aşkar etmişik ki, əmlak həm də sürücülərin qohumlarının adına yazılır. O adamın bəlkə də belə əmlakı olmasından xəbəri də yoxdur. Bəzi ölkələrdə yaxın qohumlar siyahısına kimin daxil olduğu aydın göstərilir. Əmlakın onların da adına yazılmasını yasaqlayan normalar var. Bizdə əmlakı qaynananın da adına yazdırmaq olur. Hal-hazırda maraqlar münaqişəsinə dair qanun layihəsi müzakirə edilir. Bəzi iri iş adamlarının bizneslərini qorumaq və dəstəkləmək üçün dövlət vəzifələrinə gəldiyi sirr deyil", – deyə Mambetaliyeva bildirir.

Dövlət qulluqçuları və deputatlar hər il gəlir bəyannaməsi doldururlar. Hər il də ictimaiyyət onlardan bəzilərinin aşağı gəlirlərini görəndə təəccübünü gizlətmir.

XS
SM
MD
LG